2019-cu ilin dövlət büdcəsi parlamentə müzakirəyə göndərilib

2019-cu ilin dövlət büdcəsi parlamentə müzakirəyə göndərilib

Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarının həddi müəyyənləşib.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov BBC News Azərbaycancaya deyib ki, gələn il üçün ehtiyac meyarının həddi 13 manat artırılıb.
 
"Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib. Bu il bu rəqəm 130 manat idi".
 
Yaşayış minimumu isə bu illə müqayisədə 7 manat artırılır.
 
Vahid Əhmədov söyləyib ki, parlamentə təqdim edilən qanun layihəsində 2019-cu il üçün ölkə üzrə yaşayış minimumu 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsi nəzərdə tutulur.
 
2018-ci il üçün ölkə üzrə yaşayış minimumu 173 manatdır.
 
Gəlir və xərclər
Millət vəkili bildirib ki, 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22.9 milyard manat, xərcləri isə 24.7 milyard manat nəzərdə tutulub.
 
"2018-ci illə müqayisədə həm xərc, həm də gəlirlərlə müqayisədə 3 milyard manata yaxın artım var. Bundan başqa, ÜDM-də də artım proqnozlaşdırılıb".
 
Neft və dövlət büdcəsi
Onun sözlərinə görə, büdcədə neftin bir barreli 60 dollar götürülüb.
 
"2018-ci il üçün neftin qiymətini əvvəl 45 dollar götürmüşdük, sonra dəyişdik. Hesab edirəm ki, bu onu göstərir ki, 2019-cu ildə neftin qiyməti 60 dollardan aşağı olmayacaq".
 
Cənab Əhmədov builki büdcədə orduya və sosial layihələrə də diqqət ayrıldığına inanır.
 
"Yəqin ki, silah-sursat sahəsində müəyyən qədər artım olacaq. Məktəb, bağça, səhiyyə ocaqlarını əhatə edən sosial layihələrə də çox vəsait ayrılacaq".
 
Qanun layihələri Milli Məclis tərəfindən qəbul olunarsa, təsdiq üçün prezidentə göndəriləcək, qəbul olunduğu halda isə 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək.
 
2018-ci ilin Dövlət büdcəsinin gəlirləri 20.127 mlrd. manat, xərcləri isə 21.047 mlrd. manat məbləğində təsdiqlənmişdi. Büdcədə neftin bir barreli 45 dollar götürülmüşdü.
 
Sonradan neftin dövlət büdcəsində baza qiyməti 10 dollar artırılaraq 55 dollara çatdırılmışdı.  /bbc/

Google+ WhatsApp ok.ru