4 ailəni xilas edən şəxs danışdı: “Onu tutmaq istəyəndə özünü pəncərədən atdı”

Binəqədi rayonunda yanan binada qəhrəmanlıq göstərən xilasedicilərin arasında sıravi vətəndaşlar da var. 
 
Onlar haqqında sosial şəbəkələrdə şəkillər paylaşılır, məlumatlar verilir. Həmin qəhrəmanlardan biri də 21 yaşlı Kamran Babayevdir. K.Babayev binadan 4 ailəni xilas edib. Ağsu sakinidir və Bakıdakı tikinti şirkətlərindən birində fəhlə kimi çalışır.
 
Maide.az-ın məlumatına görə, Kamran məlum hadisədə gördüyü bütün işləri anbaan aznews.az-a danışıb. O, işə gedərkən rastlaşdığı yanğın hadisəsindən 4 ailəni xilas etdiyini, bununla insanlıq borcunu yerinə yetirdiyini deyir: “Səhər işə gedirdim. Camaat yığışmışdı. Yaxına gələndə binanın yandığını gördüm. Yaxınlaşanda 2-ci mərtəbədən qışqırıq səsləri eşitdim. Qaçdım ki, binaya daxil olum. Gördüm 1-ci mərtəbə yanır. Yerdə nərdivan var idi. Götürüb liftin şüşəsini qırıb düşdüm şaxtaya. Gödəkcəmlə ağzımı bağladım. Trosdan yapışıb 2-ci mərtəbəyə qalxdım. Gördüm 2 uşaq ölüb. Onların meyitini liftin şaxtası ilə çıxartdım. Təzədən qayıdıb girdim binaya. 9-cu mərtəbəyə kimi qalxdım və 4 ailəni xilas etdim”. 
 
K.Babayev deyir ki, 6-cı mərtəbəyə qalxanda artıq ayaqqabıları tamamilə yanıbmış: “6-cı mərtəbədə bacı-qardaş köməksiz qalmışdılar. Onları düşürdüm aşağı. Gördüm ki, ayaqlarım tamam yanıb. Çünki bir az əvvəl ayaqqabılarım alovdan yanmışdı, demək olar ki, ayaqyalın idim. Ona görə, yanğın birbaşa ayağıma təsir edirdi. Amma içəridən səslər gəlirdi deyə, yenə qayıtdım. 9-cu mərtəbəyə qalxdım. Bir evin qapısı bağlı idi. Təpiklə qırdım, girdim evə. Bir azyaşlı pəncərənin qabağında dayanmışdı. Arxadan tutub onu aşağı düşürmək istəyirdim. Amma mən çatana kimi uşaq özünü pəncərədən atdı. O anları sözlə ifadə etmək mümkünsüzdür”. 
 
Kamran 10-cu mərtəbəyə də qalxmaq istədiyini, amma alovun imkan vermədiyini deyir: “Şaxta ilə aşağı düşəndə FHN işçiləri artıq gəlmişdi. Onları məni ərazidən uzaqlaşdırdılar”. Hadisə nəticəsində qəhrəmanımızın əlləri və ayaqları xəsarət alıb. Lakin ona hələ də tibbi yardım edilməyib: “Mən bununla insanlıq borcumu yerinə yetirmişəm. Hələ də heç bir tibbi yardım edilməyib. Heç kimdən kömək də istəmirəm. Gəzə bilirəm, bu mənim bəsimdir”.

Google+ WhatsApp ok.ru