''Neftin qiyməti hazırda yüksək olsa da, stabil deyil''

''Neftin qiyməti hazırda yüksək olsa da, stabil deyil''

-- Vüqar Bayramov: ''Azərbaycan büdcə gəlirlərində neftin payının azalmasına nail olmalıdır''

“Son 5 gündə dünya bazarında neftin qiyməti 6 faiz ucuzlaşıb və hazırda “Brent” markalı neftin qiyməti 75 dollardan aşağı təklif edilir”.
 
Bunu iqtisadçı Vüqar Bayramov bildirib.
 
Onun fikrincə, neftin dünya bazarında qiymətinin düşməsi bir sıra iqtisadi və eləcə də siyasi səbəblərlə bağlıdır:
 
“Ticarət müharibəsi Çində neftə olan tələbi azaldır. Ötən ay gündəlik 8.36 milyon barel neft idxal edən Çində bu göstərici əvvəlki ay ilə müqayisədə 9.0 faiz aşağı düşüb. Mayda Çinin idxalı 9.2 milyon barel olmuşdu. Bu, eyni zamanda, 2017-ci ilin iyun ayı ilə müqayisədə də aşağı göstəricidir. Bir il öncə Asiyanın iqtisadi nəhəngi gündəlik 8.8 milyon barel neft idxal etmişdi. Çində tətbiq edilən yeni vergi sistemi də sözügedən ölkənin idxalına təsir göstərməkdədir”.
 
Digər bir səbəb ki, iqtisadçı ABŞ-da neft hasilatının artmasını göstərib.
 
O, qedy edib ki, iyunda ABŞ gündəlik 10.8 milyon barel neft hasil edib və bu, 2005-ci ildən sonra ən yüksək göstərici hesab olunur.
 
İyulun ilk həftəsində ABŞ-da gündəlik neft idxalı 1.67 milyon barel azalıb və eyni zamanda ixrac 3 milyon barellik rekorda çatıb:
 
“Yaxın Şərq ölkələrində hasilatın yenidən artımı müşahidə edilir. Bu da bazara təsir göstərir. Səudiyyə Ərəbistanı hasilatda rekordu təzələməkdədir”.
 
V.Bayramov başqa bir səbəb kimi ötən həftə Ağ Evin İran məsələsində daha yumşaq mövqe nümayiş etdirməsini bildirib:
 
“Belə ki, əvvəlki açıqlamalarında bu ilin noyabrınadək İran ilə neft ticarətini dayandırmayacaq bütün ölkələrə sanksiya tətbiq edəcəyini bəyan edən rəsmi Vaşinqton bu məsələdə istisnaların olacağını bildirdi. Yəni İran ilə neft ticarəti edəcək heç də bütün ölkələrə sanksiyalar tətbiq olunmayacaq. Bu isə neft bazarındakı siyasi gərginliyi müəyyən qədər yumşaltdı. Bu arada, Rusiya İranın enerji sektoruna yaxın illərdə 50 milyard dollara yaxın sərmayə yönəltmək istədiyini bəyan edib. Tramp isə yenidən böyük həriflər ilə “neftin qiyməti aşağı salınmalıdır” “twit”ini atıb. Göründüyü kimi, neftin qiyməti müqayisəli şəkildə hazırda yüksək olsa da stabil deyil”.
 
İqtisadçı bildirir ki, siyasi müdaxilələr olmasa, bazar tarazlığı hər barel üçün 60 dollar ətrafında bərqərar olmalıdır. Buna görə də, iqtisadiyyatın diversifikasiyası və neftdən asılılığın aradan qaldırılması iqtisadi siyasətin əsas prioriteti olaraq qalmalıdır:
 
“Azərbaycan mərhələli şəkildə ixracatda və eləcə də büdcə gəlirlərində formalaşmasında neftin payının azalmasına nail olmalıdır ki, xarici faktorlarının təsirlərini minimumlaşdırmaq mümkün olsun”.(meydan.tv)
 

Google+ WhatsApp ok.ru