Bəqərə, 65. Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara dedik: «Meymun və (Bizim dərgahımızdan) qovulmuşlar olun!» (Onların bu cür olmalarını istədik, elə bu cür də oldular).

Həzrət Əli (ə) buyurur:
“Az tapılır ki, insan qarınqulu olduğu halda, xəstələnməsin.”



“Nur” surəsi - audio

Mədinədə nazil olmuşdur, altmış dörd ayədir

Tarix : 09-06-2014 16:57

Bağışlayan və mehriban Allahın adı ilə.

1. (Bu,) Bizim bəlkə ibrət götürəsiniz deyə nazil etdiyimiz, (məzmununa əməl etməyi) vacib buyurduğumuz və içində (tovhid və dini maarif barəsində) aydın ayə və dəlillər nazil etdiyimiz bir surədir.

2. (Ey müsəlmanların adil hakimləri,) zina etmiş qadınla zina etmiş kişinin hər birinə yüz şallaq vurun. (Əlbəttə, bu o şəraitdədir ki, onun həyat yoldaşı olmasın, onlar bir-birləri ilə məhrəm olmasınlar və zina icbari zina və yaxud kafirin müsəlman qadınla zinası qismindən olmasın). Əgər Allaha və axirət gününə imanınız varsa, məbada Allahın dinində (onun icrasında) o ikisinə (zinakarlara) qarşı mərhəmət və ürəyiyumşaqlığa düçar olasınız! Və gərək o ikisinin əzabına möminlərdən bir dəstəsi şahid olsun.

3. Zinakar kişi (təbii ki,) zinakar və ya müşrik qadından başqası ilə evlənməz (və o, əsla iffətli qadının arxasınca getməz) və zinakar qadını (təbii ki,) zinakar və ya müşrik kişidən başqası almaz. Bu (cür ailə qurmaq iffətlərinə görə) möminlərə qadağan edilmişdir.

4. Və (ey müsəlmanların işlərinin başçıları,) iffətli qadınlara zina isnad verib sonra (öz iddialarının isbatı üçün) dörd kişi şahid gətirməyən kəslərə səksən şallaq vurun və daha heç vaxt onların şahidliklərini qəbul etməyin. Onlar həqiqətən, fasiqdirlər.

5. Ondan (vurduqları töhmətdən) sonra (batinlərində) tövbə edən və (töhmətə görə verilən ilahi cəza müqabilində təslim olmaqla və ya töhmət vurduğu şəxsi razı salmaqla özünü) düzəldən kəslər istisnadırlar. Şübhəsiz, Allah bağışlayan və mehribandır.

6. Öz arvadlarına zina isnad verib özlərindən başqa bir şahidləri olmayan kişilərin birinin (dörd şahid gətirmədiyi üçün, töhmət vuran şəxslərə təyin edilmiş cəza növünü onun boynundan götürən) şahidliyi özünün doğruçulardan olması barəsində Allaha dörd dəfə (and içərək) şahidlik etməsidir. (O, dörd dəfə belə deməlidir: «Allahı dediklərimdə doğruçu olduğuma şahid gətirirəm»).

7. Beşinci şəhadət(də belə deməlidir): Əgər yalançılardan olsa Allah ona lənət etsin! (Bu şəhadətdən sonra kişi üçün şahidsiz irəli sürdüyü ittihama görə şəriətdə nəzərdə tutulmuş cəza hökmü götürülür və qadın məhkum olunur).

8. İttiham edilən qadından (da) əzabı (şəriətdə təyin edilmiş cəzanı) «o kişi (ona zina nisbət verməkdə) həqiqətən, yalançılardandır» – deyə dörd dəfə Allaha şəhadət verməsi götürür.

9. Beşinci şəhadət(də isə) «əgər o kişi doğruçulardandırsa Allah ona (mənə) qəzəb eləsin!» deməlidir.

10. Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı və Allah tövbə qəbul edən və hikmət sahibi olmasaydı (çoxdan günahlarınızın ağır cəzasına düçar olardınız).

