Ukrayna Azərbaycan üzərindən İrana kənd təsərrüfatı məhsullarını göndərəcək

Ukrayna Azərbaycan üzərindən İrana kənd təsərrüfatı məhsullarını göndərəcək

Bu barədə Ukrayna və İran rəsmiləri razılıq əldə edib
 
Ukrayna və İran kənd təsərrüfatı məhsullarının daşınmasının təşkili məqsədilə sınaq qatarının buraxılmasına dair razılıq əldə edib. "Report"un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ukraynanın infrastruktur naziri Vladimir Omelyan İran nümayəndə heyəti ilə görüşündə deyib.
 
Onun sözlərinə görə, qatarın marşrutu Azərbaycan və Gürcüstan ərazisindən keçəcək.
 
"Ukrayna-İran sınaq qatarı artıq bu ilin yayında yola düşə bilər. Bu hər iki ölkə üçün bu əməkdaşlıq perspektivli istiqamətidir. Ukrayna Avropa, Asiya və şərq ölkələri ilə etibarlı tranzit körpü olmaq üçün yeni beynəlxalq nəqliyyat dəhlizləri hazırlamalıdır", - deyə nazir qeyd edib.
 
V.Omelyan həmçinin İran tərəfinə müraciətində bu ölkənin neftinin Ukraynaya göndərilməsi, habelə Ukrayna ərazisində neft emalı zavodunun tikintisi imkanlarını nəzərdən keçirməyə dəvət edib.
 
Tərəflər dəniz və avtomobil nəqliyyatı sahəsində də, eləcə də aviasiya sferasında əməkdaşlıq müzakirə edib.
 
Xatırladaq ki, 2016-cı ilin əvvəlində Ukraynadan Çinə qatar yola düşüb. Marşrut İpək Yolunun yeni marşrutu adlandırılıb. Bu, Rusiya ərazisini ötməklə, yüklərin şərqdən qərbə daşınması üçün alternativ yoldur. Lakin marşrut böyük xərclər tələb etdiyi üçün rəqabətqabiliyyətli deyil. /

Google+ WhatsApp ok.ru