2011-ci ildən bəri dünya üzrə mülki iğtişaşlar iki dəfə artıb

2011-ci ildən bəri dünya üzrə mülki iğtişaşlar iki dəfə artıb

İyunun 10-da İqtisadiyyat və Sülh İnstitutu Qlobal Sülh İndeksini açıqlayıb.
 
İndeksə görə, 2011-ci ildən bəri dünya üzrə mülki iğtişaşlar iki dəfə artıb. Ötən il 96 ölkədə zorakı nümayişlər keçirilib, vətəndaşlar iqtisadi çətinliklərə, polis qəddarlığına, siyasi sabitsizliyə etiraz ediblər.
 
“Son onillikdə sülhsevərlik azalsa da, 2008-ci ildən bəri 100 ölkə hərbi xərcləri azaldıb”, – hesabatda deyilir.
 
İndeks 2009-cu ildən bəri hər il hazırlanaraq ictimaiyyətə təqdim olunur.
 
14,5 trilyon dollarlıq iqtisadi ziyan
 
Ötən il daxili münaqişələr səngidiyindən zorakılıqların iqtisadi təsiri də nisbətən azalıb, ancaq zorakılıqlar qlobal iqtisadiyyata 14,5 trilyon dollar, yaxud qlobal ÜDM-nin 10,6 faizi qədər ziyan vurublar.
 
Artıq dördüncü ildir terrorçuluqdan ölüm halları azalır, ötən il 75% azalma müşahidə olunub.
 
İndeksdə vurğulanır ki, COVID-19-in iqtisadi təsiri siyasi sabitliyə, beynəlxalq münasibətlərə, münaqişələrə, vətəndaş hüquqları və zorakılığa mənfi iz buraxacaq, çox illər davam etmiş sosial-iqtisadi inkişafa zərbə vuracaq.
 
Koronavirus pandemiyasının iqtisadi çətinliklərindən ən çox İtaliya, Yunanıstan, Latviya və Polşanın ziyan görəcəyi, Norveç, Avstraliya və Yeni Zelandiyanın isə gələcəyi daha yaxşı yoluna qoyacağı bildirilir.
 
“İqtisadi geriləmə BMT-nin sülhməramlı əməliyyatlarına dəstəyi azaldacaq və sülhyaratma işi daha da çətinləşəcək, ancaq eyni zamanda proksi müharibələrdə də səngiməyə səbəb ola bilər”, – qurum qeyd edir.
 
İslandiya 2008-ci ildən bəri dünyanın ən dinc ölkəsi hesab olunur. Ondan sonra Yeni Zelandiya, Avstriya, Portuqaliya və Danimarka gəlir.
 
Əfqanıstan ikinci ildir sülh indeksinin dibində yer alır. Ondan sonra Suriya, İraq və Cənubi Sudan gəlir.
 
Azərbaycan 163 ölkə içində 120-ci yerdədir. /azadliq.org 
 

 

Google+ WhatsApp ok.ru