250 yaşlı insan - 10

250 yaşlı insan - 10

Altıncı fəsil: İmam Hüseyn (ə)

Əziz ilahi bir din kimi İslamı təhdid edən bütün təhlükələr İslamın meydana çıxdığı zaman, yaxud ondan öncə Allah tərəfindən proqnoz edilmiş və o təhlükələrə qarşı tədbir vasitəsi bu dinin özündə nəzərdə tutulmuşdur;  sağlam bir bədənin xəstəliklərə qarşı müqavimət gücü özündə olduğu kimi. Sanki mühəndis bir maşın düzəltmiş və təmir alətlərini də onun içinə qoymuşdur. Hər bir şey kimi İslamı da bəzi təhlükələr təhdid edir. Buna qarşı tədbir görmək lazımdır və Allah-Taala bu tədbir vasitəsini İslamın özündə yaratmışdır. Bəs o təhlükə nədir? İslamı iki əsas təhlükə təhdid edir: biri xarici düşmənlər, digəri isə daxildən məhvolma təhlükəsidir.

Xarici düşmən bayırdan müxtəlif silahlarla bir quruluşun varlığını, təfəkkürünü, ideoloji təməllərini, qanunlarını və hər şeyini hədəf seçəndir. Bayırdan nə deməkdir? Mütləq ölkə və quruluşun xaricindən yox, ölkənin daxilində də ola bilər. Özlərini quruluşa yad bilən və ona qarşı çıxan düşmənlər var. Bunlar özgədirlər, yaddırlar. Bunlar quruluşu məhv etməyə və dağıtmağa çalışırlar; xəncərlə, odlu silahla, ən müasir texnikalarla, informasiya hücumları ilə, pulla və ixtiyarlarında olan hər bir şeylə. Bu bir növ düşməndir.

İkinci düşmən və təhdid isə daxildən məhvolma təhlükəsidir. Bu daha yadlara məxsus deyil, doğmaların təhdididir. Bir quruluşda doğmalar yorğunluq, düzgün yolu dərk etməkdə səhvə yol vermək üzündən, nəfsə məğlub olmaq, maddi gözəlliklərə uymaq və onları böyük saymaq kimi amillərdən irəli gələrək birdən-birə daxildə təhdid yarada bilirlər. Bunun təhlükəsi birinci amildən də artıqdır.

Hər bir quruluş, hər bir təşkilat üçün bu iki düşmən - xarici və daxili təhdid mövcuddur. İslam hər iki təhdidə qarşı yol göstərmiş və cihad təyin etmişdir. Cihad xarici düşmənlərə məxsus deyil: “Kafir və münafiqlərlə cihad et”.[1]  Münafiq özünü quruluşun daxilinə salır. Odur ki, bunların hamısı ilə cihad etmək lazımdır. Cihad quruluşa müxalif və düşmən olduğuna görə ona hücum etmək istəyənlərə qarşı edilir. Həmçinin daxili parçalanma ilə mübarizə üçün çox dəyərli olan əxlaq təlimləri mövcuddur. Bu təlimlər dünyanı həqiqi şəkildə insana tanıtdırır: “Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək, mal-dövləti və oğul-uşağı çoxaltmaqdan ibarətdir“.[2] Yəni dünyanın zinət və ləzzətləri sizə lazım olsa da, onlardan istifadə etməyə məcbur olsanız da, həyatınız onlarla əlaqədar olsa da, bilin ki, bunları mütləqləşdirmək, bu ehtiyacların arxasınca gözübağlı hərəkət etmək və məqsədləri unutmaq çox təhlükəlidir.

Əmirəlmöminin (ə) döyüş meydanlarının aslanıdır. Adama elə gəlir ki, onun sözlərinin yarıdan çoxu cihad, döyüş və qəhrəmanlıq haqdadır. Nəhcül-bəlağənin xütbə və rəvayətlərinə baxanda isə görürük ki, o həzrətin əksər tövsiyələri əxlaqa, təqvaya, gözütoxluğa, dünyanı kiçik saymağa, mənəvi və bəşəri dəyərləri uca tutmağa aiddir.

İmam Hüseynin (ə) işi xarici düşmənə, ilahi çevrədən xaricdə və ona müxalif olan düşmənə qarşı – yəni bu düşmən sərhədlər xaricində olmaya da bilər - cihadla yüksək və bənzərsiz həddə nəfsə qapılmağa, fərdi və ictimai azğınlıqlara qarşı cihadı birləşdirməkdir. Yəni Allah-Taala bilir ki, bu hadisə qarşıya çıxacaq. Buna görə də yüksək səviyyəli bir nümunə təqdim olunmalı və örnək göstərilməli idi. Necə ki, ölkə çempionları məşğul olduqları idman növündə digərlərinin həvəslənməsinə səbəbkar olurlar. Sözsüz ki, bu, izah etmək üçün kiçik bir misaldır. Aşura macərası hər iki cəbhədə böyük bir cihaddan ibarətdir; həm xarici düşmənlə, yəni azğın xilafət aparatı və ona yapışmış dünyagirlərlə, əziz Peyğəmbərin (s) insanların xilası üçün istifadə etdiyi hakimiyyəti İslam və Peyğəmbər (s) yolunun əks istiqamətinə aparmaq istəyən şəxslərlə mübarizə cəbhəsində, həm də daxili cəbhədə, yəni o zaman cəmiyyətin ümumi şəkildə getdiyi daxili fəsadla mübarizədə.

Mənim fikrimcə, ikinci amil daha əhəmiyyətlidir. Müəyyən müddət ötmüş, əvvəldəki çətinliklər arxada qalmış, fəthlər baş vermiş, qənimətlər əldə olunmuş, ölkənin əhatəsi genişlənmiş, xarici düşmənlərin təhlükəsi dəf edilmiş, ölkəyə çoxlu sərvətlər gəlmişdi; bəziləri varlanmış, bəziləri zadəgan təbəqəsi yaratmışdılar. İslamın zadəganlığı məhv etməsindən bir müddət sonra İslam dünyasında yeni aristokratlar təbəqəsi vücuda gəldi. Bəzi qüvvələr İslam adı ilə, İslam postları ilə - filan səhabənin oğlu, Peyğəmbərin (s) filan dostunun oğlu, Peyğəmbərin (s) filan qohumunun oğlu olaraq özlərinə yaraşmayan işlərə qurşandılar. Bunların bəzisinin adı tarixdə qeyd olunmuşdur. Elələri tapıldı ki, qızlarının mehri üçün əziz Peyğəmbərin (s), Əmirəlmömininin (ə) və erkən İslam çağı müsəlmanlarının dediyi 480 dirhəmdən ibarət olan sünnə mehrinin yerinə bir milyon dinar – yəni bir milyon misqal xalis qızıl təyin etdilər. Kimlər? Böyük səhabələrin, misal üçün, Müsəb ibn Zübeyrin və digərlərinin oğulları.

Hadisələr Peyğəmbərin (s) vəfatından 10 ildən az bir zamandan sonra başlandı. Öncə İslamda parlaq keçmişi olanlar - Peyğəmbərin (s) müharibələrində iştirak etmiş şəxslər və digər səhabələr xüsusi imtiyazlardan bəhrələndilər. Beytülmaldan daha artıq bəhrələnmə o imtiyazlardan biri idi. Deyirdilər ki, onları digərləri ilə bərabər tutmaq düzgün deyil. Bu birinci iş idi. Yayınma ilə nəticələnən hərəkətlər belə kiçik nöqtədən başlayır və hər bir addım sonrakını daha da sürətləndirir. Yayınmalar belə başlandı, nəhayət, Osmanın xilafətinin ortalarında pik həddə çatdı. Üçüncü xəlifənin dövründə Peyğəmbərin (s) böyük səhabələri dövrün ən varlı adamlarından sayıldılar. Diqqət yetirirsiniz? Yəni adları məşhur olan bu hörmətli səhabələrin - Təlhənin, Zübeyrin, Səd ibn Əbu Vəqqasın və digərlərinin hər birinin Bədrdə, Hüneyndə, Ühüddə qalın bir kitab dolu parlaq keçmişləri vardı. Bu adamlar milyonçuların birinci sırasında yer aldılar. Onların biri öldükdən sonra qalmış qızılları varisləri arasında bölmək istəyəndə əvvəlcə külçə formasına saldılar və sonra balta ilə qırıb bölməyə başladılar; balta ilə kiçik parçalara bölünən odun kimi. Qızılı adətən misqalla ölçürlər. Görün nə qədər olub ki, onu balta ilə sındırırmışlar. Bunlar tarixdə qeyd olunmuşdur, yalnız şiə kitablarında yazılmayıb. Bunlar hamının yazmağa və qeyd etməyə çalışdığı həqiqətlərdir. Onlardan qalan dirhəm və dinarların miqdarı fantastik idi.

Cəmiyyətin daxildən çürüməsi dedikdə bunu nəzərdə tuturuq; yəni cəmiyyətdə özlərinin dünyagirlik və şəhvətpərəstlikdən ibarət olan və təəssüf ki, həm də öldürücü olan yoluxucu əxlaq xəstəliklərini tədricən cəmiyyətə köçürən insanlar peyda olurlar. Məgər belə bir vəziyyətdə kiminsə Yezid ibn Müaviyə rejiminə qarşı çıxmağa ürəyi, cürəti, yaxud hövsələsi olar?! Məgər belə bir şey baş verər?! Yezidin ozamankı zülm və fəsad dolu rejiminə qarşı mübarizə aparmağı kim ağlından keçirər?! Belə bir şəraitdə möhtəşəm Hüseyn (ə) qiyamı baş verib həm düşmənə, həm də adi müsəlmanlar arasında məhvə aparan rahatçılıq və fəsadçılıq ruhiyyəsinə qarşı mübarizə apardı. Bu mühüm məsələdir.

İmam Hüseynin (ə) qiyamında məqsəd

Bu hadisəyə diqqətlə baxdıqda bu bir neçə ay ərzində - Mədinədən çıxıb Məkkəyə gəldiyi və Kərbəlada şəhadət şərbətini içdiyi zamana qədər həzrət Əbu Abdullahın (ə) hərəkətində bəlkə də yüzdən artıq mühüm dərs saymaq olar. Bu hərəkətdə hətta minlərlə dərs olduğunu deyə bilərik. Demək olar ki, o həzrətin hər bir işarəsi bir dərsdir. Amma dəqiq bölgü aparsaq, hər biri bir ümmət, bir tarix, bir ölkə, insanın öz tərbiyəsi, cəmiyyətin idarəsi və Allaha yaxınlaşmaq üçün dərs olan yüz mövzu və başlıq əldə etmək olar. Hüseyn ibn Əli (ə) məhz buna görə dünya müqəddəsləri arasında günəş kimi nur saçır. Əgər peyğəmbərlər, övliyalar, imamlar, şəhidlər və saleh adamlar ay və ulduz kimi olsalar, bu həzrət dünyaya nur saçan günəş kimi parlayır. Qeyd etdiyim yüz dərsi qoyaq kənara, mən indi İmam Hüseynin (ə) hərəkətində və qiyamında mövcud olan bir əsas dərsdən danışmaq istəyirəm. Digərləri ikinci dərəcəli, bu isə birinci dərəcəlidir. İmam Hüseyn (ə) nə üçün qiyam etdi? Bu, dərsdir. İmam Hüseynə (ə) deyirdilər ki, Mədinə və Məkkədə sizə hörmət edirlər, Yəməndə hamı şiədir, kənarda sizin Yezidlə, Yezidin də sizinlə işi olmayacaq bir yerə gedin, bu qədər müridiniz, şiələriniz var, yaşayın, ibadət və təbliğ edin, nə üçün qiyam edirsiniz? Məqsəd nədir? Əsas sual və əsas dərs budur. Demirik ki, heç kim bunu deməyib. İnsafla desək, bu sahədə çox işlənmiş və çoxlu sözlər deyilmişdir. İndi bizim demək istədiyimiz söz isə fikrimizcə, bu məsələyə dair yeni qənaət və yeni baxışdır.

Bir qrup belə düşünür ki, Əbu Abdullahın (ə) məqsədi azğın Yezid rejimini devirmək, bütün ictimai və siyasi sahələrdə Peyğəmbər (s) yolunun və imamətin icrası ilə İslam hökuməti qurmaq olmuşdur. Bu söz səhv deyil, amma yarıgerçəkdir. Bu sözdə məqsəd belə də ola bilər: o həzrət hökumət qurmaq üçün qiyam etdi, amma bunun imkansız olduğunu görsəydi, deyəcəkdi ki, daha olmadı, qayıdaq. Məqsəd budursa, səhvdir. Hakimiyyət məqsədi ilə hərəkət edən şəxs bunun mümkün olduğu yerə qədər gedir, uyğun ehtimalın mövcud olmadığını gördükdə isə vəzifəsi qayıtmaqdır. Məqsəd hökumət qurmaqdırsa, insan mümkün olana qədər getməli, mümkün olmayan yerdə isə qayıtmalıdır. Əgər bu qiyamda həzrətin məqsədinin düzgün Əli (ə) hökuməti qurmaq olduğunu deyən şəxsin məqsədi budursa, bu, düzgün deyil. Çünki imamın hərəkətlərinin məcmusu bunu göstərmir.

Bir qrup insan da düşünür ki, Əbu Abdullahın (ə) məqsədi hakimiyyətə gəlmək deyildi. Çünki o, Yezidi devirib hakimiyyətə gələ bilməyəcəyini bilirdi. O ümumiyyətlə şəhid olmaqdan ötrü qiyam etdi.  Bu söz də bir zaman dillər əzbəri idi. Bəzi şəxslər bunu gözəl poetik ifadələrlə söyləyirdilər. Həzrətin şəhid olmaqdan ötrü qiyam etməsi iddiası yeni söz deyil, hətta bəzi böyük alimlərimiz də bunu buyurmuşlar. Onlara görə, İmam Hüseyn (ə) buyurub ki, yaşamaqla bir iş görmək olmur, gedib şəhid olmaqla bir iş görək. Dində və İslam ədəbiyyatında belə bir şey  yoxdur ki, get özünü ölümə at. Bizdə belə bir şey yoxdur. Bizim müqəddəs şəriətdə tanıdığımız, hədislərdə və Quran ayələrində gördüyümüz şəhadətin mənası budur ki, insan vacib olan, yaxud tərcih edilən müqəddəs məqsədə çatmağa çalışsın və o yolda özünü ölümə atsın. Bu, düzgün İslam şəhadətidir. Lakin insanın "ümumiyyətlə gedib öldürülüm" - deyə yola düşməsi, yaxud “mənim qanım zalımın ayağını sürüşdürəcək və o yıxılacaq” kimi poetik ifadə İslama aid deyil. Bunlar belə əzəmətli hadisəyə aid deyil. Bunda da həqiqətin bir hissəsi var, amma imamın məqsədi bu deyil. Deməli, nə demək olar ki, bu qiyamda məqsəd hakimiyyətə gəlmək olmuşdur, nə də demək olar ki, o, şəhid olmaq üçün qiyam etmişdir. Əslində “məqsəd hakimiyyət idi” və yaxud “məqsəd şəhadət idi” deyən şəxslər məqsədlə nəticəni səhv salmışlar. Məqsəd bunlar deyildi. İmam Hüseynin (ə) başqa bir məqsədi vardı, lakin o məqsədə çatmaq üçün hərəkət tələb olunurdu. Həmin hərəkət də bu iki nəticənin birinə səbəb olacaqdı: hakimiyyət, yaxud şəhadət. İmam Hüseyn (ə) bunların hər ikisinə hazır idi; həm hökumət işlərini hazırlamışdı və hazırlayırdı, həm də şəhadət işlərini. Hər biri ola bilərdi, amma heç biri məqsəd deyildi, hər ikisi nəticə idi. Məqsəd başqa bir şey idi.

