''Ölkədə hər 3 nəfərdən birininin problemli krediti var''

''Ölkədə hər 3 nəfərdən birininin problemli krediti var''

Qubad İbadoğlu: “Bocların həcmi qırmızı xətti keçib”

 
“Vaxtı keçmiş kreditlər üzrə bocların həcmi qırmızı xətti ötüb”, - iqtisadçı Qubad İbadoğlu belə deyir.
 
O bildirir ki, təxirəsalınmaz tədbirlər görülməzsə, bu problem dərinləşəcək.
 
“Bu zaman nəinki maliyyə bazarları sıradan çıxaracaq, həm də onsuz da pis vəziyyətdə olan milli iqtisadiyyatı daha da çətin duruma salacaq”.
 
Hazırda Azərbaycanda 31 bank fəaliyyət göstərir. Sentyabrın 1-ə olan məlumata görə, onların 5 milyon 720 min 291 nəfər müştərisi var. Müştərilərin 2 milyon 428 min 32-nin banklarda kredit hesabı var. Onların banklara olan vaxtı keçmiş borcları 1 milyard 824 milyon manatı ötüb. Bu da cəmi kredit qoyuluşunda 15 faizə çatıb.
 
Qubad İbadoğlu deyir ki, bu, o deməkdir ki, borc problemi ölkədə qalan hər 3 nəfərdən birini narahat edir:
 
“Onların da 15 faizinin borc problemi ya məhkəmədə, ya da məhkəmə qərarlarının icrası strukturlarında “rüşvətlə çözülür”. Son məlumatlara görə, vaxtı keçmiş borclar bankların kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatından (1 milyard 635 milyon 700 min manatdan) çoxdur. Deməli, vaxtı keçmiş kreditlər üzrə bocların həcmi qırmızı xətti keçib. Əslində isə borcların həcmi çoxdan böhranlı səviyyədədir. Çünki daxili istifadə üçün nəzərdə tutulan hesabatlara görə, bankların risk portfelində olan 30 gündən artıq müddətdə qaytarılmayan borcları ((PAR) > 30 gün) bu ilin martında 44,2 faiz, iyununda 51,7 faizə qədər artıb. Hazırda isə şübhəli borcların həcmi 60 faizə yaxınlaşır”.
 
Qubad İbadoğlu əlavə edir ki, beləliklə ölkədə işgüzar fəaliyyət mühitinin olmaması, banklara inamın itməsi ucbatından azalan kredit qoyuluşları, digər tərəfdən isə könüllü geri qayıtmayan borcların məcburi alınmasına görə yaranan əlavə xərclər və zərərlər əksər bankların maliyyə durumunu pisləşdirib:
 
“İndiki şərtlərlə onlar hətta kredit faizlərini aşağı salmaqla da böhrandan çıxa bilmirlər. Bu ilin 8 ayında banklar maliyyə fəaliyyətlərini 350 milyon manat xalis mənfəətlə başa vursalar da, bu göstəricinin də tendensiyası neqativdir. Belə ki, builki xalis mənfəətin orta aylıq səviyyəsi (43,75 milyon manat) ötən ilin eyni göstəricisindən (139 milyon manat) 3,17 dəfə azdır. Bu il ərzində bankların xalis mənfəət göstəricisinin sürətli aşağı düşməsini şərtləndirən başlıca amil onların əsasən xalis faiz gəlirlərindən formalaşan mənfəətinin azalmasıdır. Buna baxmayaraq, hələ də bankların xalis faiz gəlirləri qeyri-faiz gəlirlərini üstələyir. Bu da mənfəəti əsasən faiz gəlirlərindən formalaşan banklar üçün daha tutqun perspektivdir”.
 
Qubad İbadoğlu deyir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası təxirəsalınmaz tədbirlərə əl atmalı, bank bazarını liberallaşdırmalı, bank kapitalının konsolidasiyası siyasətini davam etdirməli, qaytarılmayan borcları geri almaqla və ya onların satış bazarını formalaşdırmaqla bankları və müştəriləri hazırkı çətin durumdan çıxartmalıdır:
 
“Parlament isə öz növbəsində bu problemin həlli üçün hüquqi əsas yaratmalı, fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul etməlidir. Əks təqdirdə, borc problemi dərinləşəcək. Bu zaman nəinki bankları və qeyri-bank institutlarını, bütövlükdə maliyyə bazarlarını sıradan çıxarıb, onsuz da pis vəziyyətdə olan milli iqtisadiyyatı daha da çətin duruma salacaq”.
 
Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın əvvəlində avqust üzrə depozit və kreditlər üzrə orta faiz dərəcəsini açıqlamışdı. Bildirirdi ki, avqustda iyul auı ilə müqayisəda manatla kreditlər üzrə orta faiz dərəcəsi 0,10, xarici valyutada kreditlər üzrə faiz dərəcəsi 0,62 faiz artıb:
 
“Ümumiyyətlə, manatla kreditlərdə orta faiz illik 12,28 faizdən 13 faizə, xarici valyutada 10,21 faizdən 10,62 faizə yüksəlib. Fiziki şəxslərə verilən kreditin orta faiz dərəcəsi manatda 16,10, xarici valyutada 16,25 faiz olub”.(meydan.tv)
 

Google+ WhatsApp ok.ru