18 beynəlxalq təşkilat Azərbaycan hökumətinə qarşı

18 beynəlxalq təşkilat Azərbaycan hökumətinə qarşı

18 beynəlxalq təşkilat Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) İdarə Heyətinə birgə məktub yazaraq, Azərbaycanın qurumdakı fəaliyyətinin dayandırılmasına çağırış edib. Məktubun xülasəsini təqdim edirik:
 
Əziz Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) İdarə Heyəti üzvləri, oktyabrda Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündəki (EİTİ) statusuna baxılacaq. Aşağıda imzası olan təşkilatlar vətəndaş cəmiyyəti üçün əlverişli mühit yaratmağa dair irəli sürülən tələblərə məhəl qoyulmaması səbəbilə, Azərbaycanın təşəbbüsdəki fəaliyyətinin dayandırılması üçün EİTİ İdarə Heyətinə çağırış edir.
 
2015-ci ilin aprelində EİTİ Azərbaycanın statusunu əvvəlki tamhüquqlu üzvdən namizəd üzvə endirmişdi və ölkənin statusunu bərpa edə bilməsi üçün tədbirlər planı hazırlamışdı. Azərbaycana sonuncu səfəri zamanı, 8 oktyabr 2015-ci ildə EİTİ sədri Kleyr Şort Prezident İlham Əliyevlə görüşdü. Görüş zamanı, Prezident Əliyev vətəndaş cəmiyyətinin fəaliyyətinə qoyulan məhdudiyyətləri etiraf etdi və söz verdi ki, onları aradan qaldıracaq.
 
 
Bundan sonra hökumət məhdud da olsa, EİTİ-nin tədbirlər planında nəzərdə tutulan məsələlərə dair bəzi sağlamlaşdırıcı addımlar atdı. Ancaq əsas problemlər həll olunmamış qaldı. Hökumət son aylar vətəndaş cəmiyyətinə qarşı yeni repressiyalar başladıb.
 
Hökumət Azərbaycanın EİTİ QHT Koalisiyası təmsilçilərinə təzyiqlər etməklə, onların EİTİ-nin qarşıya qoyduğu məqsədlərə effektiv töhfələr verməsinin qarşısını alır.
 
Saxta ittihamlarla həbs edilən EİTİ QHT Koalisiyasının iki üzvü, Asif Yusifli və Fuad Qəhrəmanlı hələ də həbsdə qalır. AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli 2014-cü il noyabrın 25-də həbs edilib. Ona qarşı fırıldaqçılıq və saxtakarlıq ittihamları irəli sürülməklə, 6 illik həbs cəzası verilib. AXCP sədr müavini Fuad Qəhrəmanlı Facebook-da yazdığı statusa görə dini nifrəti alovlandırmaqda ittiham olunaraq, 8 dekabr 2015-ci ildə həbs edilib. Onun Facebook şərhi ifadə azadlığından legitim istifadə hüququnu özündə ehtiva edir. Amnesty İnternational Fuad Qəhrəmanlını vicdan məhbusu elan edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib, cinayət işi prosesi hazırda davam edir. Hər iki məhbusa qarşı irəli sürülən ittihamlar siyasi motivlidir və onların müxalif siyasətçi kimi fəaliyyətlərinin qarşısını almaq məqsədi güdür.
 
Daha sonra, Fuad Qəhrəmanlının xanımı, Zümrüd Yağmurun “Ölkə adı: 22” romanının kitab mağazalarında satışına qadağa qoyuldu. Buna səbəb kitabın tənqidi ruhda yazılmasıdır.
 
EİTİ Koalisiya Şurasının daha bir üzvü və Demokratik İslahatlar Uğrunda Cəmiyyətin sədri Oqtay Gülalıyev 2012-ci ildə başlayıb və hələ də davam edən cinayət işi prosesi ilə əlaqədar səyahət qadağası ilə üzləşib. 20 aprel 2012-ci ildə Gülalıyev barəsində “hökumətin qanuni əmrlərinə fəal itaətsizlik”, “zorakılıq və kütləvi iğtişaşlara çağırış” ittihamları ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. 13 iyun 2012-ci ildə Sabirabad rayon Məhkəməsi həbs-qətimkan tədbirini dəyişərək, polis nəzarətində qalmağı şərtilə onu şərti azadlığa buraxdı. Ancaq ona qarşı açılmış cinayət işi hələ də bağlanmayıb.
 
Koalisiyanın digər üzvləri Zöhrab İsmayıl, Elçin Abdullayev və Səbuhi Qafarov həbsə düşməmək üçün 2014-cü ildə QHT-lərə qarşı başlanan cinayət işinə görə ölkəni tərk etməyə məcbur olub. Rəsul Cəfərov və İntiqam Əliyev də daxil olmaqla, bir neçə QHT sədri o vaxtı bu cinayət işi ilə əlaqədar həbs edilmişdi.
 
Məhdudlaşdırıcı QHT qanunları da QHT-lərin fəaliyyətinə maneə törədir. Bakıdakı müstəqil üzvlərin fəaliyyət imkansızlığı Koalisiyada hökumət yönlü QHT-lərin sayının artmağına gətirib çıxarıb. Bu da hökumətə imkan verib ki, EİTİ çərçivəsinə QHT-lərin fəaliyyətini nəzarətdə saxlasın.
 
Biz EİTİ İdarə Heyəti üzvlərinə çağırış edirik ki, aşağıdakı məsələlər həll edilməyənə qədər Azərbaycanın təşəbbüsə üzvlüyü dayandırılsın:
 
QHT-lərin fəaliyyətini məhdudlaşdıran QHT qanunları ləğv edilsin və vətəndaş cəmiyyəti üçün normal iş mühiti yaradan qanunlar qəbul edilsin;
 
Xarici maliyyələşmə üçün QHT-lərə qoyulan lüzumsuz tələblər aradan qaldırılsın;
 
EİTİ üzvləri Fuad Qəhrəmanlı və Asif Yusifli də daxil olmaqla, dərhal və qeyd-şərtsiz Azərbaycandakı bütün siyasi məhbuslar azad edilsin;
 
Müstəqil QHT-lərə və hökumət tənqidçilərinə təzyiq məqsədilə cinayət işlərinin quraşdırılması ənənəsinə son qoyulsun, QHT və onların sədrlərinin bank hesabları açılsın, hökumət tənqidçilərinin kitablarının satışına və xaricə səyahətlərinə qoyulan qərəzli qadağalar aradan qaldırılsın;
 
Vətəndaş cəmiyyəti təşkilatlarının işinə maneə yaradan qeydiyyat prosedurları sadələşdirilsin.
 
Məktubu imzalamış beynəlxalq təşkilatlar:
 
ARTICLE 19
 
CEE Bankwatch Network
 
Civil Rights Defenders
 
Crude Accountability
 
Freedom House
 
Freedom Now
 
Human Rights House Foundation
 
Index on Censorship
 
Institute for Reporters’ Freedom and Safety
 
International Media Support
 
International Partnership for Human Rights
 
Netherlands Helsinki Committee
 
Norwegian Helsinki Committee
 
PEN America
 
PEN International
 
People in Need
 
Urgewald
 
World Organisation Against Torture (OMCT)
(azadliq.info)

Google+ WhatsApp ok.ru