250 YAŞLI İNSAN

250 YAŞLI İNSAN

   İmamlar yalnız yaşadıqları dövrdə qərib olmadılar, əsrlər boyu onların həyatının mühüm və bəlkə də əsəs cəhətlərinə edilən diqqətsizlik bu qəribliyin tarix boyu davam etməsinə səbəb oldu. Bu əsrlərdə yazılmış kitablar imamların həyatına dair rəvayətləri gələcək nəsillərə ötürdüyü üçün şübhəsiz ki, misilsiz dəyərə malikdir. Lakin hidayətçi imamların 250 illik həyatının davamlı xəttini təşkil edən gərgin siyasi mübarizə amili elmi-mənəvi cəhətlərə dair hədis, rəvayət və tarixi məlumatlar arasında itmişdir.
 
          Biz imamların həyatını dərs və örnək kimi öyrənməliyik, yalnız əziz və dəyərli xatirələr kimi yox. Bu isə onların siyasi həyatına diqqət yetirmədən mümkün deyil. Məndə imamların həyatının bu cəhətinə maraq ilk dəfə 1971-ci ildə ağır və məşəqqətli bir imtahan zamanı yarandı. Ondan öncə tövhid sözünün ucalması və ilahi hökumətin bərqərar edilməsi naminə fədakarlıq göstərən böyük mübarizlər olan imamların həyatını araşdırsam da, o zaman gözlənilmədən mənim üçün bir məsələ aydın oldu. O məsələ bu idi ki, məsum rəhbərlərin həyatında bəzən ziddiyyət kimi başa düşülən zahiri fərqlər olsa da, onların həyatı ümumilikdə bir-birinə bağlı olan vahid hərəkəti təşkil edir. Bu hərəkət hicrətin 10-11-ci ilindən kiçik qeyb dövrünün başlandığı 260-cı ilə qədər sürüb 250 illik bir dövrü əhatə edir. Bu insanlar əslində bir şəxs kimidirlər, onların məqsəd və istiqamətlərinin bir olduğuna şübhə yoxdur. Odur ki, biz İmam Həsən Müctəbanın (ə), İmam Hüseynin (ə) və İmam Səccadın (ə) həyatlarını bir-birindən ayrı şəkildə təhlil edib bəzi zahiri fərqlərə görə bu üç imamın həyat tərzlərinin bir-birinə zidd olduğuna dair kobud səhvə yol vermək əvəzinə, onların hamısını hicrətin 11-ci ilində bir yola qədəm qoyub 260-cı ildə onun sonuna çatmış və 250 il ömür sürmüş bir insan kimi fərz etməliyik.
 
          Bu böyük və məsum insanın bütün hərəkətlərini bu baxışla dərk etmək olar. Məsum olmasa da, hər bir ağıllı və məqsədli insan uzunmüddətli bir hərəkət zamanı müəyyən mövqe və taktikalar seçməli, bəzən sürətlə, bəzən zəif hərəkət etməli, bəzən hətta məqsədyönlü şəkildə geri çəkilməlidir. Onun elmli və məqsədli olduğunu bilən şəxslərə görə, bu da irəliyə hərəkət sayılır. Bu baxışa əsasən, Əmirəlmömininin (ə) həyatı İmam Müctəbanın (ə), İmam Hüseynin (ə) və 260-cı ilə qədər yaşamış digər səkkiz imamın həyatı ilə birgə bütöv bir tamı təşkil edir. Mən o zaman bunu başa düşdüm, bu baxışla onların həyatını araşdırmağa başladım və araşdırdıqca bu fikir də öz təsdiqini tapdı. Allah Rəsulunun (s) Əhli-beyti olan bu əziz məsumların bütöv həyatı vahid siyasi məqsədi izlədiyinə görə, xüsusi şəkildə araşdırılmalıdır. Mən bu haqda danışmaq və bunu bir qədər izah etmək istəyirəm.

Google+ WhatsApp