250 yaşlı insan - 17

250 yaşlı insan - 17

İmam Baqirin (ə) Şama çağırılması

İmamın həyatının sonlarında baş verən mühüm hadisələrdən ən məşhuru onun Əməvi dövlətinin paytaxtı olan Şama çağırılmasıdır. Xilafət qarşısında möveyini bilmək üçün Əməvi xəlifəsi İmam Baqiri (ə) və bəzi rəvayətlərə görə həm də gənc oğlu və yaxın həmkarı olan İmam Sadiqi (ə) tutub Şama göndərməyi əmr edir. İmamı Şama, xəlifənin sarayına gətirirlər. Hişam qabaqcadan öz ətrafına və məclisdə iştirak edənlərə imamla qarşılaşarkən nə etməli olduqlarını diktə etmişdi. Qərara gəlmişdilər ki, əvvəlcə xəlifənin özü və sonra məclisdə iştirak edən saray adamları və məmurlar imama sarı ittiham və məzəmmət seli yağdırsınlar. O bu işdə iki məqsəd güdürdü: biri bu idi ki, bu təhqirlərlə imamı ruhdan salsın və vəziyyətin tələb edəcəyi hər hansı işə şərait yaransın; ikincisi də bu idi ki, iki düşmən cəbhənin ən yüksək rəhbərləri arasında keçirilən görüşdə düşmənini günahkar çıxarsın və əmrə müntəzir dayanmış natiq və casuslarından ibarət təbliğatçıları vasitəsi ilə məğlubiyyət xəbərini yayıb onun başçılıq etdiyi cəbhənin bütün üzvlərini tərk-silah etsin.

Qayda belə idi ki, məclisə daxil olan şəxs "Əmirəlmöminin" ləqəbi ilə müraciət edib xəlifəyə salam versin. İmam isə daxil olanda bu qaydanın əksinə olaraq, üzünü bütün məclis iştirakçılarına tutub əli ilə işarə etdi və dedi: "Əssəlamu əleykum". Sonra isə icazə gözləmədən oturdu.

Bu rəftara görə qəlbi hikkə və ədavətlə dolmuş Hişam məclisə başladı: "Siz Əli (ə) övladları həmişə müsəlmanların vəhdətini pozmuş, onları öz rəhbərliyinizə dəvət etməklə nifaq salmış, ağılsızlıq və nadanlıqla özünüzü imam saymısınız". Bir qədər belə çərənləyib sakit oldu. Ondan sonra nökərlərinin və quyruq bulayanlarının hər biri bu məzmunda çıxış edərək imamı ittiham etdilər.

Bütün bu müddətdə imam sakit oturmuşdu, hamı sükut edəndə isə ayağa qalxıb üzünü məclis iştirakçılarına tutdu. Allaha həmd və sənadan, Peyğəmbərə (s) salamdan sonra qısa və güclü cümlələrlə həmin təsadüfi qrupun məqsədsizliyini bildirdi, ixtiyarsız və alət olmalarını qamçı kimi başlarına vurdu. Özünün mövqeyini və ailəsinin ən üstün İslam meyarı olan hidayətə uyğun şərəfli keçmişini bəyan etdi və nəhayət, Allahın tarixi ənənələrinə bərabər olan yolunun yaxşı aqibətli olmasını söyləyib onların zəif ruhiyyəsini daha da zəiflətdi. Buyurdu ki, ey insanlar, haraya gedirsiniz?! Sizin üçün hansı aqibət nəzərdə tutulmuşdur?! Allah bizim vasitəmizlə sizin ata-babalarınızı hidayət etdi, bizim əlimizlə də işlərinizin sonuna möhür vuracaq. Siz bu gün hakimiyyətdəsinizsə, biz sonra hakimiyyətdə olacağıq və bizim hökumətimizdən sonra heç bir hökumət gəlməyəcək. Allah buyurmuşdur: "Aqibət təqvalılara məxsusdur". Bu aqibət bizə aiddir.[1]

Məzlumluq və amirliyin, müjdə və təhdidin, təsdiq və inkarın olduğu bu qısa və məzmunlu çıxış o qədər güclü və təsirlidir ki, yayılsa və insanlara çatsa, hər bir dinləyicini onu deyənin haqlı olmasına inandıra bilər. Bu sözə cavab vermək üçün özünəinam və arxayınlıq qədər ədiblik və natiqlik də lazımdır. İmamın müraciət etdiklərində isə bunlar yoxdur; deməli, zor və şiddətdən başqa bir çarə qalmır.

Hişam imamı zindana salmağı əmr edir. O bu əməli ilə özünün ruh düşkünlüyünü və məntiq çatışmazlığını etiraf etmiş olur. İmam zindanda maarifləndirmə aparır, həqiqətləri çatdırır və digər dustaqlara təsir göstərir. Belə ki, dustaqlar arasında onun sözünü ürəkdən qəbul etməyən və ona vurulmayan bir kəs qalmır. Məmurlar vəziyyəti Hişama məruzə edirlər. Bu hal Şamı on illərlə xüsusi formada Şiə təbliğatından uzaq saxlamış bir rejim üçün əsla qəbulediləsi deyil. Hişam imamı və yoldaşlarını zindandan çıxarmağı əmr edir, onlar üçün heç bir yerin yaşadıqları Mədinə şəhərindən uyğun olmadığını düşünür; təbii ki, həmişəki və bəlkə bir qədər də güclü nəzarət şərti ilə. Lazım olanda da son zərbəni endirsinlər, rəqibini öz evində, yatağında səssiz-səmirsiz öldürsünlər və imamı öldürmək cinayəti boyunlarında qalmasın. Hişamın əmri ilə onları yol boyu dayanmayan sürətli atlara mindirib Mədinəyə qədər çapdılar. Öncədən əmr etmişdilər ki, yoldakı şəhərlərdə heç kimin bu sevilməyən karvanla alış-veriş etməyə, onlara çörək və su satmağa haqqı yoxdur.[2]  Üç sutka bu vəziyyətlə getdilər, su və çörək ehtiyatları tükəndi.

Gəlib Mədinə şəhərinə çatdılar. Əmrə uyğun olaraq şəhər əhalisi qapıları bağladı və onlara bir şey satmadı. İmamın tərəfdarları aclıqdan və susuzluqdan şikayət etdilər. İmam şəhərdəki hündür bir təpənin başına çıxıb uca səsi ilə əhaliyə müraciət etdi: "Ey zalımlar şəhərinin əhalisi! Mən Allahın "Əgər mömin olsanız, Allahın saxladığı ehtiyat sizin üçün yaxşıdır"[3] buyurduğu ehtiyatıyam!" Gözlənilmədən zamanında göstərilən bir sayıqlıq və cəsarət təxribatı zərərsizləşdirdi. Şəhər əhalisindən bir nəfər aldanmış və bixəbər camaata xatırlatdı ki, bu, Şüeyb peyğəmbərin öz dövrünün azğınlarına etdiyi fəryaddır. Onlara başa saldı ki, bir zaman ata-babalarının qaldıqları mesaj qarşısında qalmışlar. Bu gün onlar həmin mesajı eşitmədiklərinə görə öz ata-babalarını lənətləyirlər. Bəli, tarix təkrar olunmuşdur. İndi də həmin mesaj, həmin şəxs və həmin dinləyicilərdir. Yerində deyilən bu söz ürəklərə hopdu, qapıları açdılar və xilafətin qadağasına baxmayaraq, onun düşmənini qəbul etdilər.[4]

Bu tarixi rəvayətin son hissəsi bir neçə cəhətdən dövrün siyasi vəziyyətini, repressiyanı və ümumi avamlığı, digər tərəfdən isə İmam Baqirin (ə) Bəni-Üməyyə hakimiyyətinə qarşı mövqeyini göstərir. Bu hissədə deyilir ki, Mədinədə baş verənlər Hişama çatdırılanda hər şeydən çox xilafət başçılarının planı əleyhinə danışmağa və xalqı böyük cəhalətdən oyatmağa cəsarət edən bu kişinin cəzalandırılmasını əmr etdi. Və xəlifənin əmri ilə onu qətlə yetirdilər.

Bunlara baxmayaraq, imam hakimiyyətlə döyüşdən çəkinir, xəncərə əl atmır, tələsərək xəncərin dəstəyini sıxan barmaqları da açır, onları uzaqgörənliyə və mövqeyi daha yaxşı tanımağa vadar edir. Əsaslı səbəb olmadan dil xəncərindən də istifadə etmir. Hissiyyat burulğanında dözümünü itirmiş və cana gəlmiş qardaşı Zeydə qiyam icazəsi vermir. Adi münasibətlərdə və sınanmamış qüvvələrlə əlaqədə ən çox elmi-mədəni fəaliyyətlər üzərində dayanır, eyni zamanda həm ideoloji bünövrə quran, həm də siyasi təqiyyə sayılan işlər görür. Lakin öncəki qısa işarələrdən də göründüyü kimi, bu məqsədyönlü taktika imamət hərəkətinin ümumi istiqamətini onun yoluna iman gətirən yaxın dostlara və həqiqi şiələrə göstərməsinə mane olmur. O, qaçılmaz mübarizə yolu ilə İslam və Əli (ə) hakimiyyəti qurmaqdan ibarət olan böyük Şiə amalını onların qəlbində canlandırır, hətta münasib zamanlarda bu istiqamətdə lazımi həddə hisslər də oyadır.

Çox da uzaq olmayan gözəl gələcək müjdəsi İmam Baqirin (ə) ümidverici üsullarından olub, həm də o həzrətin Şiənin tədrici hərəkətində öz mövqeyini harada və hansı mərhələdə gördüyünü göstərir. Rəvayətdə deyilir ki, Əbu Cəfərlə (ə) birgə idik, ev adamla dolu idi. Bir qoca məclisə daxil oldu və salam verib dedi: "Ey Peyğəmbər (s) övladı! Allaha and olsun, mən sizi və sizi sevənləri sevirəm. Allaha and olsun, bu sevgi maddiyyata tamahdan deyil. Mən sizin düşməninizi özümə düşmən bilirəm və bu ədavət onlarla bizim aramızda qan töküldüyünə görə deyil. Allaha and olsun, mən sizin əmr və qadağalarınızı qəbul edir və sizin qələbənizi gözləyirəm. Deyin görüm buna ümid bəsləyə bilərəmmi, sənə qurban olum?" İmam kişini yanına çağırıb ona yer verdi və dedi: "Ey kişi! Bir nəfər atam Əli ibn Hüseyndən (ə) eynilə bu sözü soruşdu. Atam ona cavab verdi ki, bu intizarla ölsən, Peyğəmbərin (s), Əlinin (ə), Həsənin (ə), Hüseynin (ə) və Əli ibn Hüseynin (ə) yanına gedərsən, ürəyin şad, halın xoş, gözün işıqlı olar, Allahın böyük bəndələri ilə birgə rahatlıq içərisində olarsan; əgər sağ qalsan, bu dünyada gözünün aydınlaşacağı və bizimlə, bizim yanımızda ən üstün mövqeyə çatacağın günü görəcəksən". Kişi gedərkən imam ona baxıb buyurdu: "Kim cənnət adamını görmək istəyirsə, bu kişiyə baxsın"[5].

Bəzən hətta bundan da irəliyə gedib qələbə ilini təyin edir və Şiənin qədim arzusunun həyata keçəcəyini söyləyir. Əbu Həmzə Sumali deyir ki, İmam Baqir (ə) Allahın bu işi - Əli (ə) hökumətinin qurulmasını 70-ci ilə təyin etdiyini deyirdi. İmam Hüseyn (ə) öldürüləndə isə Allahın insanlara qəzəbi tutdu və bu tarixi 140-cı ilə qədər təxirə saldı. Biz bu zamanı siz yaxın dostlara dedik və siz bu sirri açdınız, ondan sonra isə Allah bunun üçün zaman təyin etmədi; Allah istədiyini məhv edər, istədiyini möhkəmlədər. Əbu Həmzə deyir ki, bu sözü Əbu Abdullah İmam Sadiqə (ə) dedim, o da təsdiqlədi.[6]

Belə sözlər öldürücü təzyiqlərlə dolu olan həmin repressiv mühitdə şirin röya kimi görünən İslam quruluşunu və Əli (ə) hökumətini qəti və qaçılmaz gələcək kimi göstərir, şiələrin məzlum qəlbinə ümidverici və hərəkətverici işıq salır, yolu qət etmək üçün onların güc və itaətkarlığını artırır.

İmamın 19 illik rəhbərlik dövrü bu vəziyyətdə keçir. Bu 19 ildə həm ideoloji təlim var, həm fərd quruculuğu; həm mübarizə taktikası var, həm də təşkilat yaratmaq və onu idarə etmək; həm siyasi istiqaməti qorumaq və davam etdirmək var, həm də təqiyyə, daha çox və daha güclü ümid yaratmaq. Bu 19 il mübarizə ilə, sıldırım qayalar arasında cidd-cəhdlə ötdü. Nəhayət, bu qısa və səmərəli ömür sona çatanda, Əli (ə) hərəkatının qatı düşmənləri bu hərəkatın başçısının vəfatından sonra rahat nəfəs alacaqlarını, Şiə mübarizələrindən qurtulub, özlərinin ölkə daxilində və sərhədlərdəki saysız-hesabsız problemləri ilə məşğul olacaqlarını düşünəndə bu ocağın isti və yandırıcı közü özünün son güclü qığılcımını Əməvi rejiminin kökünə endirir. Ömrünü ifşaçılıq və maarifləndirmə ilə keçirmişdi, öləndən sonra da eyni işi davam etdirir; öz həyatı ilə ayıqlıq vermişdi, ölümü ilə də eyni missiyanı yerinə yetirir, anlamaq və düşünmək təşnəsi olan bixəbər xalqa və öz dostlarına yeni dərs və mesaj buraxır. Bütün həyatı kimi bu mesaj da sakit və güclüdür; dostlara və ehtiyaclılara fayda yetirir, düşmənin yuxusunu pərişan edir. Bu, İmam Baqirin (ə) təqiyyəsinə bir nümunə və bu xüsusi mərhələdə rəftarının göstəricisidir.

Sonralar İmam Baqirin (ə) həyatını yazanlar da qısa bir hədisə sığışdırılmış bu böyük hərəkətin kənarından bilərəkdən, ya da bilmədən ötüblər. Onu görmədiklərini söyləmək olarmı? Konkretləşdirək: İmam öz oğlu Cəfərə (ə) tapşırır ki, əmlakının 800 dirhəmini on il ərzində onun əzadarlığına sərf etsin. Əzadarlığın yeri Mina səhrası, zamanı isə həcc mərasimi olsun.[7]  Bu qədər. Həcc mövsumu bir-birindən uzaq düşən və bir-birini tanımayan qardaşların görüş yeridir. O zaman minlərlə insan həmin yerdə toplaşmaq və birləşmək imkanı əldə edir. Dilləri bir olmasa da, qəlbləri bir olan insanlar orada eyni dillə Allahı çağırır və xalqların bir bayraq altında toplaşma möcüzəsinə tamaşa edirlər. Bütün İslam dünyası üçün hər hansı mesajdan ötrü bundan münasib fürsət yoxdur. Həcc əməlləri bir neçə gün və bir neçə yerdə baş verir. Bu günlərin və bu məkanların hansı daha münasibdir? Məkkə şəhərdir və insanlar oraya səpələnib hərəsi öz işi ilə məşğul olur. Həm də orada hamı həcc əməllərini yerinə yetirir; təvaf, səy, namaz və s. Məşər gecə dayanacağıdır, orada vaxt az və imkan zəifdir; Minaya gedən yolda yalnız bir dayanacaq sayılır. Ərəfat gündüz dayanacağı olsa da, müddəti qısadır, yalnız bir gün sürür; yorğun halda səhər orada dayanır və axşama yaxın hərəkət edirlər. Ən münasib yer Minadır. Hacı Ərəfatdan dönəndə üç gecə orada qalır. Bu yerdə tanışlıq, söhbət və dərdləşmə imkanı hər yerdən çoxdur. Kimdir gündüzlər Məkkəyə gedib, bir də qayıdan?! Ora qalmaq, hər bir qrupa baş çəkmək üçün münasib yer və zamandır. Təbii şəkildə hər kəsin yolu ildə üç gün bu səhrada təşkil olunan əza məclisinə düşür, yavaş-yavaş müxtəlif yerlərin əhalisi onunla tanış olur. İllərdir İslamın mərkəzi, böyük səhabələrin, fəqih və hədisşünasların vətəni olan Mədinə əhalisinin bir qrupu bu günlərdə burada məclis keçirir. Kimin üçün? İslam dünyasının ən parlaq şəxsiyyətlərindən biri, Peyğəmbər (s) ailəsindən böyük insan, fəqih və hədisşünasların başçısı, fiqh və hədis elmində bütün məşhur şəxslərin müəllimi olmuş Məhəmməd ibn Əli ibn Hüseyn (ə) üçün. Nə üçün hər yerdən buraya gəlir və məclis keçirirlər? Məgər onun ölümü təbii olmamışdır? Onu kim və nə üçün öldürmüş, zəhərləmişdir? Məgər o nə edirmiş, nə deyirmiş? Onun bir iddiası olmuşdurmu, hansısa çağırış etmişdirmi? Xəlifə üçün təhlükəli insanmı olmuşdur? Onlarla sual və şübhə, bunun ardınca isə əza sahibləri, eləcə də orada-burada cəmiyyətin arasına səpələnmiş məlumatlı insanlar tərəfindən cavab seli. Onlar Mədinədən, Kufədən elə bu suallara cavab vermək üçün gəlmişlər. Gəlmişlər ki, misilsiz fürsətdə bütün İslam dünyasından buraya toplaşmış insanlara həqiqətləri başa salsınlar, həmçinin qardaş və dostları ilə görüşsünlər, xəbər versinlər, fərman alsınlar. Şiə dəvəti o dövrün beynəlxalq təbliğat şəbəkəsinin minlərlə ən möhtəşəm kanalı ilə həyata keçirdi. İmam Baqirin (ə) uğurlu planı budur: ölümdən sonra cihad planı. Həyatı və ölümü Allah üçün və Allah yolunda olan səmərəli varlıq budur: "Ona doğulduğu gün də, öləcəyi gün də, (qiyamətdə) diriləcəyi gün də salam olsun!"[8]  (Sadiq rəhbər, səh. 33-54)

 

On birinci fəsil: Bəni-Üməyyə hakimiyyətinin sonları və İmam Sadiqin (ə) imaməti

İmam Baqir (ə) ən qüdrətli Bəni-Üməyyə xəlifələrindən biri olan Hişam ibn Əbdülməlikin şahlığı dövründə 57 yaşında vəfat etdi. Böyük müsəlman ölkəsinin hər tərəfində mövcud olan gərginlik, Əməvi hökumətinin saysız-hesabsız problemləri Hişamın Şiə təşkilatının döyünən ürəyi İmam Baqirə (ə) qarşı təxribat və bədxahlığına mane olmurdu. Muzdurları onun tövsiyəsi ilə imamı zəhərlədilər, zalım Əməvi tağutluğu ölkənin qərb və şərq sərhədlərindəki zəfərlərinin həzzini ölkə daxilindəki ən böyük və ən təhlükəli düşmənini qətlə yetirməklə tamamladı.

Bəni-Üməyyə rejimi İmam Baqirin (ə) həyatının son illərində və övladı İmam Sadiqin (ə) imamlığının ilk illərində özünün ən macəralı dönəmlərindən birini yaşayırdı. Bir tərəfdən şimal-şərq sərhədlərində yerləşən Türküstan və Xorasana, şimalda yerləşən Ön Asiya və Azərbaycana, Qərbdə yerləşən Afrika, Andalos və Avropaya hərbi yürüşlər edilirdi, digər tərəfdən də Ərəb İraqı, Xorasan və Şimali Afrika bölglərində əsasən narazı və məzlum yerlilər tərəfindən, bəzən də monqol Əməvi sərkərdələrinin təhriki, yaxud yardımı ilə ardıcıl qiyamlar baş verirdi. Həmçinin hər yerdə, xüsusən də Bəni-Üməyyənin böyük mülkədarlarının məskəni, əksərən xəlifəyə, yaxud digər dövlət başçılarına məxsus məhsuldar torpaq olan İraqın qarışıq etnik durumu, Hişamın və onun İraqda qüdrətli valisi olan Xalid ibn Abdullah Qəsrinin fantastik israfçılıqları, quraqlıq və müxtəlif yerlərdə, o cümlədən Xorasanda, İraqda və Şamda yayılmış taun xəstəliyi Bəni-Üməyyə rejimi və onun ən məşhur başçılarından biri tərəfindən idarə olunan böyük müsəlman məmləkətinə qəribə görünüş verirdi. İslam dünyasının ən mühüm itkisini - mənəvi, elmi və düşüncə itkisini də bütün bunlara əlavə etmək lazımdır.

Yoxsulluğun, müharibənin və xəstəliyin Əməvi hökmdarlarının istibdadından yaranan bir ildırım kimi zavallı insanların başına çırpıldığı, yandırıb külə çevirdiyi pərişan və qəmli cəmiyyətdə fəzilət, təqva, əxlaq və mənəviyyat ağacının cücərməsi qeyri-mümkünlər sırasında idi. Yazıq və məzlum xalqa arxa durmalı olan ruhani, qazi, hədisçi və təfsirçilər nəinki düyün açmır, çox zaman özləri də bir şəkildə və bəzən siyasət adamlarından da təhlükəli formada xalqın problemlərini artırırdılar. Fiqh, kəlam, hədis elmlərinin və sufiliyin məşhur şəxsiyyətləri, o cümlədən Həsən Bəsri, Qütadə ibn Diamə, Məhəmməd ibn Şahab Zöhri, İbn Bişr, Məhəmməd ibn əl-Münkədir, İbn Əbi Leyla və onlarla belə alim əslində xilafətin fiqurlarına, yaxud əmir və hakimlərin oyuncaqlarına çevrilmişdilər.

Təəssüf doğurur ki, belə nüfuzlu şəxsiyyətlərin həyatını araşdırarkən insanda çirkin arzulara - vəzifə, ad-san, mal-dövlət istəyinə bulaşmış insanlar, yaxud qorxaq, əskik və rahatlığını düşünən zavallılar, yaxud riyakar və axmaq zahidlər, yaxud qanlı kəlam və etiqad mübahisələri ilə məşğul olan alimnümalar təsəvvürü yaranır.

Yaxşı etiqad və xarakterləri dirçəltməli olan Quran və hədis hakim qüvvələrin əlində alətə, yaxud belə bədbəxt və azğın ünsürlərin səmərəsiz ömrünün məşğulluğuna çevrilmişdi.

Belə zəhərli, qapalı və qaranlıq mühitdə, ağır və çətin dövrdə İmam Sadiq (ə) ilahi əmanət yükünü üzərinə götürdü. Şiə ədəbiyyatında mövcud olan mütərəqqi imamət məfhumu belə ağır və qaranlıq dövrün sərgərdan, aldanmış, məzlum və çaşqın insanları üçün həqiqətən çox zəruri və həyatidir. Dedik ki, imamət iki həyati amilin qaynağıdır: düzgün İslam təfəkkürünün və ədalətli tövhid quruluşunun. İmamın üzərinə də bu iki vəzifə düşür. O əvvəlcə məktəbi izah etməli, başa salmalıdır. Bunun özü təhriflərlə, cahil və qərəzli fəaliyyətlərlə mübarizəyə də şamil olur. Bundan sonra isə haqlı tövhid quruluşunun əsasını qoymaq, ona şərait yaratmaq və belə bir quruluşun olduğu təqdirdə onu davam etdirmək lazımdır. İndi belə bir əlverişsiz şəraitdə İmam Sadiq (ə) bu əmanət yükünü və sözügedən iki vəzifəni üzərinə götürür; hər iki vəzifə eyni zamanda onun üzərinə düşür. Hansına daha tez başlayacaq? Düzdür, siyasi işlər çox çətindir; elə bir şey deyil ki, Hişam Əməvi bütün məşğuliyyət və problemlərinə baxmayaraq, onu bağışlasın və ondan ağır intiqam almasın. Düşüncə fəaliyyəti, yəni təhriflə mübarizə isə əslində xilafətin - təhrif olunmuş dinə əsaslanmadan yaşamağa qadir olmayan rejimin şah damarını kəsmək deməkdir. Deməli, bunu da ona bağışlamayacaqlar; nə Hişam, nə də azğın cəmiyyətin ümumi istiqamətində hərəkət edən və fəaliyyət göstərən din alimləri.

Digər tərəfdən, Şiə məzhəbinin inqilabi təfəkkürünü genişləndirməyə şərait var. İnqilab doğuran üç amil kimi müharibə, yoxsulluq və istibdad var, qabaqkı imamın fəaliyyəti də yaxın və hətta uzaq bölgələrdə müəyyən imkanlar yaratmışdır.

İmamətin ümumi strategiyası xalqın bir qrupunun imamət ideologiyasını qəbul edib həvəslə həyata keçməsini gözlədiyi, başqa bir qrupun isə ciddi mübarizə təşkilatına qoşulduğu cəmiyyətdə tövhid və Əli (ə) inqilabı etməkdir. Bu ümumi prosesin məntiqi şərti Şiə təfəkkürünü yaymaq və məxfi Şiə təşkilatını bacarıqlı və fədakar kadrlarla təmin etmək üçün bütün İslam dünyasında ümumi təbliğat aparmaqdır. Həqiqi imamət dəvətinin çətinliyi də bundadır. Hakimiyyəti hər növ zorakılıqdan, təcavüzkarlıqdan, xalqın azadlıq hüququnu tapdamaqdan uzaq saxlayıb İslamın əsas prinsip və meyarlarına cavab verən ideal bir dəvət mütləq xalqın şüuruna güvənməli və onların təbii ehtiyac hissinin fonunda inkişaf etməlidir. Əksinə, zahirdə ideoloji şüarlarla işə başlayan, əməldə isə bütün hakim qüvvələr kimi dəyənək göstərən, özünün əxlaqi və ictimai prinsiplərinə göz yuman mübarizələrdə belə çətinlik yoxdur. İmamət hərəkatının uzunluğunun, həmçinin bu hərəkata paralel hərəkatların, məsələn Abbasilər hərəkatının inkişafının və nisbi məğlubiyyətinin sirri budur. Bu məsələni tarixi faktlarla və daha geniş şəkildə izah edəcəyik.

Əlverişli şərait, həmçinin qabaqkı imamın yaratdığı imkanlar İmam Sadiqin (ə) Şiə hərəkatının uzun məşəqqətlərindən sonra şiələrin illərlə gözlədiyi həqiqi ümid və öz sələflərinin qədim mübarizəsini səmərəyə çatdırıb Şiə inqilabını geniş İslam dünyası miqyasında həyata keçirəcək qaim - qiyamçı olmasına səbəb olurdu. İmam Baqirin (ə) işarələri və bəzən hətta açıq sözləri bu arzunun yaranmasında təsirli olmuşdu. Cabir ibn Yezid deyir ki, bir nəfər İmam Baqirdən (ə) ondan sonrakı qiyamçı haqda soruşdu. İmam əli ilə oğlu Əbu Abdullahın çiyninə vurub dedi ki, and olsun Allaha, Məhəmməd (s) ailəsinin qiyamçısı budur.[9]  (Sadiq rəhbər, səh. 54-61)

İmam Sadiqin (ə) həyatının tanınmaz qalması

Burada İmam Sadiqin (ə) həyatını araşdıranlar üçün ən təəssüflü məqamlardan birinə toxunmaq istəyirəm. O da budur ki, imamın xüsusən Bəni-Üməyyə hakimiyyətinin sonlarına təsadüf edən ilk imamət illəri tanınmaz və qarışıqdır. Yüzlərlə tarixi rəvayətdən anlaşılan keşməkeş və təlatüm dolu bu həyat nə tarixdə, nə də hədisşünas və təzkirəçilərin sözlərində nizamlı formada işıqlandırılmış, əksər hadisələrin zamanı və xüsusiyyətləri yazılmamışdır. Tədqiqatçı müəyyən tarixi qeydlərə əsaslanaraq dövrün ümumi hadisələrini nəzərə almalı, şəxs, yaxud hadisələr barədə hər bir rəvayəti digər mənbələrdən əldə olunan məlumatlarla müqayisə etməli, hadisənin zaman, məkan və xüsusiyyətlərini kəşf etməlidir. Bəlkə də xüsusən imamın tərəfdarları ilə birgə təşkilati fəaliyyətlərindəki bu qaranlığın səbəblərindən birini uyğun işlərin mahiyyətində axtarmaq lazımdır.

Təbii ki, təşkilati işlərin gizli qalması üçün məxfilik prinsiplərinə əməl olunmalıdır. Belə olduqda o zaman da, ondan sonra da məxfi qalır və səhabələrin sirdaşlığı yad insanların xəbər tutmasına imkan vermir. Belə bir təşkilat qələbə çalıb hakimiyyətə gələndə özü məxfi işlərinin üstünü açır. Məhz buna görə Abbasilər hərəkatının çoxlu gizli işləri, hətta başçıların xüsusi fərmanları və dəvət çağında təşkilat üzvləri ilə gizli təmasları tarixdə qeyd olunmuşdur və hamının xəbəri var.

Əgər Əli (ə) hərəkatı da qələbə çalsaydı, Şiə imamları, yaxud onların seçdiyi qüvvələr hakimiyyətə gəlsəydilər, şübhəsiz, biz bu gün imamların siyasi fəaliyyətlərinin, çox geniş və gizli təşkilatlarının bütün sirlərindən xəbərdar olardıq.

Başqa bir səbəbi tarixçilərin və tarixçiliyin mahiyyətində axtarmaq lazımdır. Məzlum və məğlub bir qrupun rəsmi tarixdə yalnız adı varsa və ondan bir xatirə qeyd olunmuşsa, deməli, qalib və zalım cinah yalnız bu həddə yazılmasını istəmişdir. Rəsmi tarixçilər müxalifləri pisləyən sözləri qoyub çox əziyyətlə müxaliflərin sözlərini tapmır və böyük riskə gedib qeyd etmirlər. Onlar əziyyətsiz-qorxusuz hakim qüvvələrin çoxlu sözlərini asanlıqla əldə edərək yazır, bundan ötrü mükafat da alırdılar.

İndi bu aydın həqiqətə başqa bir reallığın kənarında nəzər salmaq istəyirik. Sonrakı tədqiqatların əksərinin qaynağı sayılan və İmam Sadiqin (ə) həyatından 500 il sonraya qədər yazılan bütün məşhur və mötəbər tarixlər Abbasilərin xeyrinədir. Bilirik ki, Abbasi xilafəti hicrətin yeddinci əsrinin ortalarına qədər davam etmiş, bütün məşhur və qədim tarixlər də bu qüdrətli sülalənin hakimiyyəti dövründə yazılmışdır. Belə olduqda isə nəticəni təxmin etmək olar. Abbasi dövrünün tarixçisindən gözləmək olmaz ki, İmam Sadiqin (ə), yaxud başqa bir Şiə imamının həyatına dair düzgün və dolğun informasiya tapıb kitabında qeyd etsin. İmam Sadiqin (ə) həyatında bir çox təhrif və qaranlıq məqamların səbəbi budur.

Bizi imamın həyatının ümumi xətti ilə tanış edən yeganə yol budur: bu qaranlıq məqamlar arasından o həzrətin həyatının mühüm qrafiklərini tapıb, təfəkkür və əxlaqının ümumi meyarları kimi tanıdığımız amillərin köməyi ilə həyatının əsas xətlərini təsvir edək, bundan sonra isə ayrı-ayrı məsələləri və zərif məqamları açmaq üçün müxtəlif tarixi və qeyri-tarixi dəlil və faktları araşdıraq. (Sadiq rəhbər, səh. 65-68)



[1]"Bihar əl-ənvar", c. 46, səh.264

[2]Bəzi rəvayətlərə görə, yoldakı şəhərlərin əhalisinə demişdilər ki, Məhəmməd ibn Əli (ə) və Cəfər ibn Məhəmməd (ə) İslam dinindən dönüb məsihi olmuşlar: "Bihar əl-ənvar", c. 46, səh. 306

[3]Hud/86

[4]"Bihar əl-ənvar ", c. 46, səh. 264

[5]Yenə orada, səh. 361-362

[6]"Əl-Kafi", c. 1, səh. 368

[7]"Bihar əl-ənvar ", c. 46, səh. 215, 220

[8]Məryəm/15

[9]"Bihar əl-ənvar", c. 47, səh. 131

 

Google+ WhatsApp ok.ru