Məqsəd nədir? Əvvəlcə məqsədi qısa şəkildə və bir cümlə ilə söyləyirəm, sonra izah edəcəyəm. İmam Hüseynin (ə) məqsədinin nədən ibarət olduğuna dair deməliyik ki, o həzrətin məqsədi din vacibləri arasında böyük bir əməli yerinə yetirmək idi. Bu işin İslamın düşüncə, dəyər və əməl sistemində mühüm yeri vardı və ondan öncəyə qədər heç kəs onu yerinə yetirməmişdi; nə Peyğəmbər (s), nə Əmirəlmömininin (ə), nə də İmam Həsən Müctəba (ə). Bu vacib əməl olduqca əhəmiyyətli və çox əsaslı olsa da, İmam Hüseynin (ə) dövrünə qədər ona əməl olunmamışdı. Əməl olunmamasının səbəbini də deyəcəyəm. İmam Hüseyn (ə) bu vacib əməli yerinə yetirməli idi ki, bütün tarix üçün dərs olsun. Məsələn, Peyğəmbər (s) hökumət qurdu və bu işlə təkcə hakimiyyətin hökmünü gətirmədi, həm də bütün İslam tarixi üçün örnək göstərdi. Yaxud Peyğəmbər (s) Allah yolunda cihad etdi və bu, müsəlmanların və bütün bəşər tarixi üçün əbədi dərs oldu. Bu vacib əməl də İmam Hüseynin (ə) vasitəsi ilə yerinə yetirilməli idi ki, müsəlmanlar üçün və bütün tarix üçün əməli dərs olsun.

Nə üçün bu işi İmam Hüseyn (ə) görməlidir? Ona görə ki, bu vacib əməlin görülməsinə şərait İmam Hüseynin (ə) dövründə yarandı. Əgər bu şərait İmam Hüseynin (ə) dövründə deyil, misal üçün, İmam Əli ən-Nəqinin (ə) dövründə yaransaydı, bu işi o görəcək, İslam tarixinin böyük qurbanı o olacaqdı. Əgər İmam Həsən Müctəbanın (ə), yaxud İmam Sadiqin (ə) dövründə yaransaydı, onlar buna əməl edəcəkdilər. Bu şərait İmam Hüseyndən (ə) öncə yaranmadı; İmam Hüseyndən (ə) sonra da qeyb dövrünə qədər yaranmadı.

Deməli, məqsəd bir vacib əməli yerinə yetirməkdən ibarət idi. Bu vacib əməli yerinə yetirmək təbii şəkildə iki haldan biri ilə nəticələnəcəkdi: Biri budur ki, İmam Hüseyn (ə) hakimiyyətə gələcəkdi. Təbii ki, o bunu istəyirdi və buna hazır idi. O, hakimiyyətə gəlsəydi, cəmiyyəti Peyğəmbərin (s) və Əmirəlmömininin (ə) dövründəki kimi qüdrətlə idarə edəcəkdi. Biri də budur ki, bu vacib əməli yerinə yetirmək hakimiyyətə gəlməklə deyil, şəhadətə qovuşmaqla nəticələnəcəkdi. İmam Hüseyn (ə) buna da hazir idi. Allah İmam Hüseyni (ə) və digər imamları elə yaradıb ki, bu iş üçün qarşıya çıxacaq ağır şəhadətə hazırdırlar. Sözsüz ki, Kərbəla müsibətləri böyük müsibətlərdir. İndi məsələni bir qədər izah edim.



[1] Tövbə/73

[2] Hədid/20

 

Google+ WhatsApp ok.ru