Özbaşına tikintilər problemi niyə həll edilmir?

Özbaşına tikintilər problemi niyə həll edilmir?

-- '7 il əvvəl prezident sənədsiz evlərin...'

«Novoye Vremya» qəzetində «Özbaşına tikintilər problemi niyə həll edilmir?» sualı gündəmə daşınır. Yazıda oxuyuruq:
 
«Özbaşina tikintilər problemi dövrü olaraq diqqət mərkəzinə gəlir. Bakının Bayıl yamacında baş verən sürüşmə isə bir daha yada saldı ki, ölkədə və ən əvvəl Bakıda bu problem həllini tapmayıb. Baxmayaraq ki, ölkə prezidenti bu barədə hələ xeyli əvvəl danışıb və hətta tapşırıqlar da verib».
 
Müəllif xatırladır ki, 2011-ci ildə prezident Bakı Şəhər İcra Hakimiyyətində Bakı və Bakıətrafı qəsəbələrin inkişafına dair müşavirədə əsas diqqəti sənədsiz tikintilərin rəsmiləşdirilməsinə yönəldilib. Yazıda qeyd edildiyinə görə, dövlət başçısı neqativ hallara yol vermədən problemi həll etmək tapşırığı verib:
 
«Özbaşına tikintilər məsələsi meydana təsadüfən çıxmayıb. O zaman belə tikintilərin sayı 400 mindən çox olub. Belə evlər adətən dəmir yolları zolaqları boyunca olan yerlərdə, Dövlət Neft Şirkətinin ərazilərində və sairə tikilib. İnsanları bu özbaşına tikilmiş evlərdən çıxarmaq çox hallarda toqquşmalarla müşayiət edilib. Həm də aydın olub ki, problemi bu yolla həll etmək mümkün deyil, faktiki insanlar küçədə qalacaqlar».
 
Yazıda vurğulanır ki, özbaşına tikintilərin bu həddə gəlib çatmasında ilk növbədə günahkar olan yerli orqanlar bunu həll etmək gücündə deyil. Müəllif xatırlayıb ki, bu məsələ ilə bağlı sənəd 2011-сi ilin noyabrında Milli Məclisə təqdim edilib, amma məsələyə baxış nəticəsiz başa çatıb.
 
Müəllif həmin evlərin sənədləşdirilməsi yollarına toxunur. Yazıda güman edilir ki, əgər vətəndaşlar qanuni yolla getsələr belə, məmurlar onlardan sıravi vətəndaşın gücü çatmayan pul tələb edəcək:
 
«İndiki status-kvo bu məsələdə şəxsi maraqları olan dövlət orqanları rəhbərlərini təmin edir. Belə ki, özbaşına tikintilərin sakinləri daim onların tilovundadır və onlardan daim pul qoparmaq olar».(azadliq.org)
 

Google+ WhatsApp ok.ru