27659 şagird buraxılış imtahanı verəcək

27659 şagird buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi aprelin 7-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.
 
DİM-dən ONA-ya verilən xəbərə görə, həmin gün ümumilikdə 27659 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
 
İmtahan saat 11:00-da başlayacaq və 3 saat davam edəcək.
 
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir.
 
İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
 
İmtahanda 27659 nəfər 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.
 
İmtahanların idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 189 imtahan rəhbəri, 2192 nəzarətçi‑müəllim, 207 buraxılışı təşkil edən əməkdaş, 63 bina nümayəndəsi ayrılıb.
 
Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Buraxılış imtahanlarının (qəbul imtahanlarının I mərhələsinin) nəticələri iki il qüvvədə olur və cari və növbəti tədris illərində abituriyentə I, II, III, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında (II mərhələdə) eləcə də V qrup üzrə ali təhsil müəssisələrinin və kolleclərin müsabiqəsində iştirak etmək hüququ verir.
 
V ixtisas qrupu (xüsusi qabiliyyət tələb edən ixtisaslar) və orta ixtisas təhsili müəssisələri üzrə də müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.
 

Google+ WhatsApp ok.ru