6 il ərzində Kür suyunun həcmi 25 faiz azalıb

6 il ərzində Kür suyunun həcmi 25 faiz azalıb

2014-cü ildən başlayaraq son 6 il ərzində Azərbaycana daxil olan Kür suyunun həcmi 25 faiz azalıb.
 
Maide.az-ın məlumatına görə, bunu AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov deyib.
 
O, Kür çayı suyunun ölkəmizə cəmi dörddə birinin çatdığını söyləyib.
 
Alim çayda suyun azalmasının səbəblərini açıqlayarkən bildirib ki, Azərbaycanın su ehtiyatının 70 faizi qonşu ölkələrdə formalaşıb gələn suyun səviyyəsindən asılıdır.
 
Bir neçə gün qabaq akademik Ramiz Məmmədovla Kürətrafı ərazilərdə çayı tədqiq edərkən Neftçala, Salyan rayonlarında 60 km. ərazidə Xəzərin Kürə qarışdığını müşahidə etdiklərini deyən mütəxəssis sakinlərin şirin su qıtlığından əziyyət çəkdiklərini qeyd edib.
 
Alim yaranmış vəziyyəti düzəltmək üçün təcili olaraq Kürün deltasını Xəzər dənizinə qovuşan yerdə asılı materiallardan və gildən təmizləməyin vacib olduğunu vurğulayıb. Əks təqdirdə, Kürün suyu artarsa, bu, daşqınlara səbəb ola bilər.
 
M.Həsənov bildirib ki, qlobal istiləşmə ilə əlaqədar buxarlanmanın artması, buzlaqların, eləcə də yağıntıların azalması da Kürdə suyun səviyyəsini aşağı salan səbəblərdəndir.
 
Alim, həmçinin istifadə olunmuş suyun təmizləndikdən sonra dənizə axıdılmasını israfçılıq hesab edərək onun təkrar emalını məqsədəuyğun hesab edir və hamını suyun istifadəsində qənaətcil olmağa səsləyir.
 

Google+ WhatsApp ok.ru