'Quranda islami təfəkkür tezisi' kitabı - 27-ci məclis

'Quranda islami təfəkkür tezisi' kitabı - 27-ci məclis

27-ci məclis: VİLAYƏT HAQQINDA–2

Maide.Az saytı ilk dəfə olaraq Ramazan ayının əvvəlindən  Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin "Quranda islami təfəkkür tezisi" kitabını səsli və mətn formatda oxuculara təqdim edir: 
 

İYİRMİ YEDDİNCİ MƏCLİS

VİLAYƏT HAQQINDA–2

 

 

Çərşənbə axşamı – 1974-10-15

Ramazan ayının 28-i.

 


بسم الله الرحمن الرحيم

فَإِذَا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ. إِنَّهُ لَيْسَ لَهُ سُلْطَانٌ عَلَى الَّذِينَ آمَنُواْ وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ. إِنَّمَا سُلْطَانُهُ عَلَى الَّذِينَ يَتَوَلَّوْنَهُ وَالَّذِينَ هُم بِهِ مُشْرِكُونَ

Quran oxuduqda, qovulmuş Şeytandan Allaha sığın! Həqiqətən, iman gətirən və öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmranlığı yoxdur! Şeytanın hökmranlığı yalnız ona itaət (və onun hökmranlığını qəbul) edib Allaha şərik qoşanlar üzərindədir!

(“Nəhl” surəsi, ayə, 98-100.)

 


Bugünkü məclisdə qeyd edilən ayələrə istinadən, sübut və şərh etmək istədiyimiz mətləblərə toxunacağıq. Qeyd etdik ki, hər bir müsəlman və Allaha bəndəçilik iddiası edən hər bir şəxsin öz həyatı boyunca, bütün rəftar və fəaliyyətlərinə Allah tərəfindən seçilmiş rəhbər və hakim nəzarət etməli, özü də Allahdan ilahi rəhbərə itaət etmək müvəffəqiyyəti istəməlidir. Başqa sözlə, o, həyatın bütün fəaliyyətlərində Allahı və Allahın Özünə canişin təyin etdiyi şəxsi hakim və rəhbər bilməlidir. Ötən məclislərdə Allahın canişin təyin etdiyi şəxslərin kimlər olduğunu da nəzərinizə çatdırdıq. Onların peyğəmbərlər və onlardan sonra isə övliyalar – sizin “övliya” adı ilə tanıdığınız ilahi hakim və rəhbərlər – olduğunu dedik və qeyd etdik ki, ilahi rəhbər ya adı və əlamətləri ilə, ya da adı ilə deyil, yalnız əlamətləri ilə təyin olunur. Bunlar ötən məclislərdə toxunduğumuz mətləblər idi. Nəzərdə tutduğumuz bugünkü mətləb isə budur: Əvvəla, Allahın vilayət və rəhbərliyini inkar edən və Ondan qeyrisinin rəhbərliyini qəbul edən insanın hökmü nədir? İkincisi, bu işin adı nədir? Üçüncüsü, bu işin nəticəsi nədir? Uyğun mövzuda bu bəhslərə də yer ayrılmalıdır. Aydındır ki, ilahi vilayət və rəhbərliyi zehnimizdə qəbul etdikdən sonra, növbə onun İslamın danılmaz əməli üsullarından hesab olunacağına çatır. Əlbəttə, bu bəhs vilayətin ikincidərəcəli məsələsinə aid edilsə də onun əsası və tərkib hissəsidir.

Qurani-Kərimdə Allahın hakimiyyətindən başqa, bütün hakimiyyətlər “tağut” adlanır. Allahın hakimiyyəti altında olmayan hər kəs tağutun hakimiyyəti altındadır. Tağut nə deməkdir? “Tağut” sözü “tüğyan” sözündən götürülüb “üsyan etmək” və “insan həyatının fitri və təbii dairəsindən kənarlaşmaq” mənasını daşıyır. Misal üçün, bütün insanların kamilliyə çatmaq üçün yaradıldığını fərz etsəniz, insanlığı kamillikdən məhrum edən kəs “tağut”dur. Fərz edin ki, insanlar ilahi qanunlar əsasında yaşamalıdır və bu, təbii, həmçinin, insan fitrətinə uyğun bir məsələdir. İnsanları qeyri-ilahi qanunlara sövq edən və onların qeyri-ilahi qanunlar əsasında yaşamasına şərait yaradan şəxs “tağut”dur. İnsan öz varlığını səmərəli bir mövqeyə yetirmək üçün davamlı şəkildə çalışmalıdır. Onu çalışmamaq, ciddi olmamaq, tənbəllik, süstlük və rahatçılıq ardınca olmağa təşviq edib rəğbətləndirən hər bir amil “tağut”dur.

İnsan Allahın əmrinə itaət etməlidir, onu Allahın əmrindən yayındıran və onun Allaha üsyan etməsinə səbəb olan hər bir şey “tağut”dur. Demək, tağut xüsusi isim deyil; bəziləri elə güman etməsinlər ki, tağut hansısa bir bütün adıdır. Əlbəttə, büt adı olsa da, amma müəyyən bir bütün adı deyil; bəzən bu büt sənin öz varlığın, bəzən pulun, bəzən rahat həyat tərzin, bəzən məqsəd və məramındır. Bəzən gözünü bağlayıb başını aşağı dikərək əlini başqa birinin əlinə qoyduğun, o da səni istdəyi yerə aparan şəxsdir. Bəzən bu büt qızıl-gümüş kimi cansız və metaldır, bəzən də insan kimi canlıdır, bəzən də ictimai nizam və qanunlardır. Bütün bunlar “tağut” adlanır. Demək, tağut xüsusi isim deyil. Əlbəttə, nübuvvət bəhsinin “Sosial təbəqələşmələr” mövzusunda qeyd etdiyimiz kimi, Quran ayələrindən anlaşılır ki, mütrüblər, “mələ`” adı ilə qeyd olunan hakimlər və məmurlar, eləcə də, insanları Allahdan uzaqlaşdıran alim və rahiblərlə yanaşı, “tağut” daha böyük və daha geniş bir ifadədir. Bir sözlə, Allahın vilayət və hakimiyyətindən çıxan hər bir kəs tağut və şeytanın vilayət və hakimiyyəti altına keçir. Şeytanla tağut arasında fərq varmı? Onların bir-birilə rabitəsi varmı? Bəli, onların arasında böyük rabitə var. Şeytan elə tağut, tağut da elə şeytandır. Bunu Quran ayəsi açıqlayır. Şeytanla tağutun eyni olduğunu sübut etmək və aydınlaşdırmaq üçün yalnız bir ayəyə istinad etmək istəyirəm:

الَّذِينَ آمَنُواْ يُقَاتِلُونَ فِي سَبِيلِ اللّهِ وَالَّذِينَ كَفَرُواْ يُقَاتِلُونَ فِي سَبِيلِ الطَّاغُوتِ

İman gətirənlər Allah yolunda, kafir olanlar isə tağut yolunda vuruşurlar.

Ayənin davamında buyurulur:

فَقَاتِلُواْ أَوْلِيَاء الشَّيْطَانِ

O halda Şeytanın dostları (cəbhə yoldaşları, ona bağlı olan və qoşulanlar) ilə vuruşun!

إِنَّ كَيْدَ الشَّيْطَانِ كَانَ ضَعِيفًا

Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir![1]

Gördüyünüz kimi, bu ayədə şeytanın yerinə “tağut”, tağutun yerinə isə “şeytan” ifadəsi işlədilmişdir. İnsanın varlığının xaricində onu çirkinliyə, pozğunluğa, tənəzzülə, alçaqlığa, pisliyə, zülmkarlığa və əyriliyə sövq edən qüvvəyə “şeytan” deyilir.

Həm insanlar, həm cinlər, həm qohumlar, yadlar, qadınlar və böyüklərdən, həm də hiss və duyğulardan ibarət şeytanlar vardır. Onun xarici nümunələrindən biri Həzrət Adəmin (ə) qarşısında müxalif və müstəqil mövqedən çıxış edən, o sözləri deyən, ömrümüz boyunca lənətlədiyimiz ilk şeytan, o bədbəxt və zavallı İblisdir. Halbuki, şeytan yalnız İblisdən ibarət deyil, bəlkə də şeytan nə onunla başlamış, nə də onunla bitəcəkdir. Dünyada nə qədər istəsən şeytanlar vardır; həm onlara toxunmaq olur, həm onları (yuxarıda izah etdiyimiz kimi, qızıl, gümüş, pul və sairə qəlibində) əldə etmək olur, həm də onlar gözə görünürlər. Bəzən də insan onlarla münasibət qurur, gediş-gəliş edir. Şeytan şeytandır; insanı Allah yolundan uzaqlaşdırıb fəsada, pozğunluğa, azğınlığa, pisliyə və alçaqlığa sürükləyən hər bir şey şeytandır.

Bütün qeyri-ilahi hakimiyyətlər şeytani və tağuti (tağutamənsub) adlanır. Həqiqi (və ilahi) rəhbərin əmri altında yaşamayan hər bir kəs tağut və şeytanın əmri altında yaşadığını bilməlidir. Soruşa bilərsiniz: “Məgər şeytan və tağutun əmri altında yaşamaq və onun əmrinə təslim olmağın acı nəticəsi varmı?” Bugünkü ayələrdən anlaşılan incə məqamlardan biri də budur. Qurani-Kərim bu zəmində bizə bir neçə cavab verir.

Birinci cavab odur ki, əgər şeytanın hakimiyyətinə boyun əydinsə, şeytan sənin varlığının bütün potensial və səmərəli enerjilərinə hakim kəsiləcək. Bu başlanğıcdır. Əgər boynunu ona tərəf çevirsən, öz hakimiyyət kəndirini boynuna atacaq və bir daha onun əlindən xilas ola bilməyəcəksən; varlığındakı bütün qüvvələr, potensiallar, fəaliyyətlər və parlaq cilvələr tağut və şeytanın çənginə keçəcək. Bütün varlığın onun çənginə keçdikdə, o, səni asanlıqla özünəməxsus alət və vasitələrlə istədiyi yola və istədiyi yerə çəkib aparacaq. Aydındır ki, şeytan və tağut insanı nura, mərifətə, asayişə, rifah və mənəviyyətə doğru yönəltməz. Bu kimi işlər onun marağında deyil, onun əsas hədəfini öz şəxsi maraqları və onların təmini təşkil edir. Elə buna görə də, səndən öz şəxsi maraqlarının təmini yolunda istifadə edəcək.

Əgər qeyd etdiyim silslə bəhslərə, dəqiq kəlmələr və cümlələrin hər birinin mənasına diqqət etsəniz, görəcəksiniz ki, bu məna əvvəldən bu günə kimi xəbərdar olduğumuz bütün tarixi həqiqətlərə uyğundur. Tağutun hakimiyyətini qəbul etdiyin təqdirdə, bütün qüvvələrin, enerjilərin, istedad və potensialların onun ixtiyarına keçəcək. Onun ixtiyarına keçdiyi zaman sənin xeyrinə işləməyəcək, çünki tağut və şeytan üçün sənin maraq və xeyrin əhəmiyyət kəsb etmir. Şeytan üçün onun özü, öz yolu və öz maraqları önəmlidir. Əgər sənin onun yolu və maraqları uğrunda qurban olmağın lazımdırsa, olmalısan, azğınlığa düşməyin lazımdırsa, düşməlisən. Şeytanın işi budur, qüdrət onun ixtiyarındadır, sən də özünü ona həvalə edibsənsə, səni istədiyi yerə çəkib aparacaq.

Bu, Quran ayəsidir. “Nisa” surəsindən sizin üçün oxuduğum bu ayə üzərində düşünmək lazımdır. Mən özüm, demək olar ki, Quranı düşünmədən oxumuram, çox vaxt ayələr üzərində düşünürəm; bəzən daha çox düşündüyüm zaman hiss edirəm ki, yeni mətləblər əldə etmişəm. Bununla belə, yenə də Quran üzərində az düşünürük. Bu təəssüfedici bir haldır. Burada qeyd etdiyimiz ayəni tərcümə etmişik, indi isə onu şərh edəcəyəm:

وَمَن يُشَاقِقِ الرَّسُولَ مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى

Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən (nübuvvət yolundan) üz döndərib möminlərdən (İslam cəmiyyətindən, imanın hədəflərindən, düzgün və məqsədli müsəlman toplusundan) qeyrisinin yoluna tabe olarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldərik.[2] Onun özünün qəbul etdiyi çirkin hakimiyyət yolunda, bədbəxtlik içində saxlayarıq. O, özü öz əli ilə həmin məntəqəyə üz tutduğu və orada məskunlaşdığı üçün Biz də onu elə orada zəlil edərik:

إِنَّ اللّهَ لاَ يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى يُغَيِّرُواْ مَا بِأَنْفُسِهِمْ

Hər hansı bir tayfa özündə olanlarını (öz əhvalını) dəyişmədikcə, Allah da onda olanları (onun əhvalını) dəyişməz.[3]

Sən özün öz cilovunu şeytana tapşırdın, indi də qoy sənin cilovun onun əlində qalsın. Bu, bizim və yaradılışın qanunudur. Bunlar bu dünyaya aiddir. Bəs, axirətdə necə olacaq?:

وَنُصْلِهِ جَهَنَّمَ وَسَاءتْ مَصِيرًا

“Biz onu Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir!

Sən bu dünyada (zülm və haqsızlıqlara) gözünü yumduğun üçün birbaşa Rəbbin qəzəb oduna, əbədi Cəhənnəm əzabına atılacaqsan. İnsan tarixə baxdıqda, eynilə bunun şahidi olur.

Bu, ən önəmli sosial məsələlərdəndir və biz bu məsələni Qurana istinadən çox az araşdırmış, İslam tarixi ilə çox az tətbiq etmişik. Nə yaxşı olardı ki, Quransevərlər və təfəkkür əhli Quranın sosial-ictimai, xüsusən, tarixi məsələləri üzərində daha çox düşünsün. Sonra isə onları tarixi həqiqətlərlə tətbiq etdikdə, tarixi təfsir və yozumların hansı birinin həqiqətə uyğun olduğunu aydınlaşdıracaqdır. Bu tarixi hadisə uyğun ayənin təfsiri ilə əlaqədardır. Bildiyiniz kimi, belə xüsusi məclislərdə tarix demək mənim adət və metodum deyil, bu gün isə azacıq tarixə toxunacağam:

Kufə şəhəri İslam tarixinin ən maraqlı şəhərlərindən biridir. Sizin yaddaşınızda Kufə ilə bağlı bir neçə xatirə vardır və mənim burada Kufə haqqında qeyd etdiyim hadisə təzə deyil. Yadınızdadırsa, Kufə elə bir yerdir ki, Əmirəlmöminin Əli (ə) öz xilafəti üçün o qədər İslam ölkələri və böyük İslam məmləkətinin şəhərləri arasından bu şəhəri seçdi. Yenə yadınızdadırsa, Kufə əhli Əmirəlmöminin Əlinin (ə) döyüşlərində – “Cəməl”, “Nəhrəvan” və (və bəzi qəbilələrin iştirakı ilə) “Siffeyn” döyüşlərində iştirak etmişdi. Bu döyüşlər elə bu şəhərin mərd və cəngavər insanlarının vasitəsilə sona yetmişdi. Yenə də yadınızda olan başqa bir məqam budur ki, Əmirəlmöminin Əli (ə) elə bu Kufə camaatının əlindən şikayət edir və gileylənirdi ki, nə üçün sizi döyüşə çağırdıqda gəlmirsiniz? Yenə də həmin camaatın böyükləri İmam Həsən Müctəbaya (ə) məktub yazır və o Həzrətdən istəyirlər ki, Kufəyə təşrif gətirsin və biz bu şəhəri sizin ixtiyarınızda qoyacağıq. Yenə də həmin camaatın böyükləri – Süleyman ibn Sürəd Xüzai, Həbib ibn Məzahir, Müslim ibn Ovsəcə[4] və başqaları İmam Hüseynə (ə) məktub yazıb bildirirlər ki, bizim imamımız, rəhbərimiz və hakimimiz yoxdur. Bizə bu zülmkar şəxs hakim olmuşdur, siz gəlin (və bizi xilas edin). Onlar həqiqətən də düz deyirdilər. Yenə həmin camaat İmam Hüseynin (ə) müqabilində səf çəkir və sonda həmin faciə (Aşura faciəsi) baş verir. Yenə həmin Kufə camaatı həmin faciədən az sonra İslam tarixinin nadir hadisələrindən birinə imza atır. “Təvvabin” (tövbə edənlər) macərası baş qaldırır. Onlar Kərbəla və Aşura hadisəsində iştirak edə bilmədiklərindən tövbə etmək və canlarını qurban vermək məqsədilə yola düşürlər. Əməvilər və Abbasilərin hakimiyyəti dönəmində əksər inqilabların toxumu yenə həmin camaatın vasitəsilə əkilir, cücərir və səmərə verirdi. Onlar çox qurban verdilər, qətlə yetirildilər, canfəşanlıq etdilər və fədakarlıq göstərdilər. Görürsünüz ki, yenə həmin camaat bəzi hadisələr müqabilində ruhi və psixoloji süstlük, tənbəllik və zəiflik göstərir.

Bunun səbəbi nədir? Bu insanlarda iki üz, ik ruhiyyə var idimi? Xanım Zeynəbi-Kübra (s.ə) onları يا أَهْلَ الْكُوفَةِ، يا اَهْلَ الْخَتْلِ وَ الْغَدْرِ “Ey Kufə əhli, ey hiyləgər və vəfasız camaat![5] – ifadəsi ilə yad edir.

Mənim nəzərimcə, Kufə şəhəri və tarixdə onun psixoloji durumu haqqında mütaliə edib araşdırma aparılsa, çox maraqlı bir araşdırma olar. Mütəxəssislər, sosioloqlor və psixoloqlar Kufə və onun bu qədər maraqlı və qəribə bir əhalisinin olması haqqında düşünsünlər, tədqiqat aparsınlar və bəhs etsinlər. Görəsən, bir yerdə təəssüfdoğuracaq şəkildə uca insanlıq nümayişi etmələri, başqa bir yerdə isə süstlük və tənbəllik etmələrinin səbəbi nədir? Yəni, kufəlilər iki qrupa bölünürdülərmi? Kufə cəmiyyəti ikiüzlü idimi? Kufə Əmirəlmöminin Əlinin (ə) dolğun kəlamları sayəsində elə yetişmiş və təcrübə qazanmış bir məntəqə idi ki, orada nə əkilirdisə, dərhal cücərib yaşıllaşır, hidayət və tərbiyəyə layiq bir fidana çevrilirdi. Kufəyə insan yetişdirən ab-hava hakim olmuşdu. Elə buna görə də, şiə tarixinin böyük və görkəmli şəxsiyyətləri hətta Mədinədən də çox Kufədə yetişirdi. Görəsən, səbəb nə idi? Səbəb Əmirəlmöminin Əlinin (ə) dörd il hakimiyyəti dövründəki təlimləri və təbliğləri idi. Əli ibn Əbitalib (ə) kimi bir şəxsiyyətin bir şəhərdə hakimiyyətdə olması kiçik bir məsələ deyil. Bu hakimiyyət dörd il ərzində İslam dünyası miqyasında uğur qazanmasa da, sözsüz ki, Kufədə uğur qazanmış, Kufə cəmiyyətində qəribə təsirlər qoymuş, nəticədə Kufə şəhəri şiə məzhəbinin beşiyi və fəzilətlər diyarına çevrilmişdi. Bəlkə, belə deyil?