11. Şübhəsiz, o böyük böhtanı (Peyğəmbərin (s) zövcələrindən birinə pis iş isnad vermək böhtanını araya) gətirənlər siz(in özünüz)dən olan mütəşəkkil və yekdil bir dəstədirlər. Onu öz ziyanınıza saymayın, əksinə, o sizin xeyrinizədir. (Çünki o, pakların bəraət qazanmalarına və yalançı və münfiqlərin rüsvay olmalarına səbəb olur). Onların hər biri üçün qazandığı günahın cəzası vardır. Onlardan bu böhtanın əsas hissəsini öhdəsinə götürən (onu yaymaqla daha çox məşğul olan və daha çox etiraz edən) kəs üçün isə böyük bir əzab vardır.

12. Nə üçün onu eşidəndə (sizdən olan) mömin kişi və qadınlar bir-birləri barəsində yaxşı gümanda olmadılar və «bu aşkar bir böhtandır» demədilər?!

13. Nə üçün ona (həmin ittihama) dörd kişi şahid gətirmədilər?! Şahidləri gətirmədikləri üçün Allahın yanında onlar özləri yalançıdırlar. (Çünki şahid olmayan təqdirdə hətta insanın özü bilsə belə zina isnad vermək şəriət və axirət cəzası baxımından yalan hökmündədir).

14. Əgər dünyada və axirətdə Allahın sizə lütf və mərhəməti olmasaydı girişdiyiniz işə görə sizə mütləq böyük bir əzab yetişərdi.

15. O zaman onu (həmin böhtanı) bir-birinizin ağızından götürür, barəsində məlumatınız olmayan şeyi dilinizlə deyir və onu asan sanırdınız. Halbuki o, Allah yanında böyük (günah) idi.

16. Nə üçün onu eşidən zaman «bunu (bu sözü) dilimizə gətirmək bizə yaraşmaz və caiz deyil; paksan Sən (ey Allah), bu, böyük bir böhtandır» demədiniz?!

17. Allah sizə nəsihət verir ki, əgər imanınız varsa (bir də) heç vaxt belə şey etməyəsiniz.

18. Və Allah sizə ayələri (hökmləri, əmr və qadağaları) bəyan edir. Allah bilən və hikmət sahibidir.

19. Həqiqətən, iman gətirənlərin arasında çirkin əməlin yayılmasını (birinin pis işinin faş olmasını və ya həmin pis əməlin cəmiyyətdə yayılmasını) sevənlər (və bu istiqamətdə fəaliyyət göstərənlər) üçün dünya və axirətdə ağrılı bir əzab vardır. Allah (onun pis nəticə və aqibətini) bilir, siz isə bilmirsiniz.

20. Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı və Allah şəfqətli və mehriban olmasaydı (bu günahın cəzası sizi haqlayardı).

21. Ey iman gətirənlər, Şeytanın addımlarına tabe olmayın. Kim Şeytanın addımlarına tabe olsa, şübhəsiz, o, pis və çirkin işə əmr edir. Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (pis əqidə, əxlaq və əməldən) pak olmazdı. Lakin istədiyini (kamillik mərhələlərində) paklaşdıran Allahdır. Allah (hər şeyi) eşidən və biləndir.

22. Sizin maddi baxımdan üstün və dolanışıqda rifah içində olanlarınız qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə bəxşiş verməkdə simiclik etməsinlər və bəxşişi tərk etməyə and içməsinlər. Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır.

23. Həqiqətən, iffətli, (günahdan) xəbərsiz, imanlı qadınlara zina isnad verən kəslər dünyada və axirətdə lənətlənmişlər və onlar üçün böyük bir əzab vardır.

24. O gün ki, dilləri, əlləri və ayaqları onların ziyanına, (dünyada) etdiklərinə şəhadət verəcəklər.

25. Allah həmin gün onların (əqidə və əməllərinin) haqq cəzasını tam şəkildə əda edəcəkdir və onlar (əyani şəkildə gördükdən sonra yəqinliklə) Allahın həmin sabit haqq və (camal və cəlalı axirət aləmində kamil şəkildə cilvələndiyi üçün tam) aşkar olmasını biləcəklər.

