2017-ci ildə nikaha daxil olmaq istəyən 119 nəfərdə QİÇS aşkarlanıb

2017-ci ildə nikaha daxil olmaq istəyən 119 nəfərdə QİÇS aşkarlanıb

-- cinsi xəstəliklərə düçar olanların sayı çoxdur

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən 31 dekabr 2017-ci ilə kimi müayinədən 364 min 284 nəfər keçib.
 
Nəticədə 14 min 74 nəfərdə talassemiya daşıyıcılığı, 1333 nəfərdə sifilis, 282 nəfərdə isə QİÇS aşkarlanıb.
 
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
 
Zöhrə Əlimirzəyeva 2017-ci ildə 135 min 990 nəfərin tibbi müayinələrə cəlb edildiyini söyləyib:
 
“Onlardan 3 min 891 nəfərdə talassemiya daşıyıcılığı, 449 nəfərdə sifilis, 119 nəfərdə isə QİÇS qeydə alınıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 41-dir”. 
 
“Təmiz Dünya” Təşkilatının rəhbəri Mehriban Zeynalova Meydan TV-yə cinsi xəstəliklərə düçar olanların çox olduğunu deyib:
 
“Bunun səbəbi insnalarda qoruyucudan istifadə ənənəsinin olmamasıdır. Seks xidmətinə əl atanların çox olması xəstəliyin yayılmasına gətirir. Son zamanlar nikaha girənlər arasında nə qədər şəxsdə belə xəstəliklərin aşkarlanması üzə çıxır. Əslində, çoxları gizlədir və gizli müalicə etdirir, amma o da xroniki olur”.
 
Mehriban Zeynalova hesab edir ki, məcburi tibbi müayinə insan haqlarına ziddir. 
 
“Amma çox vaxt nikaha girən şəxslərin başqasının hüquqlarını pozaraq məlumatı gizlədirlərsə, onda məcburi tibbi müayinəni müsbət qarşılamaq olar. Məsələ ondadır ki, qarşı tərəf də tolerant olmur, xəstəlik aşkarlanan kimi nikahı dərhal pozurlar. Ona görə gənclər sağlamlıqlarına münasibətdə biganə olmamalıdır. İkinci, gizlilik də problem yaradır, gərək, nikaha girənlər, hər şeyi şəffaf bir-birinə açıqlasınlar. Bütün hallarda sağlam nəsil artırmaq baxımından məcburi müayinəyə müsbət yanaşmaq lazımdır”.  
 

Google+ WhatsApp ok.ru