110-luq yolda 80-lə gedən sürücünü necə cərimələmək olar?

Şişirdilmiş sürət həddinə baxmayaraq, hər bir sürücü yol şəraitinə uyğun təhlükəsiz sürətlə hərəkət etməlidir

Yollarda müəyyən olunan sürət rejiminə riayət olunması yol hərəkəti təhlükəsizliyinin əsas şərtlərindən biridir. Beynəlxalq və milli qanunvericiliyə əsasən, yolların bütün növləri, habelə nəqliyyat vasitələrinin kateqoriyaları üçün yol verilən yuxarı sürət həddi müəyyən olunur. Bunu dəfələrlə izah etmişəm və sürücülərimizin əksəriyyətinin bu barədə zəruri məlumatı var.
 
Son günlər isə yollarda asta sürətlə hərəkət etməyə görə sürücülərin məsuliyyəti məsələsi müzakirə edilməkdədir. Məsələnin aktuallığını nəzərə alaraq qanunvericiliyin mövqeyini şərh etmək istərdim.
 
Hazırki yol hərəkəti qaydaları yollarda minimal sürətin də məhdudlaşdırılması anlamına gələn üç müddəa nəzərdə tutur:
 
1. Şəkildə gördüyünüz 5.1. “Avtomagistral” nişanı ilə işarələnərək avtomagistral hesab edilən yollarda texniki xarakteristikasına və ya vəziyyətinə görə sürəti saatda 50 kilometrdən az olan nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Lakin bu müddəa heç də o demək deyil ki, avtomagistralda 50 km/saat-dan aşağı sürət qadağandır. Əgər yol şəraiti (məsələn, yolun buz bağlaması, yolda təmir işləri və s.), yaxud nəqliyyat vasitəsinin texniki vəziyyəti, onun yükü, sürücünün vəziyyəti tələb edirsə, avtomagistralda 50 km/saat-dan aşağı sürətlə də hərəkət etmək olar. Buna görə heç kəs məsuliyyət cəlb edilə bilməz. Sadəcə olaraq göstərdiyimiz norma avtomagistralda texniki imkanları 50 km/saat və daha yuxarı sürətlə hərəkət etməyə imkan verməyən nəqliyyat vasitələrinin (tarktorların, kombaynın, qreyderin və s.) olmasını qadağan edir. 
 
2. Yol nişanları arasında 4.7  “Minimum sürətin məhdudlaşdırılması” nişanı var. Həmin nişan eyni istiqamətdə iki və daha çox zolağı olan yollarda hərəkət zolaqlarından birində (zolaqların sayı 3-dən artıq olduqda bir neçəsində, amma hamısında yox) minimal sürətin yol verilən kəmiyyətini müəyyən edə bilər. Bu halda müvafiq zolaqda həmin nişanda göstəriləndən aşağı sürətlə hərəkət qadağandır və nişandakından aşağı sürətlə bu zolaqda hərəkət edən sürücü İXM-in 151.1-ci maddəsi üzrə 4.7. nişanının tələbini pozmaya görə məsuliyyətə cəlb edilərək 40 manat cərimə oluna bilər. 
 
3. “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 6-cı hissəsində deyilir ki, sürücülərə lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq qadağandır.  Bu norma yol şəraitinin, nəqliyyat vasitəsinin texniki vəziyyətinin, onun yükünün, sürücünün özünün və sərnişinlərin tam normal vəziyyətdə olmasına baxmayaraq, yolda mümkün olan və ümumi nəqliyyat axınının hərəkət etdiyi təhlükəsiz sürətdən açıq-aşkar asta sürətlə hərəkəti qadağan edir. Bu qadağa ümumi nəqliyyat axınının normal hərəkətini pozmanın və bu zəmində qəza şəraiti yaratmanın qarşısını almağa yönəlib. Ona görə də göstərilən şərtlər daxilində lüzumsuz asta sürətlə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri məsuliyyətə cəlb oluna bilər. Lakin bunun bəzi incəlikləri də var. Lüzumsuz (açıq-aşkar) asta sürət iki halda inzibati məsuliyyət yarada bilər: 
 
- sürücü bunu eyni istiqamətdə iki və daha çox hərəkət zolağı olan yollarda ən sağdakı hərəkət zolağından sonrakı (yəni 2-ci və sonrakı) zolaqlarla hərəkət edərək etdikdə. Başqa sözlə çoxzolaqlı yolun 2-ci və ya növbəti zolağında lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaradan sürücü İXM-in 151.1-ci maddəsi üzrə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozduğuna görə 40 manat cərimə oluna bilər. Lakin sürücü eyni istiqamətdə hərəkət üçün iki və daha çox hərəkət zolağı olan yolun ən sağdakı zolağında asta hərəkət edirsə və ya eyni istiqamətdə hərəkət üçün yalnız bir zolağı olun yolun sağ kə-narı ilə asta sürətlə hərəkət edirsə, bu halda inzibati məsuliyyətdən söhbət gedə bilməz. Qanun bunu qadağan etsə də, İXM buna görə məsuliyyət nəzərdə tutmur;
 
- lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə konkret nəqliyyat vasitəsinə (və ya vasitələrinə) qəza şəraiti yaradıldıqda (yəni digər sürücü hərəkət istiqamətini və ya sürəti qəflətən və sərt şəkildə dəyişməyə məcbur edildikdə) asta gedən nəqliyyat vasitəsinin sürücüsü qəza şəraiti yaratmaya görə İXM-in 151.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunaraq 80 manat cəriməyə və 4 cərimə balına məruz qala bilər. Amma buna görə məsuliyyətə cəlb etmək elə də asan məsələ deyil. Bunun üçün sürücünün nəqliyyat axınının orta sürətindən aşağı sürətlə hərəkət etməsini şərtləndirən səbəbin olmadığı, habelə  sürücünün real sürətinin nəqliyyat axınının orta sürətindən açıq-aşkar aşağı olduğu və qəza şəraitinin məhz bu zəmində yarandığı  sübut edilməlidir. Məsələn, yolda ən sol zolağa çıxaraq sola və ya geriyə dönməyə hazırlaşan sürücü nisbətən asta sürətlə hərəkət etsə də, onu deyilən qayda pozuntusuna görə məsuliyyətə cəlb etmək mümkün deyil, yaxud avtomobildə müəyyən texniki nasazlıq hiss edən və ya daşınması xüsusi ehtiyatlılıq tələb edən yükü olan, yaxud səhhəti problemli sərnişini olan sürücü ən sağdakı zolaqla asta sürətlə hərəkət edirsə, habelə nəqliyyat vasitəsinin texniki imkanları səbəbindən asta sürətlə hərəkət edirsə, bu qaydalar çərçivəsindədir. Sadəcə olaraq, belə vəziyyətlərdə sürücü nəqliyyat axınının orta sürətindən asta hərəkət edirsə, mütləq ən sağdakı hərəkət zolağında mövqe tutmalıdır.
 
Ümumiyyətlə, ölkəmizdə sürət rejiminin tətbiqi ilə bağlı ciddi problemlər var. Bunun ən pis təzahürü yolların kateqoriyasına uyğun olmayan yüksək sürət həddinin tətbiqidir. Belə şişirdilmiş sürət həddinə baxmayaraq, hər bir sürücü yol şəraitinə uyğun təhlükəsiz sürətlə hərəkət etməlidir. Əgər yol şəraiti, xüsusən yol örtüyünün vəziyyəti, yolun işıqlandırılmamış olması, yolda hərəkət sıxlığının yüksək olması və başqa bu kimi amillər icazə verilən maksimum sürətdən əhəmiyyətli dərəcədə aşağı sürəti tələb edirsə, sürücü məhz aşağı sürətlə hərəkət etməlidir. Bunun əksi, yəni şəraitə uyğun olmayan sürət təhlükəlidir. Amma şəraitin tələb etməsi səbəbindən kifayət qədər asta sürətlə hərəkət etmək tam olaraq qaydalar çərçivəsindədir.
 
Ərşad Hüseynov,
hüquqşünas/Avtosfer

Google+ WhatsApp ok.ru