91 il əvvəl Dağlıq Qarabağ vilayəti yaradılