10 min dollardan artıq problemli kreditlərə kompensasiya veriləcəkmi?

10 min dollardan artıq problemli kreditlərə kompensasiya veriləcəkmi?

10 min dollardan yuxarı problemli kreditlərin ödənilməsi gündəmdə deyil.
 
Maide.Az Fins.az-a istinadla verdiyi məlumata görə, Mərkəzi Bankın sədr müavini Alim Quliyev jurnalistlərə açıqlamasında bildirib.
 
O bildirib ki, hazırda sözügedən məsələ Mərkəzi Bankda müzakirə mövzusu deyil və təmsil etdiyi qurumda bununla bağlı hər hansı informasiya yoxdur.
 
Qeyd edək ki, dünən millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında 10 min dollardan artıq kreditlərin məsələsinə də baxılacağını bildirmişdi.
 
“Məndə olan məlumata görə, hüquqi şəxslərin devalvasiya ərəfəsində götürdüyü 10 min dollardan yuxarı kreditlər üçün güzəşt tətbiq edilməsi üçün iş gedir”, - deyə o, vurğulamışdı.
 
Deputat qeyd etmişdi ki, hazırda əsas diqqət ölkə rəhbərinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı verdiyi fərmanın icrasının vaxtında yerinə yetirilməsinə yönəlib:
 
“Fiziki şəxslərin 10 min dollara qədər olan kreditlərilə bağlı kompensasiya məsələsi tam olaraq yekunlaşmalıdır. Hazırda banklar da tam surətdə prosesin yekunlaşmasına çalışırlar. Hesab edirəm ki, bu istiqamətə ciddi problemlər yoxdur”.
 
Parlamentarinin sözlərinə görə, fiziki şəxslərin problemli kreditlər məsələsi tam yekunlaşdıqdan sonra hüquqi şəxslərin problemli kreditləri məsələsinə baxılacaq.
 
Bir müddət əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov isə “10 min dollardan yuxarı götürülən kreditlərə güzəşt edilməsi nəzərdə tutulmayıb. Bu kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onlar risklərin görə cavabdehdirlər” açıqlamasını vermişdi.
 

Google+ WhatsApp ok.ru