8348 çayı olan bölgələrimizin içməli su problemi

8348 çayı olan bölgələrimizin içməli su problemi

Ekspert: “Kənd təsərrüfatını inkişaf etdirmək niyyəti varsa, o zaman əhalini, əsasən də kənd yerlərini su ilə təmin etməlidirlər”
 
Azərbaycanda bir çox kəndlərdə hələ də su problemi yaşanır. Söhbət təkcə dağlıq ərazilərdən getmir, hətta Kür çayının ətrafında yerləşən kəndlərdə belə insanlar içməli su problemi ilə üz-üzə qalıblar. Məsələn, Sabirabad rayonunun Kür çayı ətrafında yerləşən əksər kəndlərini göstərə bilərik ki, orada əhali illərdir ki, süni formada qazılmış arxlarla gələn, təmizlənməmiş su içirlər. Kür çayının daşdığı yaz aylarında isə vəziyyət qəlizləşir və su daha da çirklənir.
 
Dağlıq ərazilərdə isə problem başqadır. Burada insanlar çirkli suya da həsrət qalıblar. Misal kimi Şimal rayonlarının kəndlərini, Ağdamın Baharlı qəsəbəsini və sairə göstərə bilərik. Çox uzağa getməyək, Bakının 200 minə yaxın əhalisi olan Binə qəsəbəsinin də böyük bir hissəsi illərdir ki, həyətlərində qazdırdıqları su quyuları vasitəsilə içməli su əldə edirlər. Hər qazılan quyudan su çıxmır, quyunu qazdırmaq isə vətəndaşa 400 manata başa gəlir.
 
Bəs kəndləri necə içməli su ilə təmin edək?
“Yeni Müsavat”a danışan ekoloq Telman Zeynalov bildirib ki, əslində Azərbaycanda bütün kəndləri içməli su ilə təmin etmək mümkündür:
“Kənd təsərrüfatını inkişaf etdirmək niyyəti varsa, o zaman əhalini, əsasən də kənd yerlərini su ilə təmin etməlidirlər. Bunu da adi vətəndaşlar deyil, yerli icra hakimiyyətləri etməlidirlər. Bəzi əraziləri artezian quyuları vasitəsilə su ilə təmin etmək olar. Bunu da etmək vətəndaşın deyil, dövlətin öz işidir. Prezident bu barədə dəfələrlə sərəncam verib ki, kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Prezident yanında qeyri-hökumət təşkilatları olmalıdır və sərəncamlar yerinə yetirilmədiyi təqdirdə bunları dövlət başçısına çatdırmalıdırlar. Azərbaycanda 8348 irili-xırdalı çay var. Bu isə onu göstərir ki, ölkənin kəndlərini, əhalisini içməli su ilə təmin etməkdə problem olmamalıdır. Sadəcə olaraq doğru sistem qurmaq lazımdır. Suyu da pulla satırlarsa, vəziyyət başqa cür ola bilməz. Bir məsələ də var ki, 5 il öncə Abşerona Oğuz-Qəbələ su kəmərini çəkdilər. Bunun da xeyli fəsadları oldu. 248 artezian quyusu qazıb, yerin altından suyu çəkib Bakıya gətirirlər. Onu da qablara doldurub satırlar. Bax, problemlər həm də belə şeylərdən qaynaqlanır ki, dağlıq yerlərdə su tapılmır. Lakin zaman keçdikdə bütün bu məsələlər həllini tapacaq. Bu templə isə proses xeyli zaman alacaq”.
 
Məsələ ilə bağlı “Azərsu” ASC ilə də əlaqə saxladıq. Qurumdan bildirdilər ki, prezidentin müvafiq sərəncamına uyğun olaraq bu istiqamətdə işlər görülüb və görülməkdədir: “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Əhalisinin sayı 579 min nəfərdən çox olan 28 şəhər və rayon mərkəzində içməli su təchizatı sistemi yenidən qurulmuş, 24 rayonun 620 min nəfərdən çox əhalisi olan 384 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Bundan başqa 49 rayonun 360 min nəfərdən çox əhalisi olan 343 yaşayış məntəqəsində içməli su təchizatı sistemi qurulub.
 
Hazırda 790 min nəfər əhalisi olan 16 şəhər və rayon mərkəzində içməli su təchizatı sisteminin yenidən qurulması, 15 rayonun 77 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işləri aparılır".
 
Bundan başqa ölkə başçısının 17 mart 2017-ci il tarixli sərəncamı ilə 170 yaşayış məntəqəsinin su təchizatının yaxşılaşdırılması üçün 14,0 (on dörd) milyon manat vəsait ayrılıb. (musavat) /

Google+ WhatsApp ok.ru