19 illik danışıqlarda növbəti mərhələ

19 illik danışıqlarda növbəti mərhələ

İyulun ilk on günlüyündə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyə qəbul olması ilə bağlı görüş gözlənilir.
 
APA bu xəbəri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevə istinadən yayıb.
 
M.Məmmədquliyev bildirib ki, iyunun əvvəlində Azərbaycan tərəfi artıq işçi qrupa kənd təsərrüfatı və qanunvericilikdə nailiyyətlərlə bağlı bir neçə sənəd təqdim edib: «4 həftə lazımdır ki, işçi qrupun üzvləri sənədlərlə tanış olsunlar. Razı və ya narazılıqlarını bildirsinlər».
 
ÜTT 1995-ci ildə yaradılıb. Hazırda dünyanın 162 ölkəsi bu qurumun üzvüdür. Dünya ticarətinin 98 faizindən çoxu ÜTT-yə üzv ölkələrin payına düşür. ÜTT çoxtərəfli sazişlər əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir. ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılmasıdır.
 
Azərbaycan üzvlüklə bağlı 1997-ci il iyunun 23-də ÜTT Katibliyinə müraciət edib. Həmin zamandan indiyə kimi davam edən danışıqlar real nəticə vermir. Müstəqil iqtisadçılar düşünür ki, Azərbaycan hökuməti danışıqlar aparsa da ÜTT-yə üzvilikdə bir elə maraqlı deyil. Çünki belədə iqtisadi islahatlara getməli və gömrükdə monopoliyanın qarşısı alınmalıdır. (azadliq.org)

Google+ WhatsApp ok.ru