ƏHLİ-BEYTİN (Ə) FƏZİLƏTLƏRİ – “SİRATİ-MÜSTƏQİM” (DOĞRU YOL) AYƏSİ (27)

Qurani-Kərimdə Əhli-beyt imamlarının (ə) üstünlüyünə işarə edən, onları İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən, eləcə də, onların vilayət və imamətini dolayısı ilə sübuta yetirən ayələrdən biri “Sirati-müstəqim” adını daşıyan və gündəlik namazlarda oxuduğumuz “Həmd” surəsinin 6-cı ayəsidir. Bu ayədə belə buyurulur:

أِهْدِنَا الصِّرَاطَ المُسْتِقِيمَ

“İlahi! Bizi doğru yola hidayət et!”

Elə bir yola ki, bizi Sənin razılığını qazananlara çatdırsın, qəzəb etdiyin şəxslərin və azğınların yolundan ayırsın! İlahi! Bizi bu yola hidayət et, bu yolda sabitqədəm saxla.

Şübhəsiz, “sirati-müstəqim” (doğru yol) geniş məna daşıyır. Bəzi alimlər onu “İslam”, bəziləri “Quran”, bəziləri “Peyğəmbər (s) və həqiqi imamlar”, bəziləri “ilahi ayin”, bəziləri də “ilahi peyğəmbərlərin qayda-qanunları” kimi təfsir etmişlər. Bunların hər biri həmin geniş məfhumda özünə yer tapır. Amma müxtəlif sənədlərlə Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir çox rəvayətlərə görə, burada doğru yolun ən bariz nümunəsinə toxunulmuş, imam Əmirəlmöminin Əli (ə), yaxud Mühəmməd (s) və ali-Mühəmmədin yolu göstərilmişdir. Məşhur əhli-sünnə alimi Hakim Həskaninin “Şəvahidut-tənzil” kitabında Cabir ibn Abdullah Ənsaridən (o da Peyğəmbəri-Əkrəmdən (s)) nəql etdiyi hədisdə buyurulur:

اِنَّ اللهَ جَعَلَ عَلِيّاً وَزَوْجَتَهُ وَاَبْنائَهُ حُجَجُ اللهِ عَلى خَلْقِهِ وَهُمْ اَبْوابُ الْعِلْمِ فِى اُمَّتِى، مَنْ اِهْتَدى بِهِمْ هُدِىَ اِلى صِراطٍ مُسْتَقِيمٍ:

“Allah Əlini, onun zövcəsini (Fatimeyi-Zəhranı) övladlarını məxluqlar üzərində ilahi höccət seçmişdir. Onlar mənim ümmətim içərisində elm qapılarıdır. Hər kəs onlar vasitəsilə hidayət olunsa, doğru yolu tutar!” (“Şəvahidut-tənzil”, 1-ci cild, səh.58, hədis 89.)

Başqa bir hədisdə isə İbn Abbas Peyğəmbəri-Əkrəmin (s) imam Əliyə (ə) belə buyurduğunu nəql edir:

اَنْتَ الطَّرِيقُ الْواضِحُ وَاَنْتَ الصِراطُ الْمُسْتَقِيمُ وَاَنْتَ يَعْسُوبُ الْمُؤمِنِينَ!:

“(Ya Əli!) Sən aydın doğru yol, möminlərin rəhbərisən!” (“Şəvahidut-tənzil”, 1-ci cild, səh.58, hədis 88.)

Üçüncü bir hədisdə İbn Abbas “İhdinəs-siratəl-mustəqim” (İlahi, bizi doğru yola hidayət et!) – ayəsinin təfsirində deyir: Ey Allahın bəndələri! Deyin ki, ilahi, bizə Peyğəmbər onun Əhli-beytinin məhəbbətini nəsib et!” (“Şəvahidut-tənzil”, 1-ci cild, səh.87.)

Dördüncü bir hədis Əbu Büreydədən nəql olunur və o deyir: “Doğru yolda məqsəd Mühəmməd (s) və onun Əhli-beytidir!” (“Şəvahidut-tənzil”, 1-ci cild, səh.87. hədis 88.)

Bu hədisi Əllamə Sələbi (“Təfsir” kitabında – səh. 345.) və Şeyx Übeydullah Hənəfi (“Ərcəhül-mətalib” kitabında – səh.85.) Əbu Hüreyrədən nəql etmişdir.

“Şəvahidut-tənzil” kitabında qeyd olunan beşinci hədis Əbdürrəhman ibn Zeyddən nəql olunur. Onun atası “Siratəl-ləzinə ənəmtə ələyhim” (Nemət verdiyin şəxslərin yoluna (hidayət et)!) – ayəsinin təfsirində deyir: Onlar (nemət verilən kəslər) Peyğəmbər, onunla birgə olan həzrət Əli ibn Əbu Talib onun şiələridir!” (“Şəvahidut-tənzil”, 1-ci cild, səh.66, hədis 105.)

Bu haqda şiə mənbələrində rəvayət çoxdur. Məsələn, imam Sadiq (ə) “Siratəl-ləzinə ənəmtə ələyhim” – ayəsinin təfsirində buyurmuşdur: Məqsəd, Mühəmməd (s) onun övladlarıdır!” (“Nurus-səqəleyn”, 1-ci cild, səh.23, hədis 101.)

Bütün bunlar göstərir ki, “sirati-müstəqim”in (doğru yolun) xaricdə ən aydın və ən bariz nümunəsi Peyğəmbər (s), imam Əli (ə) və xanım Fatimeyi-Zəhranın (ə.s) məsum övladlarıdır. Deməli, kim onların vilayətinə bağlanıb, onları özünə örnək seçsə, sözsüz, Allahın haqq yoluna düşəcək və azğınlıqdan uzaq olacaqdır! (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.286-288.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru