5 milyard manat da belə getdi...

Azər Mehtiyev: `Ötən il ölkədə ”sənaye ili` olsa da, il ərzində bu istiqamətdə həyata keçirilən işlərin əksəriyyəti təşviqat və görüntü xarakterli daşıyıb`

Bu ilin yanvar-avqust aylarında istehsal edilmiş sənaye məhsullarının dəyəri ötən illə müqayisədə 5 milyard manat az olub.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il sözügedən dövrdə 17,6 milyard manatlıq, ötən ilsə 22,6 milyard manatlıq sənaye məhsulu hazırlanıb.
 
Məhsulun əsas hissəsi neft və qaz sektorunun payına düşüb.
 
Neftdənkənar sənayenin artması azalmaya mane olmayıb.
 
Məlumdur ki, 2014-cü il Azərbaycanda “Sənaye ili” adlanıb. Sənayenin inkişafı hökumətin üstün diqqət sahələrindəndir.
 
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında sənaye sektoru, özəlliklə qeyri-neft sənayesinin irəliləməsi hədəf sayılsa da, ekspertlərin fikrincə, sənaye sektoru neftdən asılığını aradan qaldırmayıb.
 
2015-ci ilin ilk 8 ayında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 11,3 faiz artsa da, bu, ümumi azlmaya mane ola bilməyib.
 
İqtisadçı ekspert Azər Mehtiyev düşünür ki, sənaye məhsulu istehsalındakı azalma neft sektoru hesabına baş verib: “Ölkədə neft hasilatı azalıb. Amma qeyri-neft sənayesində istehsalın artdığı bildirilir. Ötən il ölkədə ”sənaye ili" olsa da, il ərzində bu istiqamətdə həyata keçirilən işlərin əksəriyyəti təşviqat və görüntü xarakterli daşıyıb.

Real proseslər, əsasən, inhisarçı-oliqarx qrupların nəzarəti altında baş verib və sənayedə müstəqil sahibkarlığın və rəqabətin inkişafına yönəlməyib. Rəsmi məlumatlara əsasən, ötən il yerli istehsalın inkişafı ilə əlaqədar bir sıra məhsulların ölkəmizə idxalı azalıb.

Bu azalma, əslində, rəqabət şəraitində baş verməyib, sadəcə, yerli müəssisələrin istehsala başlaması həmin məhsulların ölkəyə gətirilməsinə qadağaları gücləndirilib. Bu da onu göstərir ki, hökumət yerli istehsalı rəqabət mühitinə uyğunlaşdırmaq istəmir. Əksər belə müəssisələrin məhsulları ya dövlət sifarişi ilə alınır, ya da bunlara məcburi sifarişlər formalaşdırılır".
 
Azər Mehtiyevin fikrincə, neftin ucuzlaşması və hasilatın azalması həmin sektorda istehsalı daha da aşağı salacaq: “Eyni zamanda dövlət xərclərinin azalması qeyri-neft sənayesində də artım templərini azaldacaq”.

Google+ WhatsApp ok.ru