3. Kərbəla hadisəsinin kompleksliyi və bütün gözəllikləri özündə cəm etməsi

3. Kərbəla hadisəsinin kompleksliyi və bütün gözəllikləri özündə cəm etməsi

İmam Hüseynin (ə) Aşura vaqiəsinin əbədilik sirləri nədir?!

Hansı səbəblərdən 1400 ildən çox tarixi olan bir hadisə bu günə kimi (və əminliklə deyə bilərik ki, qiyamətə kimi) öz təravət və yeniliyini qorumaqdadır? 

Quran ayələrinə və rəvayətlərə baxan zaman görürük ki, bir nəçə amil Kərbəla hadisəsinin unudulmamasına, hətta ildən ilə daha təravətli olmasına səbəb olmuşdur. İslam düşmənləri, kafirlər, zalımlar və s. nə qədər bu hadisəni unutdurmaq istəsələr də, imam Hüseyn (ə) daha çox qəlblərdə yer almış və müsəlmanların məhəbbətini qazanmışdır. İmam Hüseyn (ə) məktəbini dərk ədənlər, imam Hüseynin(ə) hədəflərini anlayanlar, onu, həyatda örnək qərar vermişlər.

Tarix boyu müxtəlif hökumətlər gəlib getmişdir. Bəni-Üməyyə 1000 ay, Abbasilər isə 5 əsr hakimiyyətdə oldu, ancaq onlardan nə bir əlamət var, nə də onlardan yad olunan var. Lakin Həzrət Əba-Əbdillah (ə) bu hadisədən 14 əsr keçməsinə rəğmən, ildən-ilə daha çox sevilir, daha çox insanların qəlblərində yer edir. Bunun səbəbi nədir? Bunun sirri nədir?

Qarşınızda olan bu məqalədə Kərbəla hadisəsinin 5 əbədilik sirrinə toxunulmuşdur:

3-cü amil – Kərbəla hadisəsinin kompleksliyi və bütün gözəllikləri özündə cəm etməsi

Kərbəla tarixinə müraciət və bu hadisəni diqqətlə mütaliə etdikdə, görürük ki, bu, yalnız tarixi hadisə deyil. Kərbəla hadisəsinin əhatə dairəsi Quranın göstəriş və gözəlliklərini əhatə edən bir mədəniyyətdir. Quranın bütün əxlaqi və etiqadi dərsləri praktiki olaraq Kərbəla hadisəsində cəm olmuşdur. İmam Hüseyn (ə) və vəfalı yar-ənsarı əməli olaraq bütün bu gözəllikləri bəşəriyyətə ərməğan qoydular. Kərbəla hadisəsinin əbədiliyinə səbəb olan bu kamillikdir.

Tarixdə o qədər hadisələr baş verib və əksəriyyəti demək olar ki, unudulub və yaddaşlardan silinib. Lakin Kərbəla hadisəsi hazırkı dövrdə əksər cəmiyyətlərin diqqət mərkəzində qalmaqdadır. Bu, yalnız şiə məzhəbi və məktəbinə aid deyil. Bunu biz digər ayin və dinlərdə də müşahidə edə bilərik.

Bir xristian ingilis qadınının İmam Hüseynin (ə) məzlumiyyətinin Qiyamətə kimi davam etməsi barədə maraqlı bir yanaşması var. Həmin xanım qeyd edir ki, imam Hüseynin (ə) məzlumiyyət qovluğu Qiyamətə kimi bağlanmayacaq. Bu məzlumiyyət Qiyamətə kimi düşüncə və dillərdə qalacaqdır. Səbəbini isə belə izah edir:

"Kərbəla hadisəsində İmam Hüseynin (ə) altı aylıq Əli Əsğər (ə) adlı südəmər bir körpəsi var. Bütün düşüncələr, bəşəriyyətin bütün vicdanlı insanları bir-birindən soruşacaqlar ki, İmam Hüseyn (ə) və onun səhabələrinin düşmənlə mübarizə qüdrəti var idi, ancaq bu altı aylıq körpənin döyüşmə, mübarizə aparma qüdrəti yox idi, bunu niyə belə faciəvi formada şəhadətə yetirdilər?! ("Pişavər gecələri", səh.548.)

Kərbəla vaqiəsində İmam Hüseyn (ə) üzünü rəhmsiz düşmənə tutaraq belə buyurdu:

ارحموا هذا الرضیع اَما ترونه کیف یتلظّی عطشاً

"Bu südəmər körpəyə rəhm edin, görmürsünüzmü susuzluqdan necə ağzını açıb yumur." ("Səhabe-rəhmət", səh.542.)

İmam Hüseyn (ə) rəhmsiz düşmən ordusuna bunu bildirmək istəyirdi ki,  Əli Əsğər (ə) balasına su verilsə də, yenə sağ qalmıyacaq. İmam (ə) düşmən ordusunun iç üzünü göstərmək istəyirdi. Onlar su vermək əvəzinə, üçşöbəli oxla cavab verdilər. İmam Hüseynin (ə) altı aylıq körpəsinin məzlumiyyəti çox ürək yandırandır.

Həmin xristian xanım bunu qeyd edir ki, Əli Əsğər (ə) icazə verməyəcək İmam Hüseynin (ə) məzlumiyyət qovluğu Qiyamətə kimi bağlansın və düşüncələr həmişə bir-birindən bu sualı edəcək ki, altı aylıq bu körpənin məzlumiyyətinin, onun öldürülməsinin səbəbi nə idi?! İnsanlar bu sualın müqabilində haqq və batil cəbhəsini öz ayıq vicdanları ilə tapacaqlar.

Tarix boyu müxtəlif döyüşlər baş verib və hər birinin özünə görə bir mesaj, dərs və ibrəti olub. Bəziləri insana şücaət dərsi verir, bəziləri vəfadarlıq dərsi verir və s. Lakin Kərbəla hadisəsi bir mədəniyyətdir ki,  bütün gözəllikləri özündə cəm edilmişdir.

Kərbəla hadisəsinin dolğunluğunu anlamaq üçün bu hadisəni İslam tarixində baş verən  və çox böyük əhəmiyyət kəsb edən Bədr döyüşü ilə müqayisə etmək istəyirəm.

Bu döyüş hətta meyar olaraq da təyin olunub və Həzrət Məhdinin (ə.c) dostlarının sayını Bədrdə iştirak edən  müsəlmanların sayı qədər, yəni 313 nəfər olacağı vurğulanıb.

Ancaq buna baxmayaraq, Bədr döyüşü ilə Aşura hadisəsinin müxtəlif fərqləri var. Bu bir neçə fərqə diqqət edək:

1-ci fərq:

Bədr döyüşündə iştirak etmək hər bir müsəlmana vacib idi, bu Allah Rəsulu (s) tərəfindən bir əmr idi. Heç kimin döyüşdən üz çevirmək icazəsi yox idi və hamı İslamın qalib olması və yaşaması üçün bu döyüşdə iştirak etməli idi. Ancaq Kərbəla hadisəsi belə deyildi. Kərbəla hadisəsi ixtiyari və seçim əsasında idi. İmam Hüseyn (ə) demədi ki, bu döyüşdə iştirak etmək sizə vacibdir, yoxsa İbn Abbas və Məhəmməd Hənəfiyyə kimi şəxsiyyətlər də bu döyüşdə iştirak edərdilər. Bu döyüşdə insanların sayı azdır. İmam Hüseyn (ə)  tarixdə bir istisnaya imza atmaq istəyirdi. İstəyirdi ki, bu döyüşdə tam azad insanlar iştirak etsinlər və bu azad insanların pak qanları nəticəsində din və məktəb əbədiləşsin və Qiyamətə qədər qalsın. İmam Hüseyn (ə) Kərbəla hadisəsi və Aşura günü ərəfələrində dəfələrlə buna oxşar cümlələr istifadə edib ki: "Mən beyətimi götürmüşəm, kim istəsə gedə bilər. Ancaq elə bir yerə gedin ki, bizim məzlumiyyət səsimizi eşitmiyəsiniz."

2-ci fərq:

Bədr döyüşündə Rəsuli-Əkrəm (s) müsəlmanlara qalibiyyət müjdəsi vermişdi. Lakin Kərbəla hadisəsi belə deyildi. Kərbəla hadisəsində İmam Hüseyn (ə) dəfələrlə öz sahəbələrinə bildirmişdi ki, sizin hamınız (həm Bəni-Haşim gəncləri, həm də səhabələrim) şəhadətə yetişəcəksiniz. Bədr döyüşü ilə Aşura hadisəsinin ikinci fərqi bu idi.

3-cü fərq:

Bədr döyüşündə ("Ali-İmran" surəsinin 124-125-ci ayələrinə əsasən) Peyğəmbəri-Əkrəmin (s) ən azı mələklərdən üç min köməyi  var idi. Lakin Kərbəla hadisəsində İmam Hüseyn (ə) qeybi köməklərdən imtina etdi. Cinlərin köməyindən imtina elədi. Mələklərə o zaman icazə verildi ki, gəlib gördüklər ki, artıq İmam Hüseyn (ə) şəhadətə yetib və başı bədənindən ayrılıb.

4-cü fərq:

Növbəti fərq Bədr döyüşündə Peyğəmbərin (s) səhabələrinin sayı 313 və düşmənlərinin sayı 1000 nəfər olması və Kərbəla hadisəsində İmam Hüseynin (ə) 72 vəfalı səhabəsi və (qeyd edilib) otuz minə yaxın düşmən ordusunun sayı olması idi. 

5-ci fərq:

Bədr döyüşündə iştirak edən döyüşcülər, qəhrəman və döyüşə hazır müsəlmanlar idi. İmam Hüseyn (ə) yarlarından isə 6 aylıq körpədən tutmuş, 11 yaşlı Abdullah ibni Həsən, 13 yaşlı Qasim ibn Həsən və 90 yaşlı qoca bir kişiyə kimi var idi. Həmin kişinin qaşları gözünə düşürdü. Qeyd ediblər ki, döyüş zamanı qaşlarını dəsmal ilə bağladı ki, bunun yaşlı və qoca olması bilinməsin. O yerdə idi ki, imam Hüseyn (ə) öz məzlumiyyəti üçün ağladı.

6-ci fərq:

İmam Hüseynin (ə) düşmənləri Kərbəlada suyu mühasirəyə almışdılar. Su əldə etmək üçün döyüşmək məcburiyyətində idilər. Lakin Bədr döyüşündə elə deyildi. Kifayət qədər döyüşçülərin sudan istifadə etmək imkanları var idi. Bundan əlavə, Bədr döyüşü yay aylarına təsadüf etmirdi, Kərbəla döyüşü isə isti havada baş vermişdi və uşaqların susuzluq naləsi eşidilirdi. Düşmən suyu artıq  Məhərrəm ayının yeddinci günündən  mühasirəyə almışdı.

7-ci fərq:

Sonuncu fərq Kərbəla hadisəsinin mədəniyyət yaratmasıdır. Biz digər döyüşlərdən bir neçə dərs ala biləcəyimiz təqdirdə, Kərbəla hadisəsində bütün dərslər mövcuddur. Kərbəlada istiqamət, səbir, razılıq, eşq, məhəbbət və s. mövcud idi. İslami mədəniyyətin yaranması üçün lazım olan bütün ehtiyaclar var idi.

İmam Hüseyn (ə) tənhalıqda bütün mədəniyyətləri və bütün etiqadi, əxlaqi və ibadi gözəllikləri bəşəriyyətə ərmağan qoymuşdur. Həzrət Əbülfəzl-Abbas (ə) yüzlərlə mədəniyyət yaratmışdır. Tasua günü sağ qolunu verməklə bir dərs yaradır, sol qolunu verməklə bir dərs yaradır, Fərat çayının yanında başqa bir dərs verir və onlarla digər dərslər ərmağan qoyurlar.

Həzrət Zeynəbin (s.ə) tövhid dərsləri qətlgahdan başlayır. Dünyalar qədər sevdiyi qardaşının kənarına gəlir. Baş bədənindən ayrılmış, əli yox, fəqərə sütunları sınıq. Mövlası və sərvəri tanınmayacaq hala düşüb. Həzrət Zeynəb (s.ə) qardaşına müraciət edərək buyurur: "Mənim qardaşım sənsən?! Anamın övladı sənsən?!" Həzrət Zeynəb (s.ə) əlini o bədənin altına aparır və bir az yuxarı qaldırır. Düşmənlər də müşahidə edir ki, Həzrət Zeynəb (s.ə) neynəyəcək? Bu zaman buyurur: "İlahi, bu az miqdarda olan qurbanlığı bizdən qəbul et". ("Suqnameye-ali-Muhəmməd", səh.395.)

Budur tövhidin ən gözəl dərsi. Budur Allahşünaslıq. İlahi, biz Sənin razılığın üçün gəlmişik, biz Sənin üçün qan vermişik. Ancaq yenə özümüzü borclu bilirik. Verdiyimiz yenə də azdır. O zaman idi ki, Həzrət Zeynəb (s.ə) buyurdu : "Kərbəlada gözəllikdən başqa bir şey görmədim."

Nəticə: Kərbəla hadisəsi bütün etiqadi, ibadi və əxlaqi gözəllikləri özündə cəm edərək, bəşəriyyətin Qiyamətə qədər yaddaşlarda qalmasına səbəb olmuşdur.

 

Ardı var...

Öncəki yazını BURADAN oxuya bilərsiz!

Musa Hüseynli (Maide.az)

 

Google+ WhatsApp ok.ru