112 mənzilli bina sökülür, sakinlər narazıdır - VİDEO

112 mənzilli bina sökülür, sakinlər narazıdır - VİDEO

Yasamal rayonu, Şərifzadə 174 ünvanında yaşayan sakinlər binalarının sökülməsindən narazıdır.
 
Bununla bağlı “Qafqazinfo”ya müraciət edən bina sakini Müşfiq Əhədov qeyd edib ki, “Qismət-M Construction” MMC 112 mənzilli binanı qanunsuz olaraq sökmək istəyir: “Bu gün artıq heç bir sakinin icazəsi olmadan bina hasara alınıb. Şirkət binanı pilot layihə çərçivəsində sökəcəyini bildirir. Ancaq onların müqavilə şərtləri mövcud pilot layihələrin şərtləri ilə eyni deyil. Zəlzələ, tufan, fors major hadisələr zamanı şirkətin heç bir məsuliyyət daşımadığı müqavilənin birinci bəndində qeyd olunub. Üstəgəl təklif etdikləri kirayə haqları da xeyli aşağıdır. Bu şirkət bizim mülkiyyət hüququmuzu qanunazidd şəkildə pozur. Rəhbərlərinin kim olduğunu da demirlər. Bir rəhbəri bəlli olmayan şirkətə necə inana bilərik?”.
 
“Qafqazinfo” məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlayıb. Şirkətin əməkdaşı Əkbər Həsənov sakinlərin narazılığına heç bir əsas olmadığını bildirib: “Kimin nə sözü varsa ofisə yaxınlaşıb məsələni aydınlaşdıra bilər. Bu, bir pilot layihədir. Ölkə başçısı bununla bağlı sərəncam imzalayıb. Həmin ərazidə də pilot layihə çərçivəsində yeni bina inşa etmək bizim şirkətə həvalə olunub. Hər yerindən duran şirkətə pilot layihənin icrası həvalə olunmur. Şirkətə isə yeni rəhbərlik təyinatı hələ baş tutmayıb”.
 
 
 

Google+ WhatsApp ok.ru