5 manata satılan iş dəftərinin qiyməti cəmisi 50 qəpik təşkil edirmiş

Nabatəli Qulamoğlu: «Bu işi korrupsiya obyektinə çeviriblər»

Yeni dərs ili başlar-başlamaz, valideynlərin qayğıları birə-beş artır. Müxtləif sosial təbəqələri təmsil edən əhali qrupu məktəb lavazimatlarının alınması mərhələsini  birtəhər adlayandan sonra növbəti  mərhələlər başlayır. Bu da dərsliklərə əlavə edilən iş dəftərləri, test kitabları və qiymətləndirmə dərslikləridir.
Təhsil Nazirliyi ölkənin orta ümumtəhsil məktəblərini pulsuz dərsliklərlə  təmin etdiyini söyləsə də, problem bütövlükdə həll edilməyib. Məktəblərdə bir neçə dərslik çatışmazlığı var ki, bu da  əsasən, xarici dil dərslikləriylə bağlıdır.  Lakin rus dili, ingilis dili dərsliklərini  öz vəsaitiylə alan  valideynlərin işi təkcə bu iki kitaba pul xərcləməklə bitmir. Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, rus və ingilis dilləri, informatika dərsliyi üçün demək olar, hər il yeni  iş dəftəri tələb edilir.
 
Qiymətləndirmə testlərini də bu sıraya əlavə etsək, bir şagirdin oxuması üçün valideynin nə qədər pul xərclədiyi tamam aydın olar. Belə ki, 1-ci sinifdən tələb edilən iş dəftərlərindən istifadə etmək məcburiyyəti  4-cü sinfə kimi davam edir. Təkcə 4-cü sinif üçün azərbaycan  dili və riyaziyyat iş dəftərlərinin qiyməti  ayrılıqda 5 manatdır.  Hər il baş verən və sosial təminatı müxtəlif olan ailələrin probleminə çevrilən bu məsələdən narazı qalan valideynlər isə şikayət üçün bəlli bir ünvan tapmır. Çünki Təhsil Nazirliyi iş dəftərlərinin alınmasını məcburi saymır. Müəllimlər isə iş dəftərlərinin dərsliklərlə paralel istifadə edildiyini deyərək validenləri bu işə bir növ,  məcbur edir.
Redaksiyamıza bu yöndə olan şikayətləri əsas tutaraq iş dəftərlərinin əslində neçə manata başa gəldiyini araşdırdıq. Bəlli oldu ki, 5 manata satılan iş dəftərinin qiyməti cəmisi 50 qəpik təşkil edir. Yəni bir iş dəftərinə çəkilən xərc qəpiklə ölçüldüyü halda, bundan dəfələrlə çox, şişirdilmiş bir qiymətə təklif edilir.
 
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu söyləyir ki, əslində, bu məsələ dövlətin məsuliyyətində olmalıdır. Dövlətin məktəbləri dərsliklərlə pulsuz təmin etdiyini deyən ekspert, şagirdlərin iş dəftəriylə təminatını da bu formada daha məqbul sayır. Ekspert orta məktəb rəhbərləriylə nəşriyyatlar arasında hansı maxinasiya və sövdələşmələrin getdiyinin araşdırma mövzusu olmasına da toxunur:
“Təhsil müəssisələrinin əksəriyyəti nəşriyyatlarla işləyir, onlara haqq verir, nəşriyyatın malını alır və şagirdlərə satır. Orta məktəblərdə korrupsiyanı ləğv etməkdə maraqlıdırlarsa, şagirdlərin iş dəftərlərinə olan ehtiyacı dövlətin təminatına verilməlidir. Əslində, iş dəftərlərinin qiyməti baha başa gəlmir. Amma reallıqda vəziyyət bambaşqadır. Neçə illərdir ki, iş dəftərlərinin ətrafında uzun-uzadı müzakirələr gedir. Bu işi korrupsiya obyektinə çeviriblər. Məgər dövlət bunu bilmir? Təhsil müəssisələrinin bir hissəsi bu məsələylə mübarizə apardığını deyir, digər qism isə korrupsiyaya bulaşıb. Dövlət istəsə bunu qaydaya salar, görünür, bu iş kiminsə marağında deyil”. (azadliq.info)

Google+ WhatsApp ok.ru