Fəzilətlər diyarı olan bir yerdə hamının ideal və fəzilət sahibi olması mütləq deyil. Həmişə bir cəmiyyətdə müəyyən bir zümrə xas əməlləri və fədakarlıqları ilə başqalarından seçilir. Milyonlarla insan arasında bəzən minlərlə insan (yəni, az bir qisim) qəhrəmanlıq və fədəkarlıq nümunəsinə, cəmiyyətdə faydalı qüvvəyə çevrilir. Kufə əhalisi içərisində də bir zümrə diqqəti cəlb edirdi. Sosioloqların ifadəsi ilə desək, bir təbəqə deyil, bir dəstə və bir qrup özəl xüsusiyyətlərə sahib idi. Lakin ümumxalq kütləsi digər şəhərlərin əhalisindən fərqlənmirdi və onlardan pis deyildi. Məşhəd, Tehran, İsfahan, Mədinə və digər şəhərlərin əhalisi kimi idi, amma İslam məmləkətinin bir guşəsində, yəni Kufə şəhərində azlıq təşkil edən bir zümrə dövrün hakimlərinin qorxu və vəhşətinə səbəb olmuşdu. Ən çirkin qüvvələr və hakimlər həmişə özlərinin ən alçaq insanlarını, nökər və cəlladlarını həmin şəhərə hakim təyin edirdilər ki, əhalini həm siyasi və maddi baxımdan təzyiqlərə məruz qoysun, həm də zəhərli təbliğatlar vasitəsilə xalq kütləsini qəflətə düçar edib azğınlıq və ətalətə sürükləsinlər.

Onlar nə üçün belə edirdilər? Çünki həmin mübariz və fədakar insanlar başqa şəhərlərdə deyil, yalnız Kufə şəhərində idilər. Onlar bu pak və mübariz insanların vasitəsilə yaranmış zəmin və şəraiti tamamilə pozmaq və aradan qaldırmaq istəyir, zəhərli təbliğatlar aparır, insanları təzyiqlər altında və maddi-iqtisadi sıxıntıda saxlayırdılar. Bir sözlə, Kufə camaatını müxtəlif vasitələrlə xüsusi şərait və nəzarətdə saxlayırdılar, halbuki, digər şəhərlər belə deyildi. Elə bu səbəbdən, xalq kütləsi zalım və qəddar hakim dairələrin fəaliyyətlərindən təsirlənib bir sıra yaramaz işlərə əl atsaydı belə, onun mənşəyi Kufə camaatının pis olması deyildi. Bu qısa şərh Kufə haqqında idi. Bu zəmində düşünüb mütaliə edən və tədqiqat aparmaq istəyənlər, nəzərimcə, maraqlı məqamlarla rastlaşarlar.

Əməvi xəlifəsi Əbdülməlik Həccac ibn Yusifi Kufəyə göndərdi. O bilirdi ki, heç kim Həccac ibn Yusif kimi Kufənin mübariz və fədakar insanlarının öhdəsindən gələ bilməz. Elə buna görə də bu işə ən qəddar və ən cəllad nökərini məmur etdi. O da Həccac ibn Yusif idi. Həccac ibn Yusif gecəyarı Kufəyə daxil oldu və onun şəhərə gəlişindən heç kim xəbər tutmadı. Zahirən, camaat sabiq hakimi şəhərdən qovmuşdu. O, özü ilə bir qrup döyüşçü gətirmişdi. Onlar məscidi mühasirəyə aldı. Məsciddən ibadət edənlərin və gecə ibadəti ilə məşğul olanların zümzüməsi eşidilirdi. Həccac nökərlərinə lazımi təlimatlar verib məscidin bir guşəsində əyləşdi.

Camaat sübh azanı vaxtı sübh namazını məscidin imamı ilə birgə qılmaq, ibadət və raz-niyazla məşğul olmaq üçün Kufə məscidinə toplaşdı. Amma görünürdü ki, məscidə gələn ibadət əhli agah və ayıq insanlar deyildi. Səbəbi isə budur: Həccac ibn Yusif məscidə daxil olur, amma camaat kimin gəldiyini, nə üçün və hansı məqsədlə gəldiyini anlamır. O, məscidə daxil olub heç kimin diqqətini cəlb etmədən camaatın arasından keçərək mənbərə çıxır. Kufə məscidinin nə qədər böyük olduğunu görübsünüz. Camaat əvvəlcə diqqət etmədi. O isə bir söz demədən mənbərdə əyləşmişdi. Camaat arasından bir nəfər başını qaldırıb Həccacı mənbərdə gördü, amma tanımadı. Mənbərdə kimin əyləşdiyini soruşdu. Həccac çox qəribə geyinmiş, başına qırmızırəngli yun əmmamə qoymuş, əmmamənin bir ucunu boğazının altından keçirib çiyninə atmış və üzünü də burnunun üstünə qədər niqabla bağlamışdı, yalnız gözləri görünürdü. Bir sözlə, özünə qəribə bir görkəm vermişdi. Əlində qılınc, çiynində əba və başında qırmızı əmmamə Kufə məscidinin mənbərində sakitcə əyləşmişdi. Onun görünüşü və sükutu camaatın diqqətini çəkdi. Camaat bir-birilə pıçıldaşmağa başladı. Məsciddə pərakəndə halda əyləşən camaat yavaş-yavaş mənbərə tərəf yaxınlaşdı ki, onun kim olduğunu öyrənsin.

Diqqət yetirin, görün Quran nə buyurur:

نُوَلِّهِ مَا تَوَلَّى

Hər kəs iman yolundan, möminlərdən qeyrisinin yoluna tabe olarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldərik[6], öz boynuna atdığı kəndiri boynuna sarıyarıq. Sən müsəlmansan, məscidinin mənbərində tanımadığın bir şəxs əyləşib. Nə üçün onun haqqında maraqlanmırsan? Sən onun yanına gedib onun kim olduğunu soruşmalı, onun özünü təqdim etməsini istəməliydin. İçərilərindən bir neçə nəfər onu sorğuya tutmalıydı. Əgər onlar onu sorğu-suala tutsaydı, tamamilə başqa vəziyyət yaranacaqdı. Lakin onlar süstlük, iradəsizlik və zəiflik nümayiş etdirdilər və mənbərin qarşısında əyləşib onun sözlərinə qulaq asmağa başladılar.

