1000 nəfərə yaxın şəxsə dağınıq skleroz diaqnozu qoyulub

1000 nəfərə yaxın şəxsə dağınıq skleroz diaqnozu qoyulub

“Azərbaycanda təxminən 1000 nəfərə yaxın şəxsə dağınıq skleroz diaqnozu qoyulub”.
 
Bunu APA-ya açıqlamasında Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Rəna Şirəliyeva deyib. O bildirib ki, dağınıq skleroz sinir sistemi ilə bağlı olan xəstəlikdir: “Dağınıq skleroz xəstəliyi çox ciddi xəstəlikdir. Bu xəstəliyin heç bir spesifik simptomu yoxdur ki, ona əsaslanıb diaqnoz ilk gündən düzgün qoyulsun. Çoxsaylı xəstəlikləri inkar edəndən sonra dağınıq skleroz diaqnozu qoyula bilər. Dağınıq skleroz insanlarda əsasən cavan yaşlarda aşkar edilir”.  
 
R. Şirəliyeva Azərbaycan prezidentinin 13 noyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” çərçivəsində bir sıra uğurlu nəticələrin əldə olunduğunu da qeyd edib: "Dövlət proqramı qəbul olunandan sonra tərəfimizdən düzgün diaqnostika qaydaları işlənilib, habelə diaqnostik alqoritmlər yaradılıb. Bundan başqa, ağır gedişli xəstəliklərin və ölüm hadisələrinin sayı qat-qat azalıb. Xəstələr vaxtlı-vaxtında müalicə olunurlar. Dövlət proqramı olduğuna görə xəstələr çox bahalı dərmanlarla təchiz edilir. Bu dərmanların çox yaxşı təsiri olur. Xəstəyə düzgün diaqnoz qoyulanda o uzun müddət özünü idarə edir, hətta iş qabiliyyətini belə itirmir”. /

Google+ WhatsApp ok.ru