'Nefti benzinə çevirsəydik, 5 dəfə artıq qazanardıq'

'Nefti benzinə çevirsəydik, 5 dəfə artıq qazanardıq'

İqtisadçı Natiq Cəfərli AI-95 markalı benzinin bahalaşmasına münasibət bildirib.
 
N.Cəfərli yazır ki, Azərbaycan nefti keyfiyyətlidir: «İtaliya və İsrail bizdən aldıqları xam neftdən Avro-5 standartında benzin, əla mühərrik yağı istehsal edib bütün dünyaya satır. 1 barrel neftdən 102 litr benzin, 5 litr mühərrik yağı, 170 şam alınır. Ümumiyyətlə, 1 barrel nefti emal edib satarkən, xam məhsuldan 5 dəfə artıq pul qazanmaq olur».
 
İqtisadçı hesab edir ki, böyük neft pulları gələn vaxt mənasız yarışlara, meqa-layihələrə milyardlar xərcləməkdənsə, bir müasir neftayırma zavodu tiksəydilər, indi AI-95 markalı benzin xaricdən alınmazdı: «Həmin zavodda istehsal etdiyimiz benzini, maşın yağını dünyaya satıb həm daha artıq pul qazanardıq, həm də ölkəni idman yarışlarından da çox tanıdardıq. Məsələn, dünyada avtomobillərə «Made in Azerbaijan» yazısı olan qablardan motor yağı töksəydilər, bu ölkəni daha çox tanıdardı. Yeri gəlmişkən, 5 litr keyfiyyətli motor yağı bu gün, az qala, 1 barrel xam neft qiymətinədir».
 
Yanvarın 13-dən Azərbaycanda AI-95 markalı benzinin qiyməti 95 qəpikdən 1 manat 5 qəpiyə yüksəlib.
 
Rəsmilər bunu AI-95 markalı benzinin ölkəyə xaricdən idxal edilməsi ilə izah ediblər.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru