İmişlidə zəhərlənənlərdən 10-nun müalicəsi davam edir

İmişlidə zəhərlənənlərdən 10-nun müalicəsi davam edir

-- Bu gün də (iyunun 21-də) 7-8 nəfər müraciət edib

“Pambiq sahəsində zəhərləndikləri ehtimal edilən İmişli Rayon Mərkəzi Xəstəxanasında müalicə alan 12 nəfərdən 2-su buraxılıb. Qalan 10 nəfərin müalicəsi isə davam edir”.
 
Bunu adı çəkilən xəstəxananın baş həkimi Cəsur Paşayev bildirib.
 
Onun sözlərinə görə, müalicə alanların səhhətlərində hər hansı ağırlaşma yoxdur.
 
Baş həkimin verdiyi məlumata görə, bununla belə xəstəxanaya baş ağrısı, qarınağrısı ilə müraciət edənlər var:
 
“Elə bu gün də ( iyunun 21-də-r) 7-8 nəfər müraciət edib. Elə hər başı, qarnı ağrıyan ehtimal edir ki, bu həmin zəhərlənmədən ola bilər. Biz də müraciətləri cavabsız qoymuruq, onları mayinədən keçirirk”.
 
C.Paşayev sakinlərin səhhətlərində yaranan narahatlıqların səbəbinin hələ də müəyyən olunmadığını söyləyib:
 
“Ekspertiza idarəsi prokurorluğun nəzarəti ilə analizlər götürüb. Yəqin ki, nəticələr məlum olduqda açıqlana bilər və bu artiq bizim səalhiyyətimizə aid deyil”.
 
İyunun 19-da İmişli rayonundakı pambıq sahələrinin birində günəmuzd işləyənlər zəhərlənmə ilə bağlı kütləvi şəkildə xəstəxanaya üz tutmuşdular.
 
Xəstəxanadan verilən məlumata görə, onlara müraciət edənlərin sayı 140 nəfəri keçmişdi.
 
Son 11 gündə Azərbaycanda pambıqçıların kütləvi şəkildə xəstəxanaya müraciət etmələri ilə bağlı 4 ayrı-ayrı məlumat yayılıb.
 
Dünən, iyunun 20-də 20-dən çox şəxs Yevlax Şəhər Xəsətxanasına müraciət edib. Onların Tərtər rayonunun Xoruzlu kəndindəki pambıq tarlasında çalışdıqları deyilirdi. Ancaq həmin şəxslərin Yevlax rayon sakinləri olduğu, həmin ərazidə günəmuzd qaydada işlədikləri bildirilirdi.
 
İyunun 10-da da Saatlı rayonunun Simadakənd kəndi ərazisində 24 nəfər, iyunun 17-də isə Tərtər rayonunun Seydimli kəndində 14 nəfər xəstəxanaya gətirilmişdi.
 
Saatlı rayonunda zəhərlənənlərin hamısının artıq evlərinə buraxıldığı açıqlanıb.
 
Bu rayonda baş verən zəhərlənmə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb.
 
Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.
 
Sonrakı zəhərlənmələrlə də əlaqədar oxşar cinayət işlərinin açıldığı deyilir.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru