20 manata çay

20 manata çay

“Modern.az” saytında “Bakı bulvarının soyğunçuları - onlardan turistlər də narazıdır!” sərlövhəli yazı oxumaq olar.
 
Müəllif Bakı buvarında verilən çayın qiymətini Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynovla müzakirə edib.
 
Yazıda bildirilir ki, “Milli park”da verilən çayın qiyməti istirahətə mane olur:
 
“... Bulvarın pik saatlarında sadə çay tapmaq mümkünsüz məsələyə dönür. Restoran sahibləri “sadə çay” (yalnız çay və qənd verilməsi nəzərdə tutulur- red) verməkdən imtina edərək, çayın yanında mürəbbə və şokolad təklif edir ki, bunun da minimum qiyməti 7 manat olur. Bulvardakı bir çox yerlərdə isə sahibkarlar “sadə çay”a qadağa qoyaraq, yalnız dəstgahla verirlər. Çay dəstgahının qiyməti isə minimum 20 manatdır”.
 
Müəllifin yazmasına görə, bu vəziyyət yerli sakinlərlə yanaşı, Bakıya gələn turistləri də narazı salır.
 
AİB sədri bildirib ki, sahibkarlıq obyektləri pul qazancaq deyə, istehlakçıların hüququ pozulmamalıdır. O, bulvarda verilən çayın qiymətinin bahalığı ilə bağlı onlara da şikayətlər daxil olduğunu bildirərək bunu soyunçuluq adlandırıb:
 
“Bununla bağlı 3 il əvvəl Dənizkənarı Bulvar İdarəsinə rəsmi məktub göndərmişdik. Həmin məktubdan sonra bir müddət qiymətlərə nəzarət olundu, şikayətlər azaldı”.
 
E.Hüseynov deyib ki, son zamanlar şikayətlər yenidən artıb, bununla bağlı Dənizkənarı Bulvar İdarəsinə yeni rəsmi məktubla müraciət etməyi düşünürlər:
 
“... Təəssüf ki, heç bir ciddi iş görülmür. Bulvarda başladılan bu “soyğunçuluq” ənənəsi xərcəng xəstəliyi kimi şəhərin bir çox yerinə də yayılıb”.
 
Yazıda qeyd edildiyinə görə, Dənizkənarı Bulvar İdarəsindən isə deyiblər ki, “Milli Park”dakı kafe və çayxanaların heç biri onlara aid deyil:
 
“Oradakı qiymətləri də restoranları işlədənlər müəyyən edirlər. Qiymətləri onlar tənzimləyir, ona görə də Dənizkənarı Bulvar İdarəsi hər hansı qiyməti müəyyən etmək səlahiyyətinə malik deyil”.
 
Yazıda narazılıqlara “Milli park”dakı restoran saiblərinin münasibətini isə öyrənmək mümkün olmayıb.
 

Google+ WhatsApp ok.ru