O da camaatın ona tamaşa etdiyini gördükdə dedi: “Deyəsən, Kufə camaatı məni tanımır!” Camaat bir-birinə baxmağa başladı. Məlum idi ki, tanımırdı. O isə: “İndi özümü tanıtdırıram.” – deyib, əmmaməni başından götürdü, niqabı üzündən çəkdi. Camaata baxıb bir şeir dedi:

أَنا اِبنُ جَلا وَطَلاعِ الثَنايا

مَـتـى أَضَـعِ العِـمامَةَ تَعرِفوني

“Mən səhər oğluyam, dağları aşan! Əmmaməmi götürdükdə, tanıyacaqsız məni.”[7]

Bəziləri – bir-iki nəfər onun Həcac olduğunu ehtimal verdi. Məsciddə pıçıltı səsləri dolanmağa başladı: “Deyəsən Həccacdır, deyəsən Həccacdır.” Camaat birdən qorxuya düşdü. Hamını vahimə bürüdü ki, Həccac gəlib mənbərdə əyləşib. Həccac dedi: “Bəli, mənəm Həccac, düz tanıdınız.” Camaat vahimə içində əyləşmişdi. O qədər insan içərisindən bir nəfər tapılmadı ki, desin: “Həccac da kişidir, mən də kişiyəm. O, yuxarıda əyləşib, mən isə aşağıda. Onun nəyi vardırsa, mənim də var.” Burada camaat zəiflik göstərdi.

Həccac dedi: “Ey Kufə camaatı! Mən meyvə tək yetişən, boyunlardan asılan və dərilmə vaxtı çatan başlar görürəm. Bu başlardan bəzilərinin bədənlərdən ayrılmasını zəruri hesab edirəm.” Camaat onun puç sözlərindən daha da vahiməyə düşdü. Axı, Həccac atom bombası ilə Kufəyə daxil olmamışdı. Əgər atom bombasına sahib olsaydı belə, partlamayacaqdı. Çünki partlasaydı, onlara hökmranlıq edən bir şəxs belə qalmayacaqdı. Odur ki, hamını öldürməyəcək, bir qrupu sağ saxlayacaqdı. Əgər hamını öldürsəydi, bəs, kimə hökmranlıq edəcəkdi? Qapıyamı? Divaramı? Bunun nə ləzzəti olacaqdı? Gedib səhralıqdamı hökmranlıq edəcəkdi? Camaat bunu düşünə bilmirdi.

Bəli, Həccac dedi ki, başların bədənlərdən asıldığını, onların yetişib bədənlərdən ayrılma vaxtının çatdığını görürəm. Bundan sonra kimin başının kəsildiyini mən ayırd edəcəyəm. Qulamını çağırdı və əmr etdi ki, ayağa qalxsın. Qulamı ayağa qalxıb mənbərin qarşısında dayandı. Həccac ona dedi: “Cənablar üçün möminlərin əmirinin məktubunu oxu.” Möminlərin əmiri, yəni xəlifə Əmdülməlik ibn Mərvan. Qulam xəlifə Əmdülməlik ibn Mərvanın məktubunu açıb oxumağa başladı:

“Bismillahir-Rəhmanir-Rəhim. Möminlərin əmiri Əbdülməlik ibn Mərvandan Kufə əhalisinə! Ey Kufə əhalisi, salam olsun sizə!” Qulam bura çatdıqda, birdən Həccac üzünü qulama tutub dedi: “Sakit ol, dayan!” Qulam sakit dayandı. Həccac üzünü camaata tutub dedi: “Siz çox tərbiyəsizləşibsiniz! Möminlərin əmiri sizə salam verir, siz isə cavab vermirsiniz. Qulam, yenidən oxu!” Qulam yenidən oxumağa başladı: “Bismillahir-Rəhmanir-Rəhim. Möminlərin əmiri Əbdülməlik ibn Mərvandan Kufə əhlinə! Ey Kufə əhalisi, salam olsun sizə!” Birdən məsciddə olanların hamısı uca səslə: “Salam olsun möminlərin əmirinə!” – deyib, qulamın salamını cavablandırdılar. Həccac təbəssüm edib razılığını bildirdi və hər şeyin bitdiyini düşündü. Doğrudan da, Kufə camaatının işi bununla da bitmiş oldu.

وَمَن يُشَاقِقِ الرَّسُولَ مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى

Hər kəs özünə doğru yol aşkar olandan sonra, Peyğəmbərdən (nübuvvət yolundan) üz döndərib möminlərdən qeyrisinin yoluna tabe olarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldərik.[8]

Həccacı qəbul etdinizmi? Möminlərin deyil, kafirlərin və fasiqlərin əmirinin salamına cavab verdinizmi? Yaxşı, onu qəbul etdinizsə, Həccac da sizin hakiminiz olsun! Həccacı özünüz bəyəndiniz. Bilin ki, Allah onu möcüzə ilə aradan götürüb, Həzrət Zeynəlabidini (ə) onun yerinə qoyan deyil! Həccacı istəmədiyiniz vaxta qədər o sizinlədir. Həccacı qəbul etdiyiniz vaxta qədər bütün həyatınız, fikriniz və ruhunuz onun ixtiyarına keçəcək. Bu isə tarixin və yaradılışın qanunauyğunluğudur.

Bu, bir tarixdir. Tarix ibrət dərsidir, Quranın təfsiridir. Quranı tarixdə axtarıb tapın. Bizim keçmiş ömrümüz tarixin təcrübəsidir. Tarixə diqqətlə yanaşın və onunla ünsiyyət yaradın. Çalışın, tarixi və onun həqiqətlərini mənimsəyin. Tarixi bir hadisə və hekayəni nəql etməklə kifayətlənməyin. Baxın, görün, tarix nə demək istəyir? Tarixdə Həcacın əhvalatı bizə nəyi aşılayır?

Bu sözü deməyim də yerinə düşər. Həmin Həccac qətl və faciələri kimlərə görə törətmişdisə, elə onların vasitəsilə ən faciəli şəkildə Cəhənnəmə vasil oldu. Bunu da bilin ki, من أعان ظالماً سلّطه الله عليه – hər kim bir zalıma kömək etsə, Allah həmin zalımı ona müsəllət edər.[9] Bu da başqa bir ilahi qanunauyğunluqdur. Tarixə baxın, görün bizə hansı ibrətləri aşılayır? Nə demək istəyir? Mesajları nədir? Öyüd-nəsihətləri nədən ibarətdir? Son dərəcə diqqətlə tarixi araşdırın, o zaman Quran ayələrini asanlıqla anlayacaqsınız. Mən bir tarixi hadisəyə toxundum, onun Quran ayəsi ilə rabitəsini isə sizin öz öhdənizə buraxıram.

İndi də ayələri məna və tərcümə edək:

فَإِذَا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ

Quran oxuduğun zaman qovulmuş Şeytandan Allaha sığın![10]

Qardaşlar, indi ki Quranı oxuya bilirsiniz, İslam maarifi ilə tanışsınız, əgər bu vaxta qədər bunu bilmirdinzsə, bilin, Quran öyrənməyinizi və onu anlamağınızı istəməyən Şeytanın şərindən özünüzü qoruyun! Özünüzü qorumaq nə deməkdir? Çalışın, qəlbinizdə yer tutmuş Quran maarifini əlinizdən almasın, əməl və təfəkkür yolunu üzünüzə bağlamasın. Odur ki, فَاسْتَعِذْ بِاللّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِQovulmuş Şeytanın şərindən Allaha sığının!

Məgər Allaha sığına bilərəmmi? Şeytanın şərindən qaçıb qurtara bilərəmmi? Əlbəttə ki, bəli!

إِنَّهُ لَيْسَ لَهُ سُلْطَانٌ عَلَى الَّذِينَ آمَنُواْ وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ

Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmranlığı yoxdur! Allahın vilayət və hökmranlığı altında olan və bunun üçün çalışanlar və Allahın vilayət və hökmranlıq məntəqəsinə doğru tələsənlərə şeytan hökmranlıq edə bilməz.

إِنَّمَا سُلْطَانُهُ عَلَى الَّذِينَ يَتَوَلَّوْنَهُ

Şeytanın hökmranlığı yalnız ona itaət (və onun hökmranlığını qəbul) edənlərin üzərindədir!Həccacın hökmranlığı yalnız onun yoğun səsini qəbul edənlərə, boynunun kəndirini öz əli ilə onun əlinə tapşıranlara aiddir.

إِنَّمَا سُلْطَانُهُ عَلَى الَّذِينَ يَتَوَلَّوْنَهُ وَالَّذِينَ هُم بِهِ مُشْرِكُونَ

Şeytanın hökmranlığı yalnız onun hökmranlığını qəbul edib Allaha şərik qoşanlar üzərindədir!

وَمَن يُشَاقِقِ الرَّسُولَ مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى

Hər kəs özünə hidayət yolu aşkar olduqdan sonra, Peyğəmbərdən (nübuvvətə şəhadət verməkdən və ona imanın öhdəliklərindən) üz döndərib (həqiqi) möminlərdən qeyrisinin yoluna tabe olarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldərik”, hökmranlığını qəbul etdiyi şəxsi ona hakim edərik.

وَنُصْلِهِ جَهَنَّمَ

“Onu Cəhənnəmə varid edərik.

وَسَاءتْ مَصِيرًا

Cəhənnəm necə də pis yerdir!

إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ

Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Tövhid bəhsinə qayıdın, tövhidlə şirkin mənasına baxın, görün şirk nədir, tövhid nədir? Allahın bağışlamadığı günah nədir? Allah Ona şərik qoşmağı əsla bağışlamaz.Daha dəqiq ifadələr də işlədə bilərik. Allah öz məğfirətini şirki  qəbul edənlərin halına əsla şamil etməz. Allaha şərik qoşan, Allahdan qeyrisinin vilayət və hökmranlıq məntəqəsinə daxil olub Allahın nüfuz məntəqəsini Ondan qeyrisinə tapşıranı əsla bağışlamaz; günah, üsyan, pislik, çirkinlik və bədbəxtlik nəticəsində ruhun üzərində əyləşən yaralar heç zaman sağalmaz, məğfirətə tuş gəlməz. Məğfirətin mənasını sizə şərh etmişəm. Günahın bağışlanması dedikdə, günah, xəta, azğınlıq və inhiraf ucbatından insan ruhunda yaranan yaraların sağalması nəzərdə tutulur. Yaralar sağaldıqda, məğfirət də insanın halına şamil olur. Çirkin əməldən, əyrilikdən və qeyri-ilahi yoldan sənin ruhunda yaranan yaralar və narahatlıqlar sağaldığı zaman bağışlanacaq, ilahi məğfirətə şamil olacaqsan. Məğfirətin mənası budur. Əgər Allahdan qeyrisinin vilayət və hökmranlığı altında olsan, günah nəticəsində yaranan yaralar heç zaman sağalmayacaq, günahın acı təsiri heç vaxt aradan qalxmayacaq.

وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء

Bundan başqa (aşağı və kiçik) olan günahları isə istədiyi kimsə üçün bağışlayar.

Allahın istəyi isə hesab-kitabsız deyil; kim tövbə edərsə, günaha son qoyarsa və Allaha doğru üz tutarsa, Allah da onun məğfirətə şamil olmasını, bağışlanmasını istəyər. Ayənin davamında yenidən şirk məsələsinə qayıdılır və buyurulur:

وَمَن يُشْرِكْ بِاللّهِ فَقَدْ ضَلَّ ضَلاَلاً بَعِيدًا

Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (hidayət yolundan) çox azmışdır.

Bəzən, səhralıqda yolu itirir və yoldan yalnız bir kilometr uzaqlaşmış olursan. Bəzən də, itirdiyin yolun məsafəsi onlarla kilometr olur. Bu qədər yolu qayıtmaq asan deyil, əlavə təlaş, zəhmət, zirəklik və yaxşı bələdçi tələb edir. Allaha şərik qoşanlar da doğru və orta yoldan – hidayət yolundan çox-çox uzaq düşmüş, böyük azğınlıq və sərgərdanlığa düçar olmuşlar.

إِن يَدْعُونَ مِن دُونِهِ إِلاَّ إِنَاثًا وَإِن يَدْعُونَ إِلاَّ شَيْطَانًا مَّرِيدًا

Onlar Allahdan başqa, yalnız qadınları çağırır və yalnız azğın (itaətsiz, yaxşılıqdan uzaq) Şeytanı səsləyirlər.

Ayədə qeyd olunan “mərid” sözünü “azğın” mənasında tərcümə etmişik. Onunla yanaşı “yaxşılıqlardan uzaq” mənasını da qeyd edə bilərsiniz. Bu da “mərid” sözünün başqa bir mənasıdır.

لَّعَنَهُ اللّهُ

Allah ona (Şeytana) lənət etdi”, onu Öz rəhmət dərgahından uzaqlaşdırdı.

وَقَالَ لَأَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِيبًا مَّفْرُوضًا

“O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən (özüm üçün) müəyyən bir pay götürəcəyəm.””

Şeytan elə o vaxtdan and içdi ki, öz cəbhəsi ilə Allahın cəbhəsi arasında sülh və barışıq olmayacaq. Şeytan dedikdə, təbii ki, şeytanlar və şeytansifətlər nəzərdə tutulur. Bütün şeytanlar və onların bütün təbəqəsi bu xüsusiyyətə sahibdir. Onlar Allahın dərgahında and içib ki, Sənin bəndələrindən bir qismini doğru yoldan uzaqlaşdırıb azğınlığa çəkəcək, ağıllarını alacaq, düşüncələrini korlayacağıq. Onları Sənin vilayət və hökmranlıq altında olmaq əvəzinə, öz vilayət və hökmranlığımız altına çəkəcəyik.

وَلأُضِلَّنَّهُمْ

“Onları mütləq azdıracağam.”

وَلأُمَنِّيَنَّهُمْ

“(Uzun-uzadı) arzulara düçar edəcəyəm.”

“Arzular” üzərində bir az düşünün. Uzun-uzadı arzular insanı Allah yolunda çalışmaqdan saxlayır. Xoş, rahat və rifah həyat tərzi, böyük oğula toy etmək, qızları köçürmək, kiçik evi və mağazanı böyütmək, hansısa təşkilat və müəssisənin rəhbəri olmaq, filan qədər pul qazanmaq, özümə və yaxud oğluma mühəndis deyilmək və bu kimi digər uzun-uzadı arzular insanın başına düşən dəyirman daşı tək insanın başını üzər, belini bükər və onu diz çökdürər;, əgər həmin arzulara olan tamah dişini çəkib tullasan, azad və rahat olduğunu, Allah yolunda əl-qolunun bağlı olmadığını görəcəksən.

وَلأُمَنِّيَنَّهُمْ

“(Uzun-uzadı) arzulara düçar edəcəyəm.”

وَلآمُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ آذَانَ الأَنْعَامِ

Onlara əmr edəcəyəm ki, heyvanların qulaqlarını deşsinlər.”

Bu, cahil və yanlış bir adət-ənənə nümunəsi idi. Ola bilsin ki, bu cümlədə daha böyük sirlər qoyulsun. Mən onun üzərində çox düşünmədim. Bu haqda qeyd edilənlərin hamısını araşdırmağa da vaxtım olmadı. Bəlkə də yeni mətləblər əldə etmək olardı, amma maraq göstərmədim. Bununla bağlı diqqətinizə çatdıracağım mətləbdən daha da yeni mətləblərin olmasını ehtimal edirəm. Siz də bu haqda düşünün. Hadisənin zahiri bundan ibarətdir: Peyğəmbərin (s) dövründəki cahilanə adət-ənənəyə əsasən, heyvanların qulaqlarını deşir və kəsirdilər. Onlar bunu ruzi-bərəkətlərinin artması və sağlıqlarının təmin olunması məqsədilə yerinə yetirirdilər. Bu da cahilanə bir adət idi. Ayədə də bu məsələ qeyri-ilahi bir ənənə və təfəkkür tərzi kimi aşılanır. Görün, bu ənənə nə qədər də puç, absurd və məntiqdən kənar bir məsələdir. Bütün şeytani ənənələr bu qəbildəndir. Bu ənənə onun ardıcıllarının nəzərində puç olmasa da ağıllı insanların nəzərində isə puçdur.

وَلآمُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ اللّهِ

“Onlara Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!”

Ayənin bu hissəsi daha maraqlıdır. Yəni, ilahi, mənim (şeytanın) hökmümə müti olan, Sənin vilayət və hökmranlıq əyalətində ovlayıb öz əyalətimə çəkib apardığım insanları məcbur edərəm ki, ilahi fitrət və yaradılışdan üz çevirsinlər, Sənin onlar üçün təyin etdiyin istiqamət xəttindən uzaqlaşsınlar. Onlar üçün fitrətəzidd qanunlar çıxarıb təbiətə zidd göstərişlər verər, onlara insanlıq təbiətindən başqa bir yola doğru aparan bir yol göstərərəm:

وَلآمُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ اللّهِ

“Onlara Allahın yaratdıqlarını (ilahi fitrəti) dəyişdirməyi əmr edəcəyəm!”

Bu da şeytanın Allah qarşısındakı andından ibarətdir.

Şeytanın Allaha andı düşmənçilik və inadkarlıqdır. O, Allah dərgahında özünü belə təqdim edir və bütün şeytanların iş sərlövhəsi və proqramı budur. Əmin olun ki, ilahi fitrət əsasında yaşamaq istəyənləri şeytan azdırmaq istəyəcək. Şeytanın hakim olduğu insanların bu yolda addım atması qeyri-mümkündür; hər bir vasitə ilə onları ilahi fitrət və yaradılışdan uzaqlaşdıracaq. Çünki belə olmazsa, şeytanın şeytanlığı yarımçıq qalar. Elə bu səbəbdən də Allah-Taala ayənin davamında bizə xitabən buyurur:

وَمَن يَتَّخِذِ الشَّيْطَانَ وَلِيًّا مِّن دُونِ اللّهِ فَقَدْ خَسِرَ خُسْرَانًا مُّبِينًا

“Allahı qoyub Şeytanı özünə rəhbər bilən şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.”

يَعِدُهُمْ

“(Şeytan) onlara (ömrünüz, həyatınız və gələcəyinizlə bağlı yalan) vədlər verir.”

وَيُمَنِّيهِمْ

“Onları uzun-uzadı arzulara düçar edir.”

وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلاَّ غُرُورًا

“Lakin Şeytan onlara yalnız yalan vədlər verir.”

 

Xülasə

Çərşənbə axşamı – Ramazan ayının 28-i

VİLAYƏT HAQQINDA–2

Allahın və canişinlərinin vilayət və hökmranlığından başqa, bütün vilayət və hökmranlıqlar “tağut” və “şeytani” adlanır. Hər kim şeytanın hökmranlığını qəbul edərsə, şeytan onun varlığındakı bütün qurucu qüvvələr və potensiallarına hakim kəsiləcək, onu öz maraqları və nəfsinin istəkləri yolunda sərf edəcək. Tağut üçün hər şeydən mühüm öz mənfəət və xeyridir, cəmiyyətin xeyri və mənafeyinə, əsas etibarilə, insanlıq təməllərinə və onun təbiətdəki imkanlarına yalnız öz şəxsi prizmasından yanaşır. Şeytanın insan cəmiyyətinə hökmranlığında əsas qayə zərər və ziyan, böyük dəyərlərin aradan qaldırılmasıdır. İnsanlar məlumatsızlıq və etinasızlıq ucbatından tağutun hökmranlıq etdiyi cəmiyyətdə mərifət nurundan, insanlıqdan və həyatın ilahi ayinlər vasitəsilə işıqlanmasından məhrum qalmış, nadanlıq, ehtiras, şəhvət, məğrurluq və eqoistlik əsarətində həbs olunmuşlar.

فَإِذَا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِQuran oxuduqda, qovulmuş Şeytandan (və onun şərindən) Allaha sığın!

إِنَّهُ لَيْسَ لَهُ سُلْطَانٌ عَلَى الَّذِينَ آمَنُواْ وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَHəqiqətən, iman gətirən və yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmranlığı yoxdur!

إِنَّمَا سُلْطَانُهُ عَلَى الَّذِينَ يَتَوَلَّوْنَهُ وَالَّذِينَ هُم بِهِ مُشْرِكُونَŞeytanın hökmranlığı yalnız ona itaət (və onun hökmranlığını qəbul) edib Allaha şərik qoşanlar üzərindədir!

(“Nəhl” surəsi, ayə 98-100.)

وَمَن يُشَاقِقِ الرَّسُولَ مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى وَنُصْلِهِ جَهَنَّمَHər kəs özünə hidayət yolu aşkar olduqdan sonra Peyğəmbərdən (nübuvvətə şəhadət verməkdən və ona imanın öhdəliklərindən) üz döndərib möminlərdən (imanlı cəmiyyətdən) qeyrisinin yoluna tabe olarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və onu Cəhənnəmə varid edərik.

وَسَاءتْ مَصِيرًاCəhənnəm necə də pis yerdir.

إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِHəqiqətən, Allah Ona (vilayət və rəhbərlikdə) şərik qoşmağı əsla bağışlamaz.

وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاءBundan başqa (aşağı və kiçik) olan günahları isə istədiyi kimsə üçün bağışlayar.

وَمَن يُشْرِكْ بِاللّهِ فَقَدْ ضَلَّ ضَلاَلاً بَعِيدًاAllaha şərik qoşan şəxs, şübhəsiz ki, (hidayət yolundan) çox azmışdır.

إِن يَدْعُونَ مِن دُونِهِ إِلاَّ إِنَاثًا وَإِن يَدْعُونَ إِلاَّ شَيْطَانًا مَّرِيدًاOnlar Allahdan başqa, yalnız qadınları çağırır və yalnız azğın (itaətsiz, yaxşılıqdan uzaq) Şeytanı səsləyirlər.

لَّعَنَهُ اللّهُAllah ona (Şeytana) lənət etdi (Öz rəhmət dərgahından uzaqlaşdırdı).

وَقَالَ لَأَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِيبًا مَّفْرُوضًاO isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən (özüm üçün) müəyyən bir pay götürəcəyəm.”

وَلأُضِلَّنَّهُمْ وَلأُمَنِّيَنَّهُمْ وَلآمُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ آذَانَ الأَنْعَامِ وَلآمُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ اللّهِOnları mütləq azdıracaq, (uzun-uzadı) arzulara düçar edəcək və heyvanların qulaqlarını deşməyi və Allahın yaratdıqlarını dəyişdirməyi (insanlara fitrət yolundan çıxmağı) əmr edəcəyəm!

وَمَن يَتَّخِذِ الشَّيْطَانَ وَلِيًّا مِّن دُونِ اللّهِ فَقَدْ خَسِرَ خُسْرَانًا مُّبِينًاAllahı qoyub Şeytanı özünə rəhbər bilən şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.

يَعِدُهُمْ وَيُمَنِّيهِمْ(Şeytan) onlara vədlər verir və onları uzun-uzadı arzulara düçar edir.”

وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلاَّ غُرُورًاLakin Şeytan onlara yalnız yalan vədlər verir.

(“Nisa” surəsi, ayə 115-120.)

اللّهُ وَلِيُّ الَّذِينَ آمَنُواْ يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّوُرِAllah (Ona) iman gətirənlərin rəhbəridir, onları zülmətdən (nadanlıqdan, məğrurluqdan, nəfsin istəklərindən, şirkdən və zülmdən) çıxarıb işığa (mərifətə, elmə və hikmətə) tərəf yönəldər.

وَالَّذِينَ كَفَرُواْ أَوْلِيَآؤُهُمُ الطَّاغُوتُ(Allahın dininə qarşı) kafir olan kəslərin rəhbəri isə tağutdur.

 يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِOnları (kafirləri) nurdan (dindən, hikmətdən və insani keyfiyyətlərdən) ayırıb zülmətə (nadanlıq və azğınlığa) salarlar.

 أُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ Onlar Cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar!

(“Bəqərə” surəsi, ayə 257.)

 



[1]. “Nisa” surəsi, ayə 72.

[2]. “Nisa” surəsi, ayə 115.

[3]. “Rəd” surəsi, ayə 11.

[4]. Bu üç nəfər Kufə şiələrinin böyüklərindən sayılırdı. Həbib ibn Məzahir və Müslim ibn Ovsəcə özlərini Kərbəlaya yetirib İmam Hüseynin (ə) yanında şəhadətə nail oldular. Süleyman ibn Sürəd Xüzai isə sonralar “Təvvabin” qiyamına rəhbərlik etdi.

[5]. “Biharul-ənvar”, “İmam Hüseynin (ə) həyatı”, bölmə 39, hədis 1.

[6]. “Nisa” surəsi, ayə 115.

[7]. “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, 475-ci hikmətin şərhində.

[8]. “Nisa” surəsi, ayə 115.

[9]. “Nəhcül-fəsahə”, hədis 2945.

[10]. “Nəhl” surəsi, ayə 98-100.

 

Google+ WhatsApp ok.ru