HAMI BU İKİ ƏMƏLİN HƏSRƏTİNİ ÇƏKƏCƏK!

HAMI BU İKİ ƏMƏLİN HƏSRƏTİNİ ÇƏKƏCƏK!

Bəlkə də dəfələrlə başımıza gəlib ki, keçmişimizin həsrətətini çəkmişik! Nə çox yaşlı insanlar da görmüşük ki, ömürlərinin son anlarında öz keçmişlərinin həsrətini çəkmişlər ki, axı nə üçün gəncliklərindən layiqincə bəhrələnməmiş və gənclik çağlarını bihudə keçirmişlər. Hətta biz özümüz də, bəzən, peşmançılıq hissləri ilə dilimizə bu sayaq sözlər cari etmişik: “Əgər keçmişə qayıtsaydıq, fılan işlər yerinə yetirər, bir daha keçmiş xətalara yol verməzdik!” Yaxud da, biz hansısa bir ölkəyə səfər etmək istədikdə, həmin ölkəyə səfər edən şəxsə müraciət edərək, onun təcrübələrindən yararlanmış, həmin ölkədə dərdə dəyəcək hansı ehtiyat və vəsaitlərin götürülməsi barədə məlumat əldə etmiş və beləcə, müəyyən qədər həyəcan və narahatlıqlarımızı aradan qaldırmışıq!

Axirət aləminə səfər də bundan istisna deyil! Əgər fərz edək, axirət aləminə gedib qayıdan və oranı görən bir kəslə rastlaşsaq, sözsüz, ilk növbədə ondan həmin aləm və orada insanın ehtiyac duyduqları haqda məlumat istəyəcəyik. Çünki bu məlumat bizim oradakı həyatmızı tam dəyişəcək və asanlaşdıracaqdır.

Bu məzmunda İslam Peyğəmbərindən (s) nəql olunan gözəl bir hədisdə buyurulur ki, hər gecə “ölüm mələyi” ölənlərin ruhlarına xitabən deyir: “Əgər dünyaya qayıtsaydınız, hansı işlərlə məşğul olardınız ki, axirət aləmində onlara daha çox ehtiyacınız vardır?!”

BİRİNCİ HƏSRƏT: “NİYƏ MƏSCİDƏ GETMƏDİK?”

Əziz Peyğəmbərimiz (s) buyurur: “Ölülər ölüm mələyi Əzrailə belə cavab verərlər: “Biz məscidlərdə namaz qılan möminlərin həsrətini çəkirik.” (“İrşadul-qulub”, səh.65.)

Bu cümlədən belə anlaşılır ki, axirət aləmində insanın dərdinə dəyəcək ən mühüm əməl məsciddə namaz qılmaq və ibadətlə məşğul olmaqdır. Əlbəttə, rəvayətlərdə də məsciddə ibadət etməyin fəzilətinə geniş yer ayrılmışdır. (“Mən la yəhzuruhul-fəqih”, 1-ci cild, səh.239.)

İKİNCİ HƏSRƏT: “NİYƏ ORUC TUTMADIQ?”

Yenə ölülər ölüm mələyinin cavabında deyərlər: “Biz həsrət çəkirik ki, nə üçün Ramazan ayında, özü də ən çətin şəraitdə oruc tutmadıq?!” Demək, ən çətin şəraitdə və qızmar isti günlərdə oruc tutmaq qiyamət durumunun yaxşılaşmasında ən təsirli əməldir.

Bir rəvayətdə Peyğəmbəri-Əkrəm (ə) buyurur: “İsti yay aylarında oruc tutmaq Allah yolunda cihad etmək kimidir.” (“Biharul-ənvar”, 96-cı cild, səh.257.)

Mübarək Ramazan ayı oruc tutmaq, məscidə getmək, namaz qılmaq, sədəqə vermək, xeyirxahlıqla məşğul olmaq, ruhu gözəl əməllərlə yükləmək və çirkinliklərdən təmizləmək, bir sözlə, Allahla rabitəni möhkəmlətmək üçün böyük bir fürsətdir. Bu fürsəti qaçırmayaq, yoxsa bir gün gələcək ki, heyifsilənəcək, həsrət çəkəcəyik! Artıq o zaman gec olacaq, əlimizdən bir iş gəlməyəcək!

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru