`120-yə yaxın tarixi abidə vardı, indi isə ondan heç 60-ı qalmayıb`

Dilavər Əzimli: “Yuğ” Teatrının yerləşdiyi məscid tarixi abidə deyil ki?
 
Bakının “Sovetski” kimi tanınan  məhəlləsində tarixi abidələr siyahısında olan binaların sökülməsi ciddi müzakirələrə səbəb oldu. Məsələ ilə bağlı bir qrup tanınmış şəxslər tarixi binaların sökülməsinin dayandırılması ilə bağlı ölkə başçısına müraciət də ünvanladılar. Müraciəti imzalayanlar arasında  Azərbaycanın birinci xanımının bacısı, Lomonosov adına MDU-nin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva  da var.
 
Lakin  bütün bunlara rəğmən söküntü prosesi hələ də  davam edir. Tarixi əhəmiyyəti olan, orijinal  memarlıq üslubu ilə seçilən qədim binaların sökülməsi cəmiyyət tərəfindən tarixin məhv edilməsi kimi qiymətləndirilir.  Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə “Yeni Müsavat”a müsahibəsində məsələyə bu cür aydınlıq gətirdi: “Əslində şəhər inkişaf edir. Tarixi abidələr isə sökülmür, müvafiq qaydalara uyğun olaraq qorunur. Ancaq orada elə binalar var ki, mütəxəssislərin rəyi və nazirliyin qərarı ilə onların adı qorunan binaların siyahısından çıxarılıb”.
 
Elə nazirin bu fikrindən bir sual ortaya çıxır. Hansı binalar tarixi abidə sayılır?
 
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan tarixçi-alim Dilavər Əzimli bildirib ki, xalqın tarixində, taleyində rol oynamış insanların yaşadıqları evlər tarixi miras sayılır: “Ümumiyyətlə, tarixi abidələr beynəlxalq, respublika və regional əhəmiyyətli olmaları ilə fərqlənirlər. Eyni zamanda xalqın tarixində rolu olan şəxslərin də yaşadıqları evlər  tarixi miras sayılır. Onlara da toxunmaq olmaz. Rəsmi şəkildə özləri də etiraf edirlər ki, ”Sovetski"də  30-a yaxın tarixi abidə var. Abbas Mirzə Şərifzadənin yaşadığı ev bəyəm tarixi abidə sayılmır?
 
Yaxud da “Yuğ” Teatrının yerləşdiyi məscid tarixi abidə deyil ki? Bu nə münasibətdir göstərirlər? Çoxları iş yerlərini itirməkdən qorxduğu üçün yalan danışır.  Əgər kimsə düşünür ki, buradakı tikililər tarixi abidə deyil, onlar öz arqumentlərini ortaya qoysunlar. Görək ki, bu adamlar hansı arqumentə əsaslanıb oradakı tarixi abidələri inkar edirlər. Bir binanın ki, 200-300 ilə qədər yaşı var, bu tarix  deyil? 
 
Onda belə çıxır ki, bütün miraslarımızı məhv edib, üzərində yeni şəhər salaq. Bir məqamı qeyd edim ki, “Gün keçdi”  filmində belə bir epizod var ki, deyir, indi tikdiklərimiz illər sonra tarixi abidə sayılacaq. Xeyr, bu belə deyil. İndiki tikilənlər heç cür tarixi abidə sayıla bilməz. Çünki onların heç forması buna uyğun gəlmir. Düşünürəm ki, bunu edən insanların milli tarixdən anlayışı yoxdur. Əgər olsaydı, bu kimi tarixi abidələri sökməzdilər".
 
D. Əzimli bildirib ki, qədimi evlər tarixi abidə sayılmasa belə,  bunları sökmək dünya təcrübəsində yoxdur: “Avropada qədimi, xüsusi arxitekturası olan evləri müəyyən qədər təmir edib, saxlayırlar. Bu evlərdən adətən film çəkilən zaman istifadə edirlər. Bax indi bizim tariximizə aid film çəkilərsə, bunu harada çəkəcəklər? Bir İçərişəhər var, o da  acınacaqlı hala salınıb. Bütün səfirliklərin binalarını keçiriblər tarixi tikililərin arasına. Orada da heç tarix qalmayıb. İçərişəhərdə o zaman söküntüləri dayandırdılar ki, Fransa və Macarıstan səfirliyi öz ölkələrinə müraciət etdilər ki, qoymayın, tarixi dağıdırlar. UNESCO-nun nümayəndələri o  zaman gəlib İçərişəhəri bunların əlindən qurtardılar. İçərişəhərdə yerləşən Yunanıstan səfirliyində olduğum zaman orada soruşdum ki, nə üçün bizim tarixi yerimizdə yerləşmisiz. Onlar da dedilər ki, yeri verməzdiz, biz də yerləşməzdik. Mənə dedilər ki,  siz gəlib səfirlik üçün qədim Romaya aid bir yer istəsəniz, biz onu vermərik. Tarixə bu cür yanaşmaq lazımdır. Bundan əlavə, şəhərdə keçiriləcək yarışlara görə yerə döşənmiş tarixi daşların üzərini qırladılar. Deyirlər ki, yarış bitəndən sonra yenidən əvvəlki vəziyyətinə qaytaracağıq. Bu heç zaman mümkün deyil. Həmin o daşlar zədələnəcək”.
 
Tarixçi bildirib ki, köhnə binaların daşlarını yonaraq ağartmaq da doğru deyil: “Bakıda bəzi qədim binaların daşlarını yonurlar ki, guya səliqəli görünsün. Bəyəm 70 il ərzində bu, sovet hökumətinin ağlına gəlmirdi? Daşı yonmaq olar? Həmin daşların hamısı erroziyaya uğrayıb məhv olacaq. Pula hər şeyi satmaq olmaz. ”Sovetski"ni  çox gəzmişəm. Orada yaşı 250-yə qədər olan evlər var. Artıq bunlar qədim evlər sayılır. Həmin evləri bir daha qeyd edirəm ki, sökmək olmaz. Siyahıya əsasən iş görürlər. Ancaq siyahılar da dəyişilir. 10 il öncə Azərbaycanda siyahıya görə 120-yə yaxın beynəlxalq  əhəmiyyətli tarixi abidə var idi. İndi isə ondan heç 60-ı qalmayıb. Hamısını məhv ediblər. Bu işlər dayandırılmalıdır". /

 

Google+ WhatsApp ok.ru