30 iyul  İmam Sadiqin (ə) şəhadət günüdür

30 iyul İmam Sadiqin (ə) şəhadət günüdür

İMAM SADİQİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Öz həkimanə, məntiqli sözlərinlə zamanın zalımlarını diz çökdürmüş və dincliyini əlindən almışdın. Sən səbr və ixlas təcəssümü, səxavət mənbəyi idin. Ey Mədinə elminin “Günəşi”! Hansı müəllimi göstərmək olar sənin qədər şagird yetişdirmiş və hansı elm ocağını göstərmək olar ki, sənin məktəbinin müqabilində durmuş olsun? Hansı alimdir ki, səndən bəhrələnməmiş elm əldə etsin?
 
Mənsur Dəvaniqi əyninə xilafət libası geyinib özünü haqq göstərsə də sənin uzaqgörən siyasətin nəticəsində onun canavar sifəti üzə çıxmış və İslamın əslində bəşəriyyətin düşməni olan bu zalımı camaata tanıtmışdın. Məhz buna görə də Mənsur Dəvaniqinin zamanı onun zəhərindən daha acı idi. Elə bir zəhər ki, elm günəşinin şüasını söndürmək istəsə də bacaradı. Kafirlər Allahın nurunu öz ağızları ilə söndürmək istəsələr də Allah Öz nurunu tamamlayacaq.
 
Əziz müsəlman bacı və qardaşlar! İmamət səmasının altıncı ulduzu həzrət İmam Sadiqin (ə) şəhadəti münasibəti ilə Maide.az saytının əməkdaşları adından övladı İmam Zamana (əc) və siz əziz möminlərə başsağlığı verir, uca Allahdan hamınıza İmam Sadiqə (ə) zinət verən şiə olmanızı arzu edirik.
 
Hicri 148-ci il şəvval ayının 25-də (30 iyul ) İmam (ə) zəhərələnərək, şəhid edilib. Həzrətin (ə) pak vücudu Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir.
 
 
İMAM SADİQİN (Ə) ŞƏXSİYYƏTİ

Adi: Cəfər;

Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq;

Künyəsi: Əbu-Əbdillah;

Atası: imam Mühəmməd Baqir (ə);

Anası: Qasim ibn Məhəmməd ibn Əbu Bəkrin qızı Fatimə (künyəsi Ümmü-Fərvə);

Doğulduğu gün: 17 Rəbiül-əvvəl;

Doğulduğu yer: Mədinə şəhəri;

Doğulduğu il: 83-cü hicri-qəməri ili;

Şəhid olduğu gün: 25 Şəvval;

Şəhid olduğu il: 148-ci hicri-qəməri ili;

Ömrü: 65 il;

Qatili: Mənsur Dəvaniqi;

Dəfn olunduğu yer: Mədinə şəhəri, “Bəqi” qəbiristanlığı;

Övladlarının sayı: 10 (7 oğul, 3 qız);

Oğulları:

1. İsmail;

2. Əbdüllah Əftəh;

3. Museyi-Kazim (ə);

4. İshaq;

5. Məhəmməd Dibac;

6. Abbas;

7. Əli.

Qızları:

1. Fatimə;

2. Əsma;

3. Ümmü-Fərvə.

 

İMAM SADİQİN (Ə) HƏYATI

 

İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında ikən Mənsur Dəvaniqinin xilafəti dövründə şəhadətə yetmişdir. Müqəddəs məzarı “Bəqi” qəbiristanlığında atası imam Baqirin (ə) məzarının kənarındadır. O həzrətin anası Qasim ibn Məhəmməd ibn Əbu Bəkrin qızı Fərvədir. İmam Baqir (ə) Mədinədə yaşasa da, oğlu imam Sadiq (ə) şiələrin çoxu İraqda olduğundan və ya başqa səbəblərə görə, bir müddət İraqda yaşamışdır. O həzrətin dövründə hökumət Əməvilərin əlindən çıxıb Abbasilərin əlinə keçdi.

 

İMAM SADİQİN (Ə) MÜASİRİ OLMUŞ XƏLİFƏLƏR

 

İmam Sadiq (ə) hicrətin 114-cü ilində Əməvilərin hakimiyyəti dövründə imamətə çatmış, hicrətin 132-ci ilində Əməvilər hakimiyyətinə son qoyulmuş və Abbasilər sülaləsi hakimiyyəti ələ keçirmişdir. O həzrət aşağıda adıçəkilən Əməvi xəlifələrinin müasiri olmuşdur: Hişam ibn Əbdülməlik (105-125 h.q.); Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q.); Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q.); İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin 126-cı ilinin yetmiş gününü); Mərvan ibn Məhəmməd (Mərvani-Himar) (126-132 h.q.). Abbasilərindən isə iki xəlifənin müasiri olmuşdur; Abdullah ibn Məhəmməd Səffah (132-137 h.q.) və Mənsur Dəvaniqi (137-158 h.q.).

 

İMAM SADİQİN (Ə) ƏXLAQİ VƏ ELMİ ŞƏXSİYYƏTİ

 

Şiə etiqadına əsasən, o həzrət Allah tərəfindən imamət məqamına təyin edilmişdir. Əbu Hənifə, Malik ibn Ənəs və bir qrup digər böyük ravilər imam Sadiqi (ə) öz ustad və müəllimlərindən biri olaraq qəbul etmiş və tanıtdırmışlar. Malik ibn Ənəs imam Sadiqin (ə) hüzurunda uzun müddət şagirdlik edən və dərs oxuyanlardan biri kimi, o həzrətin şəxsiyyəti haqqında belə söyləyir: “Bir müddət idi ki, Cəfər Sadiqin (ə) hüzuruna gedirdim. O həzrət zarafatcıl idi və dodaqlarında daim təbəssüm görünürdü. Onun hüzurunda Rəsulullahın (s) adı çəkildikdə, rəngi dəyişərdi. O həzrətin evinə gedib-gəldiyim müddətdə onu həmişə namazqılan, oructutan və Quran oxumaqla məşğul olan halda görürdüm. O, bütün vücudu ilə Allah qorxusunu hiss edən, təqvalı və zahid alimlərdən idi...” (“Ət-təvəssul”, İbn Teymiyyə, s52.)

Tarixi mənbələrdə imam Sadiqin (ə) hüzurunda elm öyrənən və hədis dinləyən kəslərin sayı dörd min nəfər qeyd edilmişdir.

Əbu Hənifə imam Sadiq (ə) haqda belə deyirdi: “Mən fəqihlikdə Cəfər ibn Mühəmməddən (ə) daha üstün bir şəxs görmədim. Şübhəsiz, o, İslam ümmətində hər kəsdən daha çox biliyə malikdir.” (“Əl-məscidul-məsanid”, Əhməd Xarəzmi, c.1, s.222.)

Məşhur tarixçilərdən olan İbn Xülləkan o həzrət haqda belə yazır: “O, imamiyyə şiələrinin on iki imamından biri, Rəsulullahın (s) Əhli-beytinin böyüklərindəndir və doğru danışan olduğu üçün “Sadiq” ləqəbi ilə məşhurdur.” (“Vəfəyatul-əyan”, c.8, s.105.)

İmam Sadiqdən (ə) yalnız “fiqh”lə əlaqədar hədislər deyil, təfsir, kəlam və əxlaq elmi haqqında da qiymətli hədislər əlimizə gəlib çatmışdır.

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru