Şeyx Sərdar həbsdə saxlanıldı – apelyasiya məhkəməsinin qərarı - FOTO - YENİLƏNİB

Şeyx Sərdar həbsdə saxlanıldı – apelyasiya məhkəməsinin qərarı - FOTO - YENİLƏNİB

Bu gün Şirvan şəhər apelyasiya məhkəməsində, namaz məhbusu, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin şikayəti əsasında saat 9:30-da məhkəmə prosesinin keçirilib.
 
Maide.Az-ın məlumatına görə, məhkəmə apelyasiya şikayətini təmin etməyib və Masallı rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb. 
 
Vəkil Yalçın İmanov Maide.az-a bildirib ki, çoxlu sayda polis əməkdaşları, PPX avtomobilləri ərazidə idi. “Məhkəməyə heç kim buraxılmırdı. Yalnız biz vəkillər və yeddi nəfər ailə üzvü məhkəmədə iştirak edə bildi. Hətta bizi də əvvəl məhkəmə zalına buraxmaq istəmirdilər. Vəkillər məhkəmədə çıxış etməkdən imtina etdi. Yalnız Şeyx Sərdar özü danışdı və qanunsuz həbs edildiyini bildirdi. Qısa müşavirədən sonra hakimlər Masallı rayon məhkəməsinin qərarını qüvvədə saxladı”.
 
Y. İmanov onu da bildirib ki, hökmdən kassasiya şikayəti veriləcək.
 
Vəkil Cavad Cavadov Maide.Az-a açıqlamasında bildirib ki, məhkəmənin qərarı qüvvədə saxlaması bir daha ədalətsiz addım atıldığın göstərdi. Həmçinin məhkəməyə yaradılan süni maneələr də qəbuledilməzdir. C.Cavadov Şeyx Sərdarın ona dəstək verən hər kəsə təşəkkür etdiyini də əlavə edib. 
 
Qeyd edək ki, bu gün keçirilən məhkəmə ilə əlaqədar Şirvan şəhərində Apelyasiya Məhkəmə binasının qarşısında çox sayda YPX və PPX əməkdaşları olub. Məhkəməyə gedən yolları bağlayan polis əməkdaşları məhkəmədə iştirak etmək istəyənləri ərazidən uzaqlaşdırıb. 
 
Xatırladaq ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayonunun məscidində namaz qıldığına və dini söhbətlər etdiyinə görə rayonun icra başçısı onun barəsində polisə şikayət edib. Şikayət əsasında ruhaniyə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib. 
 
İyul ayının 3-də Masallı Rayon Məhkəməsində Anar Almuradlının sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdara hökm oxunub. Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru