18 yaşdan yuxarı əhalinin 72,4 faizi banklara borcludur

Azərbaycanda vətəndaşların kredit ödənişində böhran vəziyyəti yaranıb; xeyli adamın avtomobili əlindən alınıb

Azərbaycanda problemli kreditlərin məbləği getdikcə daha da artır. Çünki əhali kredit borclarının ödənilməsində ciddi çətinliklərlə üzləşib. Kreditlərin faiz dərəcələrinin yüksək olması, Mərkəzi Bankın fevralda qəbul etdiyi qərarla manatın bir gecədə dollara nisbətdə 34 faiz dəyərini itirməsi, neft gəlirlərinin azalması fonunda bir sıra iş yerlərinin bağlanması və s. amillər kredit borcu olan vətəndaşların durumunu ağırlaşdırıb.

Dünən Mərkəzi Bank kredit borclarının statistikasını açıqlayıb. Həmin statistikanı təhlil edən hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, məlum olur ki, 2 milyon 381 min 592 nəfər fiziki şəxsin banklara borcu var. Üstəlik, 1 milyon 115 min 820 nəfər də borclara zamin olub. Beləliklə, bankların caynağında olan insanların ümumi sayı 3 milyon 497 min 412 nəfərdir.
Hüquqşünas yada salır ki, Azərbaycanda keçirilmiş son seçkidə - ötən ilin dekabrında bələdiyyə seçkilərindəki seçici siyahısında 18 yaşını tamamlamış şəxslərin sayı 4 milyon 831 min 328 nəfər göstərilmişdi: “Deməli, Azərbaycanda 18 yaşından yuxarı əhalinin 72,4 faizi banklara borcludur. Bu siyahıya əmək qabiliyyəti olmayanlar, pensiyaçılar və s. də daxildir”.
Məlum olduğu kimi, ölkədə kreditləşmənin əsas növü olan avtomobil krediti ümumi kredit portfelində əhəmiyyətli paya malikdir. Əldə etdiyimiz məlumata görə, bu sektorda da ciddi problemlər yaşanmaqdadır.
Bank bazarındakı mənbənin “Azadlıq”a verdiyi məlumatda bildirilir ki, kreditlə avtomobil əldə etmiş xeyli adam ödəniş problemilə üzləşdikləri üçün avtomobillərini itirmək məcburiyyətində qalıblar.

Vətəndaşların avtomobil kreditlərinin ödənişində yaranmış problemlərin əsas səbəblərindən biri kimi qiymətlərdə yaranan 35-40 faizlik ucuzlaşma göstərilir. Eyni zamanda,ÿ taksi fəaliyyətilə məşğul olan şəxslərlə bağlı qadağalar da bank sektoruna əlavə problemlər yaradıb. Çünki kreditlə avtomobil əldə edib, taksi fəaliyyətilə məşğul olan şəxslərin düşdüyü çətin durum onların krediti ödəməsində çətinlik yaradır.
Vəziyyəti təhlil edən iqtisadçı ekspert Qadir Ibrahimli deyir ki, avtomobil bazarındakı ucuzlaşma fərqli bir tendensiya yaradır. Bununla belə, ekspert bu sektorda banklar üçün hər hansı ciddi problemlər yaranacağını düşünmür: “Avtomobillərin ucuzlaşması heç bir halda, müştəri və bank üçün əlavə öhdəliklər yaratmayacaq”.
Azərbaycanda yeni qiymətlər sisteminə keçid baş verdiyini deyən Qadir Ibrahimli vurğulayır ki, manatın devalvasiyasından sonra yeni maliyyə situasiyası yaranıb və bu da yeni qiymətlər sistemini şərtləndirir: “Maliyyə gəlirləri azalmağa doğru gedir və bu ölkənin iqtisadi sektorunda ciddi dəyişiklikləri vacib edir. Hökumət həm büdcə, həm də investisiya siyasətinə yenidən baxmalıdır. Bu baxımdan, yeni qiymət siyasəti inzibati yolla deyil, bazar qanunlarına uyğun şəkildə həllini tapmalıdır”.
Ekspertin sözlərinə görə, banklar üçün avtomobil kreditlərində yaranan problemlərinin həlli daha sadədir. Çünki avtomobil bankın girovu olur və ödənişdə problem yarananda banklar məhkəmə qərarı ilə onu müsadirə edə bilir: “Nəzərə alsaq ki, banklar avtomobilin təxminən 60-70 faizini maliyyələşdirir, bu da onlar üçün sonrakı mərhələdə hər hansı bir risk yaratmır”.

Google+ WhatsApp ok.ru