19. Məsafə ölçüsü və uzun dayanacaqlar-2

19. Məsafə ölçüsü və uzun dayanacaqlar-2

61-ci hicri-qəməri ilində, Ərbəin günü İmam Hüseyn (ə) xanədanının Kərbəlada olmasına şübhə yaradan səbəb Kufədən Şama və Şamdan Kərbəlaya olan məsafə ölçüsü, xüsusilə də, onları yol boyu və Şamda uzun müddət saxlamalarıdır. Şeyx Abbas Qumi “Münətəl-amal” kitabında bu haqda yazır: Mötəbər hədisçi və tarixçilər qeyd edirlər ki, İmam Hüseynin (ə) şəhadətindən sonra Ömər Səd ilk öncə şəhidlərin başlarını İbn Ziyadın yanına göndərdi və ondan sonra başqa bir gündə Əhli-beyt əsirlərini Kufəyə apardı. İbn Ziyad da Əhli-beytə (ə) tənə vurub onları məzəmmət etdikdən sonra onları zindana saldı və Yezidə bir məktub yazdı ki, şəhidlərin başlarını neyləsin? Yezid cavabında başları Şama göndərməsini bildirdi. Bundan sonra İbn Ziyad Əhli-beyt əsirlərini Şama göndərdi. Həmçinin mötəbər kitablarda qeyd edilir ki, Əhli-beyt əsirlərini əsas yollardan, şəhərlərdən və abadlıqlardan keçirdilər. Bu da, təqribən, qırx mənzilə yaxındır, hətta əgər onları səhralardan, kənar yollardan keçirdiklərini desək, iyirmi günə yaxın vaxt keçər. Ona görə ki, Kufə və Şam arasında düz xətt boyu məsafə 175 fərsəxə bərabərdir və Şamda da bir ay müddətində dayanıblar. Necə ki, Seyid ibn Tavus “İqbal” kitabında qeyd etmişdir. Deməli, yuxarıdakı mülahizələrlə Əhli-beyt əsirlərinin Səfər ayının 20-də və Cabir ibn Abdullah Ənsarinin Kərbəlaya gəldiyi gündə Kərbəlaya daxil olmaları həqiqətdən çox-çox uzaqdır. Seyid ibn Tavus da öz “İqbal” kitabında bunu inandırıcı bilməmişdir. Bundan əlavə, hədis, tarix və üslüb dühaları bu məqama işarə etməmişlər. Şeyx Müfid, Şeyx Tusi və Kəfəmi Əhli-beyt əsirlərinin Səfər ayının 20-i Mədinəyə gəldiyini deməklə kifayətlənmişlər. Həmçinin iki mötəbər kitabda, “Misbahuz-zair” kitabında Seyid ibn Tavusdan və “Bəşarətul-Mustafa” kitabında İmadəddin Əbülqasim Amulidən Cabir ibn Abdullah Ənsarinin Kərbəlaya gəlməsi nəql edilsə də, Əhli-beyt əsirlərinin o zaman gəlişinə əsla toxunulmamışdır, hərçənd məqam nöqteyi-nəzərindən xatırlanması gərəkirdi. (“Müntəhəl-amal”, Şeyx Abbas Qumi, İmam Hüseynin (ə) həyatı, ixtisarla).

 
Hacı Nuri “Lölö və mərcan” (səh. 181-192) və Əllamə Mürtəza Mütəhhəri “Həmaseyi-Hüseyni” (c.1, səh.30) kitablarında onu həqiqətdən uzaq, hətta mümkünsüz hesab etmişlər.
 
Bunu da qeyd etmək lazımdır ki, əgər məsafə və Əhli-beyt əsirlərinin Şamda uzun müddət dayandırılmasını qəbul etsək (necə ki, Seyid ibn Tavus “İqbal”da qeyd etmişdir), Səfər ayının 20-də Kərbəlaya və ya Mədinəyə daxil olmaları həqiqətdən kənardır. Bu versiya Şeyx Müfid, Şeyx Tusi və Kəfəminin İmam Hüseyn (ə) xanədanının Səfər ayının 20-i Mədinəyə girməsini iddia edən nəzərləri ilə uyğun gəlmir.
 
Amma belə bir hadisənin araşdırılmasına ümdə maneə sayılan məsafə ölçüsü və uzun müddət Şamda dayanma məsələsinə aşağıdakı şəkildə aydınlıq gətirmək olar: Bir sıra kitablarda qeyd edilir ki, karvandakı əsirlərin Şama girdiyi gün Səfər ayının ilk gününə təsadüf edir. Bəni-Üməyyə də bu günü özləri üçün bayram etdi. (Şəhid Ayətullah Qazi Təbatəbai yazır: “Bəzi mötəbər kitablarda qeyd edilir ki, Məhərrəm ayının 15-i əsirləri Kufəyə yolladılar və təxminən, on-on beş günə Şama çatdılar”. (“Ərbəin barəsində araşdırma”, səh. 23.))
 
Şeyx Abbas Qumi də yazır: “Şeyx Kəfəmi, Şeyx Bəhai və Mühəddis Kaşani deyirlər ki, Səfərin ilk günü İmam Hüseynin (ə) mübarək başını Şama gətirdilər və Bəni-Üməyyə o günü bayram etdi. O gün möminlərin qəmi bir daha təzələndi...” (“Nəfəsul-məhmum”, səh. 239.)
 
Bəli, əsirlər karvanı mübarək başlarla yanaşı Şama daxil oldu. Deməli, onlar Səfərin ilk günü Şamda idilər. Ancaq onların Şamda qalma müddəti – Seyid ibn Tavusun “İqbal”da bunu bir ay bilməsi həqiqətə uymur. Ona görə ki, həzrət Zeynəb (s.ə) və İmam Səccadın (ə) xütbələri nəticəsində Şamdakı vəziyyətin dəyişməsindən sonra Əhli-beyt (ə) karvanı Şamda əzadarlıq üçün Yeziddən icazə alıb bir neçə gün əza məclisi təşkil etdilər. Nəhayət, Yezidə dedilər ki, İmam Hüseynin ailəsini bu şəhərdə saxlamaq məsləhət deyil, onları Hicaza yolla! O da elə etdi. (“Nəfəsul-məhmum”, səh. 263-265.)
 
Şeyx Müfid belə yazır: “Yezidin məclisindən sonra əmr verildi ki, onları Yezidin sarayına yaxın bir evdə saxlasınlar”. Sonra əlavə edir: “Bir neçə gün orada qaldılar, sonra Yezid Noman ibn Bəşiri çağırıb ona göstəriş verdi ki, əsirləri yola hazırlasın.” (“İrşad”, Şeyx Müfid, səh. 480.) Tanınmış tarixçi Təbəri yazır: “Onlar (Şamda) üç gün matəm mərasimi bərpa etdilər.” (“Təbəri tarixi”, c. 4, səh. 353)
 
Deməli, onların Şamda bir ay qalması yalnız Seyid ibn Tavus tərəfindən “İqbal”da nəql olunub. Şamın vəziyyətini və Əhli-beytin (ə) Bəni-Üməyyəni ifşa etməsini nəzərə alsaq, Əməvi sisteminin Əhli-beyti (ə) uzun müddət Şamda saxlamağı məsləhət görməsi inandırıcı deyil. Odur ki, Əhli-beytin (ə) bir neçə gün Şamda qaldığını yazanların nəzəri həqiqətə daha uyğundur. Nəticə etibarı ilə, onların Şama girişi və Yezidin məclisində iştirakları Səfərin ilk gününə təsadüf etsə və ən çox bir həftə orada qaldıqlarını qəbul etsək, Əhli-beyt əsirləri Səfərin 20-nə on iki gün qalmış (Səfərin 8-i) Şamdan yola düşməlidir. Bu müddət karvanın Şamdan Kərbəlaya çatmasına kifayət edir. Ona görə ki: a) Seyid ibn Tavus “İqbal”da Əhli-beyt (ə) karvanının Ərbəin günü Kərbəlaya daxil olmasını həqiqətdən uzaq bilməsinə rəğmən yazır: “Kufədən Şama gedib-qayıtmaq iyirmi gün çəkir.” (“İqbal”, c.3, səh.101.)
 
Deməli, 12 gün ərzində Şamdan Kərbəlaya çatmaq mümkündür. b) Taridə göstərilir ki, Mərvan ibn Həkəm qoşun başçısı Amir ibn Rəbiəni Muxtarla döyüşmək üçün yüz min qoşunla Şama göndərdi. Onlar on gün ərzində Kufəyə çatdılar. (“Ərbəin barəsində araşdırma”, səh.21.)
 
Aydındır ki, əgər yüz minlik qoşun on gün ərzində Kufəyə çata bilirsə, kiçik bir karvanın on iki gün müddətində Kərbəlaya yetişməsində bir nöqsan görünmür. Şəhid Qazi Təbatəbai, Şam-İraq yolunu on gündən az bir müddətdə getməyin mümkünlüyünü göstərən çoxlu tarixi qeydlər gətirmişdir. Hətta “Əyanuş-şiə” kitabının müəllifi Seyid Möhsin Əmin belə nəql edir: “Şam və İraq arasında bir düz yol var. Zirək ərəblər bizim dövrdə o yolla gedir və bir həftə ərzində İraqa çatırlar.” (Ətraflı məlumat üçün bax: “Ərbəin barəsində araşdırma”, səh. 18-30.) c) İmam Hüseyn (ə) Məkkə ilə Mədinə arası 470 km-lik yolu beş günə getdi. Belə ki, o Həzrət Rəcəb ayının bitməsinə iki gün qalmış Mədinədən çıxıb Şaban ayının üçü Məkkəyə çatmışdı. Deməli, Şamdan Kərbəlayadək olan 600 km məsafəni on gün ərzində rahatlıqla keçmək olar (diqqət edin!).
 
Hər halda, göstərici və şahidlər toplusu, eləcə də alim və tədqiqatçıların qeyd edilən kəlamları Əhli-beytin (ə) Ərbəin günü Kərbəlaya gəlməsi versiyasını gücləndirdi və Əhli-beyt (ə) karvanının Cabir və yoldaşları ilə Kərbəlada görüşüb əzadarlıq keçirmələrinə etiqad bəsləyən kəslərin sözlərini təsdiqlədi. Cənab Seyid ibn Tavus “İqbal” kitabında onu həqiqətdən uzaq bilməsi də bir ziddiyət yaratmır, çünki o, Əhli-beytin (ə) Şamda bir ay qalması fərziyyəsi ilə Ərbəin günü Kərbəlaya gəlmələrini inkar edirdi. Necə ki, bu tarixdə Mədinəyə də gəlmələrini qəbul etmir. Əsirlər karvanının Şamda qalma müddətinin on gündən də az olduğu dəqiqləşdikdən sonra Seyid ibn Tavusun “Lühuf” kitabında ravinin dilindən nəql etdiyi sözünü, yəni onların Cabirlə eyni vaxtda Kərbəlaya girməsini qəbul etmək həqiqətə daha uyğundur. Əslində, Seyid ibn Tavus mötəbər bir tarixdə bu hadisəni görmüş və onu “Lühuf”da nəql etmişdi, lakin sonralar başqa bir tarixdə onların bir ay Şamda qaldığını oxuduqda, Əhli-beyt (ə) karvanının Ərbəin günü Kərbəlaya gəlməsini qeyri-mümkün bilmişdir. Nəticədə, Əhli-beyt əsirlərinin Şamda bir ay qaldığını deyən şəxslərin sözünü rədd etməklə, onların hicri tarixlə 61-ci ilin Ərbəinində Kərbəlaya girməsi mövzusu öz təsdiqini tapır. Hadisənin özü də bu karvanın Mədinəyə getməzdən öncə, növbəti dəfə asudə şəkildə Kərbəlaya gedib şəhidlərin qəbrini bir daha ziyarət etdiklərini göstərir. Hacı Mirzə Ərbab (Qumun tanınmış alimlərindən) yazır: “İkrah hissi və biçarəliklə Kərbəladan köçən, ağlamaq və matəm saxlamağa qadağan olunan və öz şərafətli şəhidlərinin cəsədlərini qızmar günəş altında görən qəlbi sınıq qafilənin müqəddəs qəbirlərin vəziyyətindən xəbərdar olmadan, mövcud durumu bilmədən Mədinəyə dönmələri və o müqəddəs türbənin ziyarətinə nail olmamaları adəti üzrə həqiqətdən kənar görünür.” (“Ərbəini-Hüseyniyyə”, səh. 242-243; “Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.627-629 və 635-638.)