25 beynəlxalq təşkilat Mehman Hüseynova qarşı təzyiqləri pislədi

25 beynəlxalq təşkilat Mehman Hüseynova qarşı təzyiqləri pislədi

25 beynəlxalq hüquq-müdafiə təşkilatı azərbaycanlı bloger Mehman Hüseynovun oğurlanmasını və ona işgəncələrin verilməsini kəskin pisləyib, ölkə hakimiyyətini bu faktı dərhal araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.
 
Onlar M.Hüseynovun 200 manat cərimə olunması barədə məhkəmə hökmünün ləğvinə və ölkədən çıxışına qadağanın götürülməsinə çağırıblar.
 
“Bundan əlavə, biz Azərbaycan hakimyyətini fikrin ifadə olunması azadlığı hüququnun gerçəkləşdirilməsinə görə həbsdə olan bütün jurnalistlərin, bloger və fəalların azad olunmasına çağırırıq”, bəyanatda deyilir.
 
Tanınmış bloger Mehman Hüseynov yanvarın 9-daBakının mərkəzində naməlum şəxlər tərəfindən oğurlanıb. Onun yeri ancaq növbəti gün günortaya yaxın məlum olub. Bəlli olub ki, M.Hüseynovu polislər saxlayıblar.
 
Yanvarın 10-da onu Nəsimi rayon Məhkəməsinə aparıblar. O, polisə tabe olmamağa görə (İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi) cərimələnib.
 
M.Hüseynov deyib ki, polisdə olduğu müddətdə işgəncələrə məruz qalıb: onu bir neçə saat əlləri bağlı, uzanmış vəziyyətdə saxlayıblar, başına torba keçiriblər, ağzını bağlayıblar.
 
Ona qarşı elektroşokerdən istifadə ediblər və Nəsimi rayon polisində o, huşunu itirib. Ora gələn həkimlər ona iki iynə vurublar. Məhkəmə zamanı Mehmanın bədənindəki xəsarət izləri görünüb.
 
“Biz bilirik ki, Azərbaycan hakimiyyəti jurnalistlərə və ictimai fəallara qarşı uydurma ittihamlardan istifadə edir. Odur ki, Mehmanın barəsində hökm dərhal ləğv edilməlidir”, Beynəlxalq PEN klubun rəhbəri Salil Tripaxti deyib.
 
“Bu, Azərbaycanda jurnalistlərə qarşı davam edən repressiyalara daha bir sübutdur və təsadüfü deyil ki, İlham Əliyev “mətbuat yırtıcıları” siyahısına daxil edilib.
 
Beynəlxalq birlik Mehmanı və Azərbaycandakı digər tənqidi səsləri müdafiə etməlidir”, “Sərhədsiz Reportyorlar” təşkilatının nümayəndəsi Yohan Bir bildirib.
 
“Aşağıda imza edən təşkilatlar M.Hüseynovun oğurlanmasını vəzifəli dövlət məmurları tərəfindən qanunsuz həbs hesab edir.
 
Azərbaycanda tənqidi səslərin susdurulması son aylar sürətlənib. Hazırda onlarla jurnalist və fəal fikir azadlığına görə həbsdədir”, bəyanatda deyilir.
 
“Hökumət vətəndaş cəmiyyətini və KİV-i məhv etməyə çalışır, eyni zamanda neft və qazın satışından mənfəət əldə etmək üçün Qərblə münasibətləri inkişaf etdirmək istəyir”, Article 19-un nümayəndəsi Keti Morris bildirib.
 
“Hökumət qorxu atmosferi yaradır ki, insanların öz fikrini bildirmək istəyinin qarşısını alsın. Beynəlxalq birlik bu cür davranışı pisləməli və hakimiyyətə təzyiq göstərməlidir”, o əlavə edib.
 
“Biz jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı hücumlara ara verməyən Azərbaycan hakimiyyətinin cəzasızlıq hissinə son qoymalıyıq. Beynəlxalq birlik Avropa Şurası və BMT çərçivəsində konkret addımlar atmalıdır”, Norveç İnsan Hüquqları Evindən Anna Bonde bildirib.
 
“Biz beynəlxalq birliyi Azərbaycanla münasibətlərinə yenidən baxmağa və ölkə hakimiyyətini insan haqlarına hörmətlə yanaşmağa, onları məsuliyyətli olmağa və qanunlara kağızda yox, əməldə riayət etməyə məcbur etməyə çağırırıq”, bəyanatda deyilir.
 
Sənədi Article 19, Beynəlxalq İnsan Hüquqları Federasiyası, Helsinki İnsan Hüquqları Fondu, IFEX, Senzura İndeksi, KİV-ə Beynəlxalq Dəstək, Helsinki Komitəsi, Norveç İnsan Hüquqları Evi, Amerika və Böyük Britaniya PEN klubları, “Sərhədsiz reportyorlar” təşkilatı, Ümumdünya İşgəncələr Əleyhinə Təşkiları və başqaları imzalayıb. (amerikaninsesi.org)
 

Google+ WhatsApp ok.ru