16 yaşına çatmayan sərnişinləri kəmərə görə cərimələmək olmaz

16 yaşına çatmayan sərnişinləri kəmərə görə cərimələmək olmaz

Son günlər sürücülərdən əlavə, avtomobildə ön oturacaqda əyləşən sərnişinin də kəmər bağlamamasına görə cərimə olunması ictimai müzakirələrə səbəb olub. Bu məsələnin gündəmə gəlməsinin səbəblərindən biri də qəza halları zamanı ölümlərin qarşısını almaqdır. Bəs görəsən, qanunvericilikdə sərnişinlərin kəmər bağlamamasına görə cərimələr necə nəzərdə tutulub?
 
Nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, yol hərəkəti qaydaları və təhlükəsizlik baxımından avtomobilin həm qarşı tərəfində, həm də arxa oturacaqlarda oturan sərnişinlərin və sürücünün təhlükəsizlik kəmərini bağlaması mütləq şərtdir: “Təhlükəsizlik kəməri təkcə sürücü üçün deyil, avtomobildə hərəkət edən tam ekipaj üçün nəzərdə tutulub ki, hansısa qəza zamanı insanların sağlamlığına maksimum dərəcədə az ziyan dəysin. Bu kəmərlər istənilən halda can itkilərinin qarşısını alır. Yol hərəkəti qaydalarında da tələb olunur ki, sərnişinlər bu tələbə riayət etsinlər. Bu qaydalar təkcə Azərbaycanda deyil, həmçinin Gürcüstanda, Ukraynada, bizə yaxın olan Qazaxıstanda, yəni ən azından postsovet ölkələrində qarşı oturacaqda əyləşən sərnişinlər kəmərdən istifadə etmirsə, həmin nəqliyyat vasitəsi yol polisi tərəfindən saxlanılır, radarlara düşərkən cərimələr tətbiq olunur. Həmin cərimələr də radarlarda olubsa sürücüyə, birbaşa olaraq yol polisi saxlayıbsa, sərnişinə tətbiq olunur. Xatırlayırsınızsa, illər öncə nəqliyyat vasitəsini idarə edən sürücülər də kəmərlərdən istifadə etmirdilər. Zaman-zaman cərimələrin hesabına, aparılan maarifləndirmə işləri və təbliğat hesabın artıq Azərbaycanda buna nail olundu və təxminən 90 faiz sürücü kəmərdən istifadə edir. İndi yeni bir tendensiya başlayıb ki, bütün sərnişinlər kəmərdən istifadə etsinlər. Bu da can itkisinin qarşısının alınması və qaydalara riayət olunmasına xidmət edən bir addımdır və çox təqdirəlayiq haldır”.
 
Digər nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov da qeyd etdi ki, qanunvericilikdə ön və arxa oturacaqda oturmasına baxmayaraq bütün sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadəsi əsas şərt kimi qoyulub: “Həm də təkcə minik avtomobillərində deyil, yük avtomobilində də, şəhərlərarası avtobuslarda da, mikroavtobuslarda da bütün sərnişinlər kəmər bağlamalıdırlar. Şəhər daxilində ayaq üstə sərnişin daşımağa icazə verilən avtobuslar istisna olmaqla, qalan digər nəqliyyat vasitələrində kəmər bağlanmalıdır. Artıq dünyada kəmər olmayan avtomobili heç kim istehsal etmir. 780 ton götürən yük avtomobilinin də həm sürücüsünün, həm də sərnişininin kəməri var. Ölkələrarası fəaliyyət göstərən, Bakıdan İstanbula, Tiflisə gedən avtobuslarda da bütün sərnişinlərin təhlükəsizlik kəməri olmalıdır və hərəkət vaxtı bağlanmalıdır. Minik avtomobillərinin bütün sərnişinlərinin kəməri olmalıdır və bağlanmalıdır”.
 
Ekspert qeyd etdi ki, qanunvericiliyə görə, yalnız 12 yaşa qədər uşaqların, hamilə qadınların kəmər bağlaması nəzərdə tutulmur: “Bir də operativ nəqliyyat vasitələrinin sərnişinlərinin şəhərin içində hərəkət edərkən kəmər bağlaması nəzərdə tutulmur. Lakin şəhərdən kənarda onların da kəmər bağlaması mütləqdir. Bunu da hamıya nümunə göstərməlidirlər. Kəmər bağlamamağa görə bayaq istisna etdiyim sərnişinlər istisna olmaqla, digərləri 30 manat məbləğində cərimə olunurlar. Sərnişin kəmər taxmayıbsa, sərnişinin özü cərimə olunur. Sürücü buna görə məsuliyyət daşımır. Sərnişinlərə gəlincə, 16 yaşından aşağı olanları cərimələmək olmaz. Kəməri bağlamayan sürücünün cəriməsi isə 40 manatdır”. (musavat)

Google+ WhatsApp ok.ru