'Boşalan kəndlər, aşıb-daşan paytaxt'

'Boşalan kəndlər, aşıb-daşan paytaxt'

-- «Rezin Bakı»...

«Novoye Vremya» qəzetində «Rezin Bakı» sərlövhəli yazı yer alır.
 
Yazıda paytaxt əhalisinin artımı ilə infrastrukturunun uyğun gəlməməsindən bəhs edilir. Mövzu miqrasiya məsələsi üzrə ekspert Azər Allahverənovla müzakirə edilib.
 
Müəllif yazıb ki, Dövlət Statistika Komitəsi bu il yanvarın 1-də Bakıda əhalinin sayının 2 milyon 262 min 560 nəfərə çatdığını bildirib. Müəllif vurğulayıb ki, ötən il paytaxt əhalisi 16 min 770 nəfər artıb, Bir kvadratkilometrə 1015 nəfər düşür.
 
Ekspert A.Allahverənov isə qəzetə bunları deyib:
 
«Paytaxt tikinti bumu dövründə həm ərazi, həm də əhali baxımından artıb. Paytaxta iş, yüksək maaş dalınca gələnlər tədricən işlə, maaşla təmin olunaraq, torpaq və ev almaqla Bakıda məskunlaşıblar. Əyalətlərdə olmayan yaxşı təhsil, səhiyyə xidmətiylə təmin ediliblər».
 
A.Allahverənov deyib ki, Bakıda demoqrafik situasiya daxili miqrasiya və daha çox Gürcüstandan olan azərbaycanlıların onda daşınmaz əmlak almaları hesabına dəyişib:
 
«Onlar üçün komfort şəhər həyatı reallığa dönür. Amma bu miqrasiyada əsas məqsəd iqtisadi problemləri həll etmək, Bakıda yüksək maaşa, yüksək gəlirə malik olmaqdır. Rəsmi məlumatlara görə, hazırda paytaxtda orta aylıq maaş 786 manatdır».
 
Ekspert hesab edir ki, paytaxtda əhalinin sayı rəsmi göstəricilərdə qeyd ediləndən çoxdur:
 
«Paytaxt qəsəbələrində hüquqi icazə olmamasına baxmayaraq, yüzlərlə ev tikilib. Regionlarda maliyyə böhranı və yoxsulluq son vaxtlar bütün ailə ilə birgə daxili miqrasiyaya səbəb olub».
 
Ekspert vurğulayıb ki, Azərbaycanda tərk edilmiş yüzlərlə yaşayış məntəqələri vardır.
 
Yazıda vurğulanır ki, son illər paytaxt əhalisinin sayı artsa da, infrastruktur buna uyğun deyil. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru