17 su anbarının tikilməsi nəzərdə tutulub

17 su anbarının tikilməsi nəzərdə tutulub

-- hər bir vətəndaş suyu qənaətlə işlətməlidir

"İqlim dəyişmələri nəticəsində Azərbaycanda yağıntıların miqdarının azalması, eyni zamanda buxarlanmanın artması çaylarda suyun səviyyəsinə təsir edir".
 
Bunu Coğrafiya  İnstitutunun direktoru, akademik Ramiz  Məmmədov deyib.  
 
R. Məmmədov bildirib ki, respublikanın əksər yerlərində çaylarda suların miqdarı azalıb: " Lənkəran iqtisadi rayonunda çayların su ehtiyatlarının qiymətləndirilməsi nəticəsində məlum oldu  ki, çaylarda suyun miqdarı azalıb, ancaq 4 çayda suyun miqdarı nisbətən çoxalıb. Bu da həmin ərazinin şaquli paylanmasında azonallıq olması ilə əlaqəlidir. Yəni dörd çay həmin əraziyə düşür". 
 
Çaylarda suyun səviyyəsinin azalmasının təkcə iqlim dəyişmələri ilə əlaqəli olmadığını deyən R. Məmmədov bildirib ki, bu, xüsusilə, kənd təsərrüfatı fəaliyyəti  ilə əlaqəlidir. Yeni əkin sahələri yaradılır və sulardan istifadə çoxalır. 
 
İnstitut direktorunun sözlərinə görə, Yer kürəsi alimlərinin proqnozunda qeyd edilir ki,  iqlimin istiləşməsi davam edəcək və quraq ərazilərdə yağıntının miqdarı daha da azalacaq, rütubətli ərazilərdə isə yağıntının miqdarı artacaq: "Azərbaycanın 60 faizi quraq ərazidir. Bizdə yağıntılar bir az da azalacaq. Bunun qarşısını almaq üçün su anbarları tikilməlidir. 17 su anbarının tikilməsi gözlənilir.  Bu, qarşıdakı o qara günə qarşı bir tədbirdir. Bundan başqa, hər bir vətəndaş suyu qənaətlə işlətməlidir".(APA)
 

Google+ WhatsApp ok.ru