26. (Əqidə, əxlaq və əməldə) xəbis qadınlar xəbis kişilər üçün və xəbis kişilər xəbis qadınlar üçündürlər (onlar zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar). Həmçinin (pis əqidə, əxlaq və əməldən) pak qadınlar pak kişilər üçün və pak kişilər pak qadınlar üçündürlər (bunlar da öz nürani zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar). Onlar (paklar başqalarının onlar barəsində) dediklərindən pak və uzaqdırlar. Onlar üçün (dünya və axirətdə) bağışlanma və dəyərli ruzi vardır.

27. Ey iman gətirənlər, öz evinizdən başqa heç bir evə icazə almayınca və həmin evin adamlarına salam verməyincə daxil olmayın. Bu sizin üçün daha yaxşıdır. Bəlkə ibrət götürdünüz.

28. Əgər onda bir kəsi tapmasanız, (sahibi tərəfindən) sizə icazə verilməyincə ora daxil olmayın. Əgər «qayıdın» deyilsə, qayıdın. O, sizin üçün daha tpakdır. Allah, etdiklərinizi bilir.

29. İçərisində işiniz və mənafeyiniz olan yaşayışsız evlərə (və ümumi məkanlara) daxil olmaq sizin üçün günah deyil. Allah (niyyət və işlərinizdən) aşkar etdiyinizi də, gizlətdiyinizi də bilir.

30. Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini (ondan) çevirsinlər və ayıb yerlərini (görünməkdən) qorusunlar. Bu onlar üçün daha pakdır. Həqiqətən, Allah onların etdiklərindən xəbərdardır.

31. Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini (ondan) çevirsinlər və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Ayağına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız.

32. (Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir.

33. Evlənmək (imkanı) tapmayanlar, Allah Öz lütfü ilə onların ehtiyaclarını aradan qaldırana kimi gərək iffətli olsunlar. (Qullardan özlərini almaq və pulu tədricən vermək üçün) yazılı müqavilə istəyənlərlə, əgər onlarda bir xeyir (həmin məbləği ödəmək və müstəqil həyat sürmək qüdrəti) bilsəniz, onlarla yazılı müqavilə bağlayın və Allahın sizə verdiyi ilahi maldan (zəkatın qulun azad olunmasında istifadə üçün müəyyənləşdirilmiş hissəsindən) onlara verin (ki, özlərini azad etsinlər). Və iffətli olmaq istəyən cavan kənizlərinizi, dünya malı tələbi ilə zinaya məcbur etməyin. Kim onları məcbur etsə, həqiqətən, Allah onların məcbur edilmələrindən sonra (məcbur edilənə icbara məruz qaldığı üçün, məcbur edənə isə tövbə edəcəyi təqdirdə) çox bağışlayan və mehribandır.

34. Həqiqətən, Biz (bu Quranda) sizin üçün aydınlıq gətirən ayələr, sizdən qabaq (ötüb) keçənlərdən xəbər və sifətlər, təqvalılar üçün öyüd-nəsihət nazil etdik.

35. Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nurunun (din və kitabının) məsəli içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur. O çıraq (məkan baxımından) nə (günəşin əsr çağı saçdığı) şərqə, nə də (sübh çağı saçdığı) qərbə məxsus olmayan (əksinə günəşin həmişə saçdığı bir məkanda olan) çox bərəkətli bir zeytun ağacından (onun yağı ilə) yanır. Onun yağı hətta ona od toxunmasa belə, (saflıq və şəffaflıqdan) az qalır işıq saçsın. (Yağın, çırağın, şüşənin və çıraqqabının nuru) bir-birinin üstünə yığılmış nurlardır (yəni Allahın nur olması təsəvvür olunmaz dərəcədə yüksəkdir). Allah istədiyini (xüsusi hidayət ilə) Öz nuruna (dininə) tərəf yönəldir. Allah insanlara misallar çəkir. Allah hər bir şeyi biləndir.

36. (Bu ilahi nur) Allahın (ad, məqam və binalarının) ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyi evlər (məscidlər və məsumların məqbərələrin)dədir. Həmin evlərdə səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər.

37. Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər. Onlar ürəklərin və gözlərin pərişan və fərqli olacağı gündən qorxurlar.

38. (Onlar Allahı zikr etməklə məşğuldurlar) ki, Allah onlara etdiklərinin ən gözəl mükafatını versin və Öz lütfündən onlara (verilən mükafatı) artırsın. Allah istədiyinə hesabsız (əməllə müqayisə etmədən) ruzi verir.

39. Kafirlərin (ibadət, sədəqə və ixtira kimi) bütün (xeyir) əməlləri hamar yerdəki ilğım kimidir ki, susuz (insan uzaqdan) onu su sayar, nəhayət (gəlib) çatanda onun (heç) bir şey olmadığını görər. (Kafirin ölümü onun həmin ilğıma çatmasıdır ki, onda bütün əməllərinin puç olduğunu görər). Və Allahı yanında görər və O, onun (əməllərinin) hesabını tamamilə ödəyər (Allah onun yaxşılıqlarının ilğıma çevrilməsinə səbəb olan küfrünün və digər günahlarının cəzasını verər). Allah tez haqq-hesab çəkəndir (hesab günü əməllərin toplanması, zamanın keçməsi və əməl sahiblərinin çoxluğu hesabın vəd olunan vaxtda tez yerinə yetirilməsinə mane olmur).

40. Yaxud (da kafirlərin şər əməlləri) dərin dənizdə üzərində daha bir dalğa olan dalğanın örtdüyü və onun da üstündə bir bulud olan qaranlıqlar(ın altda qalıb batan şəxsə nisbəti) kimidir. Bir-birinin üzərinə yığılmış qaranlıqlardır ki, əgər o, əlini çölə çıxar(araq gözünün qabağında tut)sa onu asanlıqla görməz. (Səhv inanclar, çirkin əxlaq və haram əməllər dünyada onun qəlbinin fəzasında, axirətdə isə başının üstündə duracaq zülmətlərdir). Allahın nur vermədiyi kəsin heç vaxt nuru olmayacaqdır.

41. Məgər göylərdə və yerdə olan hər bir kəsin, həmçinin (göydə) qanad aç(ıb uç)an quşların Allahı pak sifətlərlə mədh etmələrini (qəlb gözü ilə) görmürsən?! Onların hər biri (xilqətdə verilmiş bacarığı və istəyi ilə) öz dua, itaət, namaz və zikrini bilmişdir. Allah onların etdiklərini bilir.

42. Göylərin və yerin həqiqi sahiblik və hökmranlığı Allaha məxsusdur. (Çünki onların yaradılmaları, qorunmaları, idarə olunmaları və yox edilmələri – bunların hamısı Onun istəyi ilədir). Və (həyata gəlib sonra ölən hər bir kəsin) qayıdış(ı) Allaha tərəfdir.

43. Məgər görmürsənmi ki, Allah (müxtəlif istiqamətlərdən) buludu yavaş-yavaş qovur sonra onu(n parçalarını) bir-birinə qovuşdurur, daha sonra onları üst-üstə yığır? Beləliklə onun (buludun) arasından yağışın çıxdığını görürsən. Həmçinin (Allah) göydən, onda olan donmuş bulud dağlarından qar və dolu nazil edir. Onun vasitəsi ilə (dünyada cəzalandırmaq) istədiyi qövmə ziyan vurur və onu, istədiyi qövmdən sovuşdurur. Onun şimşəyinin parıltısı az qalır gözləri(n işığını) yox etsin.

44. Allah gecə-gündüzü dəyişdirir (onların birini digərinin arxasınca gətirir və yaxud birindən azaldaraq digərinə artırır). Həqiqətən, bunda (bu dəyişkənlik və onun mənşəyində) bəsirət sahibləri üçün bir ibrət (və Allahın tovhid, qüdrət və hikmətinə dair bir dəlil) vardır.

45. Allah hər bir canlını sudan yaratmışdır. Onların bəzisi (ilan, balıq və digər sürünənlər) qarnı üstə sürünür, bəzisi (insan və quşlar kimiləri) iki ayağı üstə yeriyir və bəzisi dörd ayağı üstə yeriyir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir.

46. Şübhəsiz, Biz aydınlıq gətirən ayələr nazil etmişik. Allah (ümumi hidayətdən sonra) istədiyini doğru yola (mənəvi kamilliklərə) tərəf yönəldir.

47. (Münafiqlər) «Allaha və bu peyğəmbərə iman gətirdik və itaət etdik» deyir, sonra bunun ardınca onların bir dəstəsi üz döndərirlər. Onların (iman iddiasında olanlarının) heç biri iman gətirən deyildirlər.

48. (Mövcud ixtilaf və çəkişmə barəsində) aralarında (peyğəmbərin) hakimlik etməsi üçün Allaha və Onun Peyğəmbərinə tərəf çağırıldıqları zaman onların bir dəstəsi dərhal (Peyğəmbərin yanına getməkdən) üz döndərərlər.

49. Və əgər (həmin çəkişmədə) haqq onların tərəfində olsa, təslim və itaətkarlıqla ona tərəf gələrlər.

50. Onların qəlblərində xəstəlik (iman zəifliyi xəstəliyi) var, yoxsa (imandan sonra) şəkk-şübhəyə düşüblər? Yoxsa Allahın və Onun Peyğəmbərinin (hakimlik edən zaman) onlara zülm etmələrindən qorxurlar? (Bunların heç biri deyil,) əksinə, onlar (batini nifaqlarına görə) doğrudan da zalımdırlar.

51. Möminlər (mövcud ixtilaf və çəkişmə barəsində) aralarında (peyğəmbərin) hakimlik etməsi üçün Allaha və Onun Peyğəmbərinə tərəf çağırıldıqları zaman onların sözləri yalnız «eşitdik və itaət etdik» olar. Həqiqi nicat tapanlar onlardır.

52. Kim Allaha və Onun Peyğəmbərinə itaət etsə, Allahdan qorxsa və Ondan çəkinsə, belələri həqiqətən, uğur qazananlardır.

53. Özlərinin ən möhkəm andları ilə Allaha and içdilər ki, əgər onlara (cihada getməyi və ya evlərindən çıxmağı) əmr etsən, mütləq çıxacaqlar. De: «And içməyin, (sizə) gözəl və səmimi itaət (vacib)dir (and içmək yox)! Əlbəttə, Allah, etdiklərinizdən xəbərdardır».

54. De: «(Bütün hökmlərdə) Allaha itaət edin və (işlərin ixtiyar sahibi kimi verdiyi göstərişlərdə) bu Peyğəmbərə itaət edin. Beləliklə, əgər üz döndərsəniz (bilin ki,) onun borcu yalnız boynuna qoyulmuş vəzifəni (ilahi tapşırıqları) çatdırmaq, sizin borcunuz isə boynunuza qoyulmuş vəzifə(ni qəbul edərək ona əməl etmək)dir. Əgər ona itaət etsəniz, doğru yolu taparsınız. Peyğəmbərin vəzifəsi yalnız aşkar (tapşırığı) çatdırmaqdır. (Hökmlərin icrası imamət məqamının, dünya və axirətdə cəza vermək isə Allahın işidir).

55. Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir. Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar. Kim bundan (bu böyük nemətdən) sonra nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər.

56. Namaz qılın, zəkat verin və bu Peyğəmbərə itaət edin ki, bəlkə rəhm olundunuz (Allah sizə rəhm etdi).

57. Küfr edən kəslərin yer üzündə (Allahı Öz hədəflərini gerçəkləşdirməkdə və ya düşmənlərini məhv etməkdə) aciz qoyacaqlarını güman etmə. Onların yeri oddur və (ora) doğrudan da pis bir sonluqdur.

