10 il sonra xərclənməli olan pullar bu gün...

10 il sonra xərclənməli olan pullar bu gün...

"Azadlıq.info"da "Hər ailəyə 80 min manat neft pulu xərclənib" sərlövhəli məqalə oxumaq olar.
 
Sayt ölkəyə daxil olan neft pulları və onun xərclənməsi sahəsində iqtisadçı-ekspert Qubad İbadoğlunun düşüncələrinə yer verib.
 
İqtisadçı deyir ki, hakimiyyət hazırda 2028-ci ildə xərclənməli olan vəsaiti bölüşdürür, yəni, 10 il bundan sonra məsrəf olunmalı neft pulları da artıq xərclənib.
 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il üçün illik hesabatını açıqladığını deyən Q.İbadoğlu sənədə əsasən bildirir ki, hesabata görə, 2001-2017-ci illər ərzində ARDNF-in daxilolmaları 137,87 milyard ABŞ dolları səviyyəsində olub, bu vəsaitin təxminən 35,8 milyard ABŞ dolları (26%) yığıma yönəldilib.
 
"Bu isə o deməkdir ki, ötən 16 il ərzində ADRNF-ə yığılan neft gəlirlərinin 74 faizi və ya 102 milyard dolları xərclənib. Xərclənmiş vəsait manatın hazırkı məzənnəsi ilə 173,4 milyard manat edir. Bunu da insafla adambaşına böləndə hər nəfər 17 min 694 manat, orta statistik ailəyə isə 80 min manata yaxın vəsait düşür", - ekspert rəqəmlərin arxasında duran sosial-iqtisadi vəziyyətə aydınlıq gətirir.
 
Q.İbadoğlu həm də bununla diqqəti 3 məqama cəmləmək istədiyini bildirir.
 
Ekspertə görə, Dövlət Neft Fonduna yönələn neft pullarının bu ilə qədər 74 faizinin xərclənməsi, onun nəsillər arasında ədalətsiz bölüşdürüldüyünü, eyni zamanda xalqın sərvətinin dörddə üçünün yalnız bir hakimiyyət dövründə xərcləndiyini deməyə əsas verir.
 
Q.İbadoğlunun deməsinə görə, bu hesabla mövcud hakimiyyət hazırda 2028-ci ildə xərclənməli olan vəsaiti bölüşdürür, yəni, 10 il bundan sonra məsrəf olunmalı neft pulları da artıq xərclənib.
 
İqtisadçının diqqət cəmlədiyi ikinci məqam budur ki, xərclənən neft pulları yalnız ARDNF-dən ayrılan pullarla bitmir.
 
Ekspert neft pullarının bir hissəsinin Azərbaycan Dövlət Neft Şirkətinə daxil olduğunu qeyd edir, ondan qazanılan mənfəətdən xarici şirkətlər dövlət büdcəsinə vergi və digər ödəmələr ediblər.
 
Q.İbadoğluna görə, hesablamalar göstərir ki, hər iki mənbədən xərclənən vəsaitlərin birlikdə məbləği 40 milyard ABŞ dollarını ötür və beləliklə də ötən 16 ildə Azərbaycanın əldə etdiyi neft gəlirlərinin cəmi məbləği 175 milyard dollardan çox olub.
 
Ekspertin bu mövzuda diqqət cəmləmək istədiyi məqam xərclənmiş neft pullarının hesabatlılığı və şəffaflığının təmin olunmaması, onun əsasən büdcəyə transfer (82,2 milyard manat) olunaraq şişirdilmiş infrastruktur layihələrinə yönəldilməsi və bu pulların xeyli hissəsinin mənimsənilməsinə gətirib çıxarmasıdır.
 
Q.İbadoğlu akademik tədqiqatlara (resursların lənəti, renta hakimiyyəti, holland xəstəliyi və s.) istinadən deyir ki, sürətlə xərclənərək mənimsənilən neft pulları nə hakimiyyətə, nə də təəssüflər ki, millətlərə xoşbəxtlik gətirməyib.(contact.az)
 

Google+ WhatsApp ok.ru