50 faizlik intihar artımı

50 faizlik intihar artımı

-- intihar edənlərin çoxu yaşı 40-a qədər olanlardır

"Azadlıqinfo.az"da diqqəti "Ötən il intiharların sayında 50 faizlik artım olub" sərlövhəli məqalə cəlb edir.
 
Yazıda tanınmış iqtisadçı-alim İbad Qubadoğlunun ölkədə intihar hadisələrinin şərhinə aid düşüncələrinə yer verilib.
 
Q.İbadoğlu rəsmi məlumatlara istinadən intiharı öncə yaş qrupları üzrə təsnif edərək deyir ki, hər 3 gündə 4 nəfər intihar edir, onların 60 faizə qədəri yaşı 40-dan az olanlar, hər 3 nəfərindən 1-i qadın, hər 10 nəfərindən 1-i isə yaşı uşaqdır.
 
"Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə istinadən dərc olunan rəsmi məlumata görə, ötən il 495 nəfər, 2016-cı ildə isə 327 nəfər, bu ilin yanvar ayında 42 nəfər intihar edib. Bu, o deməkdir ki, 2016-cı ildə hər 10 gündə 9 nəfər, ötən il və bu ilin yanvar ayında isə hər 3 gündə 4 nəfər özünə qəsd edib, burada diqqəti 3 məqama cəlb etmək istərdim".
 
Q.İbadoğlu deyir ki, birincisi, ölümlə nəticələnən özünəqəsdlərin sayı artıb, 2016-cı ildə bu, gündə 0,89 idisə, ötən il və cari ildə bu əmsal 1,35-ə qalxıb.
 
İqtisadçı deyir ki, ikincisi, ölümlə nəticələnən özünəqəsdlərin təhlili göstərir ki, intihar edənlərin çoxu yaşı 40-a qədər olanlardır: "Belə ki, bu ilin yanvar ayında dünyasını dəyişənlərin 59 faizinin yaşı 40-dan az olub. Ötən ay intihar edənlərin hər 3 nəfərindən 1-i qadın, hər 10 nəfərindən 1-i isə uşaq olub".
 
Nəhayət, üçüncüsü, intihar edənlərin əksəriyyəti dolanışıq vəziyyəti və güzəranı pis olan yoxsullar, borclular və işsizlərdir: "Cəmiyyətdəki naqislik, ədalətsizlik, məhkəmələrdə haqqın tapdanması, qanunların işləməməsi, dövlət orqanlarının üzərinə düşən vəzifəsini layiqincə yerinə-yetirməməsi, məmur özbaşınalığı və sair amillər insanları intihara sövq edən əsas inzibati səbəblər hesab oluna bilər". İqtisadçı intiharların səbəblərini belə gördüyünü bildirir.
Q.İbadoğluna görə, ölümlə nəticələnən özünəqəsdlərin statistikası həyacan təbili çalmaq üçün tələb olunan həddi çoxdan ötüb, amma hələ də həm hakimiyyət, həm də cəmiyyət bu məsələdə müşahidəedici və laqeyd mövqe tutur.
 
İqtisadşı hesab edir ki, bu dəhşətli statisikanın təsdiq etdiyi ucuz ölümün səbəbləri ciddi araşdırılmır və qabaqlayıcı tədbirlər görülmür.
 
Q.İbadoğlu hesab edir ki, vətəndaş cəmiyyətinin sıradan çıxarılması bu sahədə aparılan ictimai işlərin də səviyyəsinə mənfi təsir göstərib, hakimiyyətə gəlincə, orda bu məsələnin araşdırılmasını ortaya qoymağa cəsarət göstərən şəxsin olmadığını bildirir.
 
İqtisadçı vurğulayır ki, ölümlə nəticələnən özünəqəsdlərlə yanaşı, intihara cəhd edənlərin sayında da artım dinamikası müşahidə ounur.(contact.az)
 

Google+ WhatsApp ok.ru