58. Ey iman gətirənlər, sizin qullarınız və həddi-büluğa çatmayanlarınız (şəxsi yaşayış yerlərinizə daxil olanda qəflətən girməli deyil,) üç dəfə (üç vaxtda) icazə almalıdırlar: Sübh namazından qabaq, günorta paltarlarınızı çıxardığınız zaman və işa namazından sonra ki, (həmin) üç vaxt sizin xəlvət vaxtlarınızdır. Bundan (həmin üç vaxtdan) sonra sizə və onlara (icazəsiz daxil olmaq) günah deyildir, (çünki) onlar həmişə (ünsiyyət zərurəti üzündən) sizin ətrafınıza dolanırlar (və yaxud sizin bir-birinizlə işiniz olur, get-gəl edirsiniz və hər dəfə icazə almaq çətindir). Allah ayələri (hökmlərini) sizə bu cür bəyan edir. Allah bilən və hikmət sahibidir.

59. Uşaqlarınız (da) həddi-büluğa çatan zaman(dan sonra) onlardan qabaqkılar (onlardan qabaq həddi-büluğa çatmış şəxslər) icazə aldıqları kimi (sizin yatdığınız yerə daxil olmaq üçün həmişə) icazə almalıdırlar. Allah Öz ayələrini (hökmlərini) sizin üçün bu cür açıqlayır. Allah bilən və hikmət sahibidir.

60. (Heyz və hamiləlikdən kəsildiyi üçün təbii olaraq) evlənmək (cinsi yaxınlıq) meylləri olmayan qoca qadınların öz zinət və bəzəklərini göstərmədən (baş örtüyü və bu kimi üst) paltarlarını çıxarmalarında bir günah yoxdur. İffətli olmaları onlar üçün daha yaxşıdır. Allah eşidən və biləndir.

61. (Xüsusi olaraq) kora, topala, xəstəyə, (ümumilikdə isə) sizin özünüzə (bu on bir evdə:) öz evlərinizdə (övladlarınızın və yaxud həyat yoldaşlarınızın evlərində), atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın evlərində, açarları ixtiyarınızda olan evlərdə və dostlarınızda (onların evlərində) yemək yeməkdə günah yoxdur. (Həmin evlərə) hamılıqla və ya ayrı-ayrı (daxil olmaq, istirahət etmək, yemək və digər şeylərdən) istifadə etməkdə sizə bir günah yoxdur. Evlərə daxil olan zaman özünüzə (qohum və dindaşlarınıza) salam – Allah tərəfindən olan bərəkətli və pak bir salam verin. Allah, ayələri (hökmləri) sizin üçün bu cür açıqlayır ki, bəlkə düşünəsiniz.

62. (Həqiqi) möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş və (məsləhət, müharibə, cümə namazı və bayram tədbirləri kimi) mühüm ictimai işdə onunla birlikdə olanda icazə almayınca onun yanından getməyən kəslərdir. Allaha və Onun Peyğəmbərinə imanı olanlar səndən icazə istəyənlərdir. Buna görə də əgər bəzi işlərinə görə səndən icazə istəsələr, onlardan istədiyin kəsə icazə ver və Allahdan onlar üçün bağışlanmaq dilə. Allah çox bağışlayan və mehribandır.

63. Peyğəmbərin sizin aranızdakı (hər hansı bir din və dünya işindəki) dəvət və çağırışını sizdən birinin digərini dəvət və çağırması kimi hesab etməyin (və onu əhəmiyyətsiz saymayın). Həqiqətən, Allah (Peyğəmbərin dəvətindən sonra onun məclisindən) bir-birinin kölgəsində (xəlvətcə) yavaş-yavaş camaatın arasından çıxanları tanıyır. Buna görə də gərək Peyğəmbərin əmrindən çıxanlar onlara (dünyada) bir bəla və ya (axirətdə) ağrılı bir əzab gəlməsindən çəkinsinlər.

64. Bil ki, şübhəsiz, göylərdə və yerdə olanlar Allahın həqiqi mülküdür. (Çünki onların hamısının yaradılması, qorunması, idarə edilməsi və yox edilməsi Onun istəyinə tabedir). Şübhəsiz, O, sizin durumunuzu (cismani vəziyyətinizi, ruhi sifətlərinizi və ictimai mövqeyinizi) bilir və (Allah bütün insanların) Ona tərəf qaytarılacaqları gün, onları etdiklərindən xəbərdar edəcəkdir. Allah hər şeyi biləndir.



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:21
05:51
12:45
19:54
00:00
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

15-08-2018 23:26