''Yol Polisi yeyinti üçün təzə yol tapıb''

''Yol Polisi yeyinti üçün təzə yol tapıb''

-- Cərimələrin sistemə oturmamasından təkcə..

Samid Məlikov gileylənir ki, iyulun 2-də sürət həddini aşdığına görə ona gələn 10 manat cərimə hələ də sistemə yerləşməyib. Onun sözlərinə görə, sistemə oturmayan cərimələr aylar sonra faizi ilə birlikdə yüklənir. Kəmərə görə cərimə gəlib. Sonra o cəriməni hər ay yoxlatdırıb. Bir gün də görüb ki, 86 manat cərimə yüklənib. "Məncə, bu yeyintidir. Özləri yeyinti üçün təzə yol açıblar ki, əvvəlcədən göndərməyək cəriməni. Vətəndaşdır da”-Samid Məlikov deyib.
 
Cərimələrin sistemə oturmamasından təkcə Samid Məlikov əziyyət çəkmir. 8 ildən çoxdur avtomobil idarə edən Eyvaz Fərhadovun da başına bu hadisə az gəlməyib. Ona bu ilin iyununda sürət həddini aşdığına görə yol polisi 40 manat cərimə yazır. Amma cərimənin xəbəri sentyabrda gəlir.
 
“Poçta cəriməmi ödəməyə gedirəm. Deyir ki, maşının həbsdədir. Durub-dururkən maşın niyə həbsə getməlidir? Mən niyə artıq cərimə ödəməliyəm? Bu haqda heç yerə də şikayət vermək olmur. Deyirlər, bu, bizim təqsirimiz deyil. Poçt xidmətinin təqsiridir ki, məktubu gec gətirib”- sürücü Eyvaz Fərhədov bildirib.
 
4 mart 2014-cü il tarixli qanuna edilən dəyişikliyə görə, protokolun tərtib olunması üçün sürücünün DYP orqanına dəvət olunması, eləcə də sürücünün qaydanı pozduğu ərazidə saxlanılaraq DYP əməkdaşı tərəfindən protokol tərtib olunması qadağandır.
 
Bütün nəzarət kameraları və radar qurğuları Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmalıdır.
 
Ancaq vətəndaşlar deyir ki, yazılan cərimələrin xəbəri onlara çatmır. Bu cərimələri təsdiqlətmək üçün Rayon Polis İdarələrinə getməli olurlar.
 
“Cərimə yığılır üst-üstə, sonra da maşına həbs qoyurlar. Məcbursan gedib ödəyəsən. Bilmirsən axı, xəbərin olmur. Adama xəbərdarlıq etmirlər”.
 
“Elə olur ki, 3-4 aydır gəlib. Bir də görürsən ki, maşını saxladılar. Cərimə meydançasına gedir maşın. Niyə ora getməlidir? Mənə xəbərdarlıq olunmalıdır, olmayıb. Qəpiyinə kimi ödəyə bilmədinsə, maşın qalır orada”.
 
“Deyiblər, cəriməm var. Getmişəm poçta. Deyib ki, yoxdur, qayıtmışam geri”.
 
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovsa deyir ki, sürücülər cərimələri bank, AsanPay, poçt və aparatlar vasitəsilə ödəyə bilərlər. Sürücülərin yaşadığı ünvanla qeydiyyatda olduğu ünvan arasında fərqlər olanda da bu hal baş verir.
 
“Ən azı, qeydiyyatda olduğu rayon Dövlət Yol Polisi Şöbəsi ilə buna bir neçə dəqiqə ərzində aydınlıq gətirməlidir”.(meydan.tv)
 

Google+ WhatsApp ok.ru