4 vəkilin fəaliyyəti dayandırılıb

4 vəkilin fəaliyyəti dayandırılıb

Vəkillər Kollegiyası Rəyasət Heyəti daha 4 vəkilin fəaliyyətini dayandırıb.
 
Bu haqda Vəkillər Kollegiyasının (VK) sentyabrın 7-də yaydığı məlumatda bildirilir.
 
Vəkillərin cəzalandırılması barədə qərarlar kollegiyanın Rəyasət Heyətinin sentyabrın 6-da keçirilmiş iclasında qəbul edilib.
 
Rəyasət Heyətinin ümumilikdə vəkillər barəsində başlanılmış 24 intizam icraatına baxdığı bildirilir. Yekunda vəkil etikası normalarını pozma adı ilə 7 vəkil barəsində intizam tənbeh tədbiri seçilib. Vəkil etikasına riayət etmədiyinə görə 1 vəkilə irad tutulduğu, nəzakətsiz davrandıqlarına görə 2 vəkilə töhmət verildiyi bildirilir.
 
Bundan əlavə, kollegiyanın 4 vəkilin fəaliyyətinin dayandırılmasına qərar verdiyi qeyd edilir.
 
VK bildirir ki, onlar müqavilə bağlamadan hüquqi yardım göstərdiyinə, müdafiə hüququnun pozuntusuna yol verdiklərinə və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə görə cəzalandırılıblar.
 
VK cəzalandırılan vəkillərin adlarını açıqlamayıb. Bu üzdən onlardan bu məsələyə hər hansı münasibət almaq mümkün olmayıb.
 
Xatırlatma
Vəkillər Kollegiyasında son 7 ayda xeyli vəkilin fəaliyyəti dayandırılıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və başqaları var. Y.İmanov istisna olmaqla, digərlərinin fəaliyyətinə birillik məhdudiyyət tətbiq olunub.
 
Buna qədər isə Aslan İsmayılov, Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilib.
 
Bu yaxınlarda isə vəkil İradə Cavadova cəzalandırılıb.
 
Vəkillər barəsində cəza qərarları, əsasən, hüquq-mühafizə qurumlarının - Daxili İşlər Nazirliyi orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Baş Prokurorluğun müraciətləri əsasında verilib.
 
Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir. Vəkillər Kollegiyası bu iddiaları rədd edir.
 
Bu il, eyni zamanda, Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlərdən ötrü test imtahanı da keçirilib. Bu proses bir neçə il idi dayanmışdı. Hazırda ölkədə mindən çox vəkilin fəaliyyət göstərdiyi bildirilir. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru