2. Sədəqə bizə haramdır!

2. Sədəqə bizə haramdır!

Müslim Cəssas adlı bir şəxs deyir: "İbn Ziyad məni “Darul-imarə”ni (hökumət binası) təmir etmək üçün Kufəyə çağırmışdı. Mən Darul-imarənin qapısının ağız hissələrini təmir etməklə məşğul idim ki, səs-küy eşitdim. Bizimlə birlikdə olan xidmətçidən soruşdum: "Bu səs-küy nəyə görədir?" Dedi: "Yezidin əleyhinə qiyam qaldıran bir xaricinin başını gətirirlər." Dedim: "O xarici – qiyama qalxan şəxs kimdir?" Dedi: "Hüseyn ibn Əli." Mən həmin xidmətçi ilə danışığı kəsdim və onun getməsini gözlədim. Qəm-qüssənin şiddətindən üzümə elə zərbə vurdum ki, gözümün kor olacağından qorxdum. Sonra əllərimi yuyub sarayın arxa tərəfinə keçdim, oradan da Kufənin Kunəsə məhəlləsinə çatdım. Orada camaatın əsirlər və başların çatmasının intizarında olduğunu gördüm. Çox keçmədi ki, qırx dəvənin üstünə qırx kəcavə qoyulduğunu, qadınlar, uşaqlar və Fatimə (s.ə.) övladlarının onlara mindirildiyini gördüm. Sonra gözüm çılpaq dəvənin üzərinə mindirilmiş və boynunun damarlarından qan axan, ağlayaraq bu şeirləri oxuyan İmam Əli ibn Hüseynə (ə) sataşdı:
 
يا أُمَّةَ السَّوءِ لا سُقْيَا لِرَبْعِكُمْ‌
يا امَّةً لَمْ تُراعِ جَدَّنا فينا
لَوْ أَنَّنا وَ رَسُولُ اللَّهِ يَجْمَعُنا
يَوْمَ الْقِيامَةِ ما كُنْتُمْ تَقُولُونا؟
تُسَيِّرونا عَلَى الْأَقْتابِ عارِيَةً
كَأَنَّنا لَمْ نُشَيِّدْ فيكُمْ دينا
بَني امَيَّةَ ما هذَا الْوُقُوفُ عَلى‌
تِلْكَ الْمَصائِبِ لا تُلَبُّونَ داعِيَنا
تُصَفِّقُونَ عَلَيْنا كَفَّكُمْ فَرَحاً
وَ أَنْتُمُ في فِجاجِ الْأَرْضِ تَسْبُونا
أَلَيْسَ جَدّي رَسُولُ اللَّهِ وَيْلَكُمْ‌
أَهْدَى الْبَرِيَّةَ مِنْ سُبُلِ الْمُضِلِّينا
يا وَقْعَةَ الطَّفِ قَدْ أَوْرَثْتِني حَزَناً
وَاللَّهُ يَهْتِكُ أَسْتارَ الْمُسيئينا
 
"Ey pis (əməl sahibi olan) ümmət! Heç zaman sizə yağış yağmasın! Ey bizim cəddimizin ehtiramını bizim barəmizdə gözləməyən ümmət! Əgər Qiyamət günü bizim və Allah Rəsulunun (ə) bir yerdə olduğumuzu (və siz bizi Allah Rəsulunun (s) kənarında) görsəniz, bizimlə bağlı nə cavab verəcəksiniz? Bizi çılpaq dəvələrə mindirir, şəhərlərdə gəzdirirsiniz, sanki biz dinin təməllərini sizin aranızda möhkəmləndirən kəslər deyilik. Ey Bəni-Üməyyə! Siz bizim başımıza gələn müsibətlərdən agahsınız, lakin bizim fəryadlarımıza cavab vermirsiniz. Siz bizim əsirliyimizə seviib əl çalır və bizi geniş yer üzündə əsir edirsiniz. Vay olsun sizə! Mənim cəddim camaatı azğınlıq yollarından doğru yola yönəldən Allahın Rəsulu (s) deyilmi? Ey Kərbəla hadisəsi! Mənim üçün özünlə yanaşı kədər gətirdin, lakin Allah-Taala pis əməl sahiblərinin üzərindən pərdəni kənara çəkəcək və onları rüsvay edəcəkdir."
 
Müslim Cəssa sözlərinə əlavə edir: "Digər tərəfdən qəfəslərdə aparılan uşaqlara camaatın çörək və xurma verdiyini gördüm. Bu zaman Ümmü-Gülsümün belə fəryad etdiyini müşahidə etdim:
 
يا أَهْلَ الْكُوفَةِ! انَّ الصَّدَقَةَ عَلَيْنا حَرامٌ‌
 
"Ey Kufə əhalisi! Həqiqətən, sədəqə bizə haramdır!"
 
(Bilirik ki, sədəqə iki qisimdir: Müstəhəb və "zəkat" kimi ifadə edilən vacib sədəqələr. İkinci qisimdən olan sədəqə xanım Zəhra (s.ə.) övladlarına haramdır və kufəlilər fəqir və digər ehtiyaclılara çatdırmaq üçün bir kənara qoyduqları sədəqələri İmam Hüseyn (ə) hərəminin uşaqlarına verirdilər və Ümmü-Gülsüm həmin məsələyə etiraz etdi.)
Camaat bu sözləri eşidib ağlayırdı, bu zaman Ümmü-Gülsüm yenidən buyurdu:
 
صَهْ يا أَهْلَ الْكُوفَةِ، تَقْتُلُنا رِجالُكُمْ، وَ تَبْكينا نِساؤُكُمْ؟ فَالْحاكِمُ بَيْنَنا وَ بَيْنَكُمُ اللَّهُ يَوْمَ فَصْلِ الْقَضاءِ
 
"Sakit olun, ey kufəlilər! Kişiləriniz bizi öldürür, qadınlarınızsa bizə ağlayır?! Sizinlə bizim aramızda Qiyamət günü hakim Allahdır."
 
O, camaatla beləcə danışdığı halda, şəhidlərin başlarını gətirdilər. Başların önündə İmam Hüseynin (ə) başı vardı. O Həzrətin mübarək başının ay və zöhrə ulduzu kimi parladığını, camaat arasında Allah Rəsuluna (s) ən çox oxşayan kəs olduğunu gördüm. Saqqalı qara idi, sanki həna qoymuşdu. Həmin nurani baş çıxan ay kimi nur saçırdı. Bu zaman xanım Zeynəb (s.ə.) qardaşının başına bir nəzər saldı və o Həzrətin başına işarə etdiyi halda, alışıb-yanaraq bu şeri oxudu:
 
يا هِلالًا لَمَّا اسْتَتَمَّ كَمالا
غالَهُ خَسْفَهُ فَأَبْدا غُروبا
ما تَوَهَّمْتُ يا شَقيقَ فُؤادي‌
كانَ هذا مُقَدَّراً مَكْتُوبا
يا أَخى! فاطِمَ الصَّغيرَةَ كَلِّمْها
فَقَدْ كادَ قَلْبُها أَنْ يَذُوبا
 
“Ey mənim hilalım! Kamil olduğun zaman, tutuldun və qürub etdin! Ey qəlbimin parçası! Əsla belə bir səhnənin müqəddər olacağını güman etməzdim. Ey qardaş! Öz kiçik Fatimənlə danış, ona görə ki, az qalıb (qəmin şiddətindən) ürəyi partlasın." ("Biharul-ənvar", c. 45, səh. 114-115 (azacıq fərqlərlə))
 
Bu qəmli hadisəyə nəzər saldıqda, görürük ki, Bəni-Üməyyənin təbliğat aparatı Kərbəla hadisəsini əksinə göstərmək üçün təlaş göstərir və onu bir qrup qiyamçının İslamın əleyhinə qalxması kimi tanıtdırır, lakin tezliklə pərdələr kənara çəkildi və onlar rüsvay oldu. Kufə əhalisi onların şəhərinin yaxınlığında baş verən əzəmətli hadisədən agah olub həddən artıq narahat, qəmgin və pərişan oldu. Belə ki, Kufə əzadarlıq məkanına çevrildi və inqilab toxumları həmin zamandan bu ərazilərə səpildi. (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.558-560.)
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru