''Məhsul istehsalına görə Azərbaycan MDB-də ən sonlardadır''

''Məhsul istehsalına görə Azərbaycan MDB-də ən sonlardadır''

“Azərbaycanın ərzaq malları ilə özünütəminat səviyyəsi 50 faizdir. Əksər MDB ölkələrinin qida məhsulları ilə təminat səviyyəsi isə yüksələn xəttlə gedir. Xüsusən Belarusiya, Ukrayna, Ermənistan, Qırğızıstan, Rusiya - istehlak normasından çox məhsul istehsal edir”, - kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov belə deyir.
 
O bildirir ki, bu ölkələrin istehsal etdiyi əlavə məhsullar isə ixraca yönəlir, ölkəyə valyuta gətirir:
 
“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi qida normasına uyğun olaraq adambaşına ət norması il ərzində 84 kiloqram olduğu halda, 2015-ci ildə Belarusiya 131 kiloqram ət və ət məhsulları istehsal etməklə MDB-də lider olub. Normadan aşağı olsa da ikinci yerdə 65 kiloqramla Rusiya, üçüncü yeri adambaşına 55 kiloqram ət istehsal etməklə Ukrayna tutur. Azərbaycan isə il ərzində adambaşına 31 kiloqram ət istehsal etməklə bu siyahıda axırdan ikinci yerdədir. Ətə olan təlabatın yalnız 38 faizini təmin edir. Sonuncu yerdə isə Tacikistandır”.
 
Vahid Məhərrəmov deyir ki, Belarusiya süd və süd məhsullarına olan ehtiyacını tam ödəməklə yanaşı təxminən bir o qədər də məhsul ixrac edir:
 
“MDB ölkələri sırasında adambaşına 742 kiloqram süd istehsal edərək Belarusiya birinci yerdə, Qazaxıstan 293 kiloqramla ikinci, Ukrayna 249 kiloqramla üçüncü yerdədir. Azərbaycan adambaşına süd istehsalına görə Tacikistan və Moldovadan irəlidə olsa da, Ermənistandan və digər MDB ölkələrindən geridə qalır. Bu göstərici Azərbaycan üzrə 202, Ermənistan üzrə isə 242 kiloqramdır. İstehsal olunan süd və süd məhsulları ölkə əhalisinin təlabatının yalnız 55 faizini təmin edir”.
 
  Vahid Məhərrəmov deyir ki, Ermənistan Azərbaycandan 2,6 dəfə çox tərəvəz, 2,9 dəfə çox kartof istehsal edir:
 
“Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2015-ci ildə Azərbaycan adambaşına 89 kiloqram meyvə və giləmeyvə istehsal etdiyi halda, Ermənistanda bu göstərici 131 kiloqramdır. Adambaşına tərəvəz istehsalı Azərbaycanda 134, Ermənistanda isə 349 kiloqram (2,6 dəfə çox) olub. Adambaşına kartof istehsalı Ermənistanda Azərbaycanla müqayisədə 2,9 dəfə çoxdur. Belə ki, 2015-ci ildə Ermənistan adambaşına 256 kiloqram kartof istehsal etdiyi halda, Azərbaycanda bu göstərici 88 kiloqram olub. Beləliklə, Azərbaycan kənd təsərrüfatı məhsulu istehsalı və istehlakı üzrə MDB-də ən geridə qalan ölkələrdən biridir”.
Prezident İlham Əliyev bu il aprelin 11-də kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqda sərancam imzaladı. Sərəncamda ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun inkişafı nəzərdə tutulur. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması da planlardan biridir.
 
Bundan əlavə, hökumət 2017-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı yol xəritəsini açıqladı.
Sənəd prezidentin rəsmi internet saytında var. 177 səhifəlik xəritədə 9 strateji hədəf müəyyən edilib. Hədəflər kənd təsərrüfatının müxtəlif istiqamətlərini əhatə edir.
 
Deyilir ki, “Kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılması” hədəfinə çatmaqdan ötrü həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli istehsal potensialının gücləndirilməsi nəzərdə tutulur.
 
Xəritədə deyilən fəaliyyətlərin reallaşdırılmasından ötrü azı 1 milyard 170 milyon manat investisiya tələb olunur.
 
Vahid Məhərrəmov isə bildirir ki, son illər aqrar sektora yönələn böyük məbləğdə maliyyə resursları heç bir işə yaramayıb.
 
Regionların inkişafı adı ilə ayrılan 50,7 milyard manat dövlət vəsaitlərini nəzərə alsaq, bu sahədə sürətli inkişaf olmalıydı. Əhali də bunun nəticəsini həm məhsulun qiymətində, həm də keyfiyyətində görməliydi:
 
“Eləcə də fermerlərin həyat səviyyəsi xeyli yaxşılaşmalıydı. Təəssüflər olsun ki, bunların heç biri müşahidə olunmur. Bazarlarda yenə qıtlıq, qiymətlər isə bahadır. Fermerlər əkib-becərməyə meyilli deyillər. Çünki becərdikləri məhsuldan mənfəət əldə edə bilmirlər. Dövlət hesabına ayrılan maliyyə resurslarının aqrar sahəyə müsbət təsiri yoxdur. Həmin vəsaitlərdən sadəcə, oliqarx-məmurlar bəhrələndilər”.(meydantv)
 

Google+ WhatsApp ok.ru