QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “YUNUS” SURƏSİ

QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “YUNUS” SURƏSİ

Qurani-kərimin 10-cu surəsi olan “Yunus” surəsi 109 ayədən ibarətdir və Məkkədə, “besət”in əvvəllərində nazil olmuşdur. Bəzi təfsir alimlərinin qeydlərinə əsasən, bu surə “İsra” surəsindən sonra və “Hud” surəsindən öncə nazil olmuşdur.

Məkkədə nazil olmuş bir çox surələr kimi, “Yunus” surəsində də dinin əsaslarından söz açılır, məxsusən, tövhid, Peyğəmbəri-Əkrəmin (s) məqamı, vəhy məsələsi və vəhyi inkar edənlərə cavab, Qurani-Kərimin haqq olması, salehlərin sonsuz ilahi nemətlərlə müjdələnməsi, müşriklərin rəftarı və onları qorxutma, yaranış və Yaradanın əzəmətinin nişanələri, dünya və maddi həyatın müvəqqəti olması, axirət aləminə diqqət, iman və saleh əməllərlə axirətə hazırlıq, Nuh, Musa və Yunus (ələyihmus-salam) kimi böyük peyğəmbərlərin həyatının mühüm bir qismi onun əsas mövzularını təşkil edir.

Bu surə elə bir şəraitdə nazil olmuşdur ki, müşriklər Məkkədə vəhyi inkar edir və Qurani-Kərimin sehr və cadu olduğunu deyirdilər. Onlar İslam Peyğəmbərindən (s) istəyirdilər ki, ya Quranın yerinə başqa bir kitab gətirsin, ya da onun bəzi ayələrini dəyişdirsin. Onların birinci istəklərində məqsədləri bu idi ki, bu ilahi kitab tamamailə aradan götürülsün və yeni bir kitabla əvəz edilsin. İkinci istəklərində məqsəd isə, onların bütlərini məzəmmət edən ayələrin dəyişidirlməsi idi. Onlar bu tələblərin müqabilində “Yunus” surəsinin 15-ci ayəsinin cavabı ilə qarşılaşdılar. Həmin ayədə buyurulur:

وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ لاَ يَرْجُونَ لِقَاءنَا ائْتِ بِقُرْآنٍ غَيْرِ هَـذَا أَوْ بَدِّلْهُ قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِن تِلْقَاء نَفْسِي إِنْ أَتَّبِعُ إِلاَّ مَا يُوحَى إِلَيَّ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ

(Müşriklərə) ayələrimiz açıq-aydın oxunduğu zaman (qiyamət günü haqq-hesab üçün) Bizimlə qarşılaşacaqlarına ümid bəsləməyənlər: “Bundan ayrı bir Quran gətir, ya da onu dəyişdir!” – deyərlər. Onlara de: “Mən onu özbaşına dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabeəm. Mən böyük günün (qiyamət gününün) əzabından qorxuram, əgər Rəbbimə itaətsizlik göstərsəm!”

Bu surənin 37-38-ci ayələrində də bu haqda söz açılır və buyurulur:

وَمَا كَانَ هَـذَا الْقُرْآنُ أَن يُفْتَرَى مِن دُونِ اللّهِ وَلَـكِن تَصْدِيقَ الَّذِي بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ الْكِتَابِ لاَ رَيْبَ فِيهِ مِن رَّبِّ الْعَالَمِينَ

Bu Quran Allahdan başqasına yalandan aid edilə bilməz. (O ancaq Allahdandır, başqası tərəfindən uydurula bilməz). Lakin o özündən əvvəlki səmavi kitabların təsdiqi və izahıdır. Onun aləmlərin Rəbbi tərəfindən olmasında heç bir şəkk-şübhə yoxdur.”

أَمْ يَقُولُونَ افْتَرَاهُ قُلْ فَأْتُواْ بِسُورَةٍ مِّثْلِهِ وَادْعُواْ مَنِ اسْتَطَعْتُم مِّن دُونِ اللّهِ إِن كُنتُمْ صَادِقِينَ

Yoxsa: “(Peyğəmbər) onu özündən uydurmuşdur!” – deyirlər. De: “Əgər doğru deyirsinizsə, onun kimi bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın!”

Qurani-Kərimdə insanların ilahi kəlamın oxşarını gətirməkdə aciz olmaları dəfələrlə önə çəkilir və iddiası olanlar mübarizə meydanına çağrılır. (“Hud” surəsinin 13-cü ayəsi də bu qəbildəndir.) Amma Qurani-Kərimin uyğun çağırışı hələ də cavabsız qalmışdır və qiyamətədək də cavabsız qalacaqdır. Bu da onun əbədi möcüzə olmasını göstərir.

“Yunus” surəsi, digər iyirmi doqquz surə kimi, “müqəttəə hərfləri” ilə başlayır və onun bir neçə surəsi, o cümlədən, uyğun surə Əlif, Lam, Ra – müqəttəə hərfləri ilə başlayır. Adından göründüyü kimi, bu hərflər bir-birindən ayrılmış kimi nəzərə çarpır və vahid bir kəlmənin məfhumunu göstərmir. Amma ondan sonra dərhal Qurandan, onun əzəmət və möhkəmliyindən söz açılır. Sözügedən surə də bu qaydadan istisna deyil və surənin başlanğıcında buyurulur:

الر تِلْكَ آيَاتُ الْكِتَابِ الْحَكِيمِ

“Əlif, Lam, Ra. Budur möhkəm və hikmətli kitabın ayələri.”

“Müqəttəə hərfləri” haqqında ən məşhur və üstün nəzər budur ki, həmin hərflər Allah-Taala ilə Onun Peyğəmbəri (s) arasında bir rəmzdir.

Bu surənin 98-ci ayəsində Yunus peyğəmbərin qövmünün tövbəsi və bu tövbənin Allah tərəfindən qəbul edilməsindən söz açıldığı üçün, surə “Yunus” adlandırılmışdır. Həmin ayədə buyurulur:

فَلَوْلاَ كَانَتْ قَرْيَةٌ آمَنَتْ فَنَفَعَهَا إِيمَانُهَا إِلاَّ قَوْمَ يُونُسَ لَمَّآ آمَنُواْ كَشَفْنَا عَنْهُمْ عَذَابَ الخِزْيِ فِي الْحَيَاةَ الدُّنْيَا وَمَتَّعْنَاهُمْ إِلَى حِينٍ

“Nə üçün heç bir şəhər əhli (vaxtında) iman gətirmir ki, (imanı ona) fayda versin?! Yalnız Yunusun qövmü istisnadır. (Yunusun ümməti son fürsətdə) iman gətirən zaman onları dünyadakı rüsvayçılıq əzabından qurtardıq və bir müddət (ömürlərinin axırınadək) onlara bəhrə verdik.”

Bu ayə, həqiqətdə, bu mətləbdən söz açır ki, geçmiş qövmlər öz peyğəmbərlərinin dəvətinə qarşı çıxır və Allaha iman gətirmirdilər. Buna görə də, bu dünyada zillət və xarlıq əzabına giriftar olurdular. Bu ayədə onlar hamlılıqla “Nə üçün iman gətirmirlər ki, imanları onlara bir fayda versin?!” – sualı ilə məzəmmət olunurlar.

Ayənin bu sayaq bəyanı, həqiqətdə kafirlər və müşrikləri də məzəmmət edir ki, nə üçün rəftarınız keçmiş qövmlərin rəftarına bənzəyir? Nə üçün iman gətirmir və keçmiş nəsillərin sərgüzəştindən ibrət götürmürsünüz?

Amma bu qövmlər içində ilahi əzabdan qurtulan yeganə qövm həzrət Yunusun qövmü oldu! Belə ki, onlar ilahi əzabın yaxın olduğu bir vaxtda, başqa sözlə, son fürsətdə Allahın dərgahına üz tutub tövbə etdilər və beləcə, ilahi əzaba düçar olmadılar. İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Yunus (ə) otuz yaşından altmış üç yaşınadək təbliğ etdi. Bu müddət ərzində ona yalnız iki nəfər iman gətirdi. Həzrət Yunus (ə) xalqa qarğış edib onlardan uzaqlaşdı. Ona iman gətirən iki nəfərdən biri alim və müdrik adam idi. O, ilahi peyğəmbərin xalqı tərk etdiyini gördükdə, uca səslə fəryad çəkərək xalqın peyğəmbərin qarğışı nəticəsində ilahi əzaba düçar olacağından söz açdı. Xalq peşman olub həmin alimin bələdçiliyi ilə şəhərdən çıxdı və Allah dərgahına üz tutub tövbə etdilər. Sonra həzrət Yunusu (ə) axtarmağa başladılar, lakin onu tapa bilməsələr də, onların vaxtında və ilahi əzabın gəlişindən öncə Allaha iman gəriməsi, peşman olub tövbə etməsi ilahi əzabın nişanələrini aradan qaldırdı. Həzrət Yunus başına gələn uzun-uzadı macəralardan sonra öz qövmünə doğru geri döndükdə, qövmünün pişvazı ilə üzləşdi və onların iman gətirib tövbə etdiklərindən xəbərdar oldu.

“YUNUS” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

İmam Sadiqdən (ə) nəql olunmuş bir hədisdə buyurulur: “Yunus surəsini iki və yaxud üç aydan bir oxuyan şəxsin nadanlardan olma qorxusu olmaz və qiyamət günü “müqərrəb”lərdən – Allaha yaxın kəslərdən olar.” (“Nurus-səqəleyn”, 2-ci cild, səh.290; “Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 8-ci cild, səh.212-213; “Nur təfsiri”, Ustad Qəraəti, 5-ci cild, “Yunus” surəsinin təfsiri; “Surələr gülüstanı”, Məhəmmədhüseyn Cəfəri, səh.68.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru