300 nəfər işsiz qala bilər

300 nəfər işsiz qala bilər

-- zavod qarşısında aksiya keçirilib

Bakının Keşlə qəsəbəsində yerləşən «Bakı İnşaat Sənaye» Açıq Səhmdar Cəmiyyətinin (ASC) işçilərinin mayın 11-də zavod qarşısında aksiya keçirdikləri bildirilir.
 
«Turan» agentliyinin xəbərinə görə, bu barədə məlumatı «Bakı İnşaat Sənaye» ASC- İdarə Heyətinin sədri Ramiz Əhmədov da təsdiq edib. Onun deməsinə görə, aksiyanın keçirilməsinə səbəb «Baku Steel Company» şirkətinin bu zavodu ələ keçirməsidir.
 
R.Əhmədov vurğulayıb ki, zavodda istehsal xətlərinin sökülüb aparılması ilə bağlı məhkəmə qərar çıxarıb və əməkdaşlar hesab edirlər ki, bu qərar qanunsuzdur: «Bu qərar bütün instansiyalar üzrə çıxarılıb. Biz bu qərarları əsaslı saymırıq, eyni zamanda da belə məhkəmə qərarı var. Amma işçiləri də başa düşmək lazımdır, bu, 300 nəfərin iş yerini itirməsi deməkdir».
 
İdarə heyətinin sədri bildirib ki, mayın 10-da ASC-yə məktub göndərilib ki, mayın 11-də xətlər söküləcək, amma öncədən hər hansı xəbərdarlıq olunmayıb: «Xeyli sayda polis, məhkəmə icraçıları ilə gəldilər... İndi sakitlikdir, baxış keçirilir, yəqin yaxın günlərdə də xətti sökərlər. Amma yenə deyirəm ki, bu qərarlar ədalətsizdir».
 
Bu açıqlamaya «Baku Steel Company» şirkətinin rəsmilərindən münasibət almaq mümkün olmayıb.
 
Polad boru istehsalı ilə məşğul olan «Bakı İnşaat Sənaye» ASC 2016-cı ildəki fəaliyyətinin yekunu olaraq səhmdarlarına divident ödəməyə qərar verib. Divident səhmdar cəmiyyətin mənfəətinin hər il səhmdarlara ödənilən hissəsidir. Birinin nominal dəyəri 2 manat olan 130 min 363 ədəd səhmin hər birinə 0.58 manat, yəni ümumilikdə 75 min 610.54 manat divident ödənilməlidir.
 
«Bakı İnşaat Sənaye» ASC 2004-cü ildə yaradılıb. Şirkətin səhmlərinin 61.4 faizi Loğman Zülfüqarlıya, 31.4 faizi Nurəddin Zülfüqarlıya, 7.2 faizə yaxını isə 89 fiziki şəxsə məxsusdur.
 
Zülfüqarlı qardaşları Azərbaycanda iş adamları olublar. «Bakı Elektroştamp» və «Bakı Poladtökmə» və bir sıra başqa müəssisələrin sahibləri olublar.
 
Sonradan onların həbs edildiyi, bu müəssisələrin əllərindən çıxdığı bildirilir.
 
Həbsdən çıxdıqdan sonra Türkiyəyə köçdükləri bildirilən iş adamlarının vəkilləri həmin vaxt deyirdilər ki, onlar məhz əvvəlcə müəssisələrindən könüllü əl çəkmədiklərindən azadlıqlarını itirməli olmuşdular.
 
Bu qardaşlara məxsus «Xəzər-Boru» zavodunun da fəaliyyətinin dayandırıldığı açıqlanmışdı.(azadliq.org)
 
 

Google+ WhatsApp ok.ru