1934-cü ildən sonra Bakıda belə isti oktyabr olmayıb

1934-cü ildən sonra Bakıda belə isti oktyabr olmayıb

Anomal hava şəraitinin kənd təsərrüfatına hansı ziyanları ola bilər?
 
Bir neçə gündür ki, Azərbaycanda havalar oktyabr ayına xas olmayan tərzdə isti keçir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev apa.az saytına açıqlamasında bildirib ki, bu cür isti hava şəraiti 1934-cü ildə müşahidə olunub:
 
 
“Son 2-3 gündə Bakıda və Abşeron yarımadasında gündüz 19-22, Aran rayonlarında 21-25, dağlıq ərazilərdə 18, Naxçıvan Muxtar Respublikasında 20-25 dərəcə isti müşahidə olunmaqdadır. Hazırda Bakıda müşahidə olunan temperatur iqlim normasından 2 dərəcə yüksəkdir. Ötən illərdə oktyabr ayında isti hava şəraiti 1934-cü ildə müşahidə olunub: ”Ondan sonra nisbətən isti hava şəraiti 2002 və 2012-ci illərdə qeydə alınıb. Bu il oktyabrda ən yüksək temperatur ayın əvvəlində olub və 27.5 dərəcə istilik təşkil edib. Ondan sonrakı günlərdə temperatur 20-24 dərəcə arasında dəyişib. Oktyabr ayında bundan da yüksək temperatur müşahidə olunan illər olub. Məsələn, 2012-ci ildə Bakıda 32.7, 2013-cü ildə 31.6, hətta keçən il 28.8 dərəcə isti qeydə alınıb. Bu il oktyabrda müşahidə olunan temperatur ötən illərlə müqayisədə aşağıdır".
 
Bəs bu cür xarakterik olmayan isti hava şəraiti kənd təsərrüfatına hansısa mənfi təsir göstərə bilərmi? Mövzu ilə bağlı kənd təsərrüfatı eksperti Nicat Nəsirli “Yeni Müsavat”a danışıb. O deyib ki, hazırda kənd təsərrüfatında son fazadır: “Yəni əksər bitkiçilik sahəsində əkin-biçin, habelə meyvə növlərinin yığımı başa çatıb. Ümumiyyətlə, bu cür isti hava şəraiti meyvəçiliyə heç bir mənfi təsir göstərmir. Çünki bu elə bir dövrdür ki, qeyd etdiyim kimi, bağlarda 90 faiz meyvələr yığılıb. Yağıntıların olmaması pambıq yığımını aktiv aparmağa imkan verir. Əgər yağıntılar olsa pambığın yığılmasına əngəl yaradacaq. Əkinçilik baxımından isə bəzi rayonlarda optimal səpin aparılmalı idi, quraqlıq olduğundan bitkinin çıxışı zəifdir. Ona görə də fermerlərə məsləhət görmüşük ki, səpini indi deyil, noyabrın birinci ongünlüyündən sonra aparsınlar. Çünki indi səpilən taxıl qəfildən çıxış edəcək və qəfildən şaxtalar düşəndə taxılın məhsuldarlığına ziyan vuracaq. Buna görə də səpini optimal vaxtda aparmaq olmaz. Bu dediklərim əsasən aran rayonlarına aiddir. Dağlıq rayonlarında isə adətən səpin noyabr ayının ikinci ongünlüyündən başlayır və optimal vaxtda başa çatır. Beləliklə, havanın isti keçməsinin əkinçiliyin yalnız bu istiqamətinə riski var”.
 
 
Yeri gəlmişkən, oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-22, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 75-88, gündüz 55-65 faiz olacaq.
 
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 8-12, gündüz 20-25, dağlarda gecə 3-7, gündüz 7-11 dərəcə isti təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
 

Google+ WhatsApp ok.ru