14 saylı Cəzaçəkmə Müəssisəsində baş verənlərlə bağlı- BƏYANAT

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı 14 saylı Cəzaçəkmə Məüssisəsində baş verənlər, məhbusların işgəncəyə məruz qalması, onların “kars”a salınıb, "Tubzon”a göndərilməsi, ailələrindən gizlədilməsi ilə bağlı bəyanat qəbul edib.

SMA İctimai Alyansından Maide.az-a verilən məlumata görə, bəyanatda deyilir ki, 22 dekabr 2014-cü ildə 14 saylı Cəzaçəkmə Məüssisəsində məhkum Elşad Babayevin işgəncə verilərək qətlə yetirilməsindən sonra adı çəkilən müəsissədə vəziyyət bu gün də gərgin olaraq qalır.

“Baş vermiş cinayətin üstünü açmaq, cinayəti törədənləri məsuliyyətə cəlb etmək əvəzinə qətlə yetirilmiş dustaq yoldaşlarına həmrəylik nümayiş etdirən məhbusların dekabrın 26-dan başlayaraq  vəhşicəsinə döyülərək onlara işgəncə verilməsi davam edir. Həmin dustaqların bir qismi Rza Ağalı, İlham Hətəmov və digərləri "kars"a salınıb. Araz Quliyev, Anar Qasımlı, İsa Yaqubov daxil olmaqla 10- dan artıq məhbus Vərəm Dispanseri olan "Tubzon" deyilən yerə aparıblar. Həmin dustaqlardan bu günə qədər heç bir xəbər yoxdur. Valideynlərin onlarla görüşməsinə belə, imkan verilmir. Ailə üzvlərinin verdiyi məlumata görə, adı çəkilən məhkumlar sağlam olublar, vərəm və xəstəliklərdən indiyə qədər heç bir şikayətləri olmayıb. Onların “Tubzon”a aparılması həmin məhbuslara verilən işgəncələri ört- basdır etmək üçündür”.

Bəyanatda vurğulanır ki, 14 saylı Cəzaçəkmə Məüssisəsində baş verənlər, dustağın döyülərək öldürülməsi, cinayətin üstünü açmaq əvəzinə digər məhbuslara ağır işgəncələr verilməsi, onların gizlədilməsi, öz ailə üzvləri ilə təmas qurmasına, görüşməsinə imkan verilməməsi böyük qanunsuzluq, insanlıq adına utanc və biabırçılıqdır.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı məhbusların saxlandığı yerlərə, həbsxanalara maneəsiz giriş imkanına malik olan qurumlara, o cümlədən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Bakı ofisinə, Ombudsman Aparatına, ədliyyə naziri yanında İctimai Komitəyə, hüquq müdafiəçilərinə müraciət edərək onları 14 saylı Cəzaçəkmə Məüssisəsinin cərimə otağında (“kars”da) Vərəm Dispanseri olan "Tubzon" deyilən yerdə saxlanan dustaqlarla görüşüb onların sağlıq durumu və onlara olan münasibəti öyrənməyə, diqqətdə saxlamağa çağırıb.

“Biz Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin insanlıq və din adına həqarət olan 14 saylı Cəzaçəkmə Məüssisəsində baş verənlərlə bağlı öz nüfuzundan istifadə edərək müdaxilə etməsini, dustaqların həyatı üçün yaranan təhlükənin aradan qaldırılması üçün  hörmətli şeyxi müvafiq addımlar atmağa çağırırırq. Təəssüflə qeyd etmək lazımdır ki, 14 saylı Cəzaçəkmə Məüssisəsində təzyiqlərə, zorakalıqlara, işgəncələrə məruz qalan dustaqların böyük bir qismi oruc tutub namaz qılan din adamlarıdır”.

Təşkilat həbs yerlərində məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması, məhbuslara qarşı qanun çərçivəsində münasibət göstərilməsini, zorakılığa və qanunsuzluğa yol vermiş Penitensiar Xidmət əməkdaşları haqqında ölçü götürülməsini tələb edib. /

Google+ WhatsApp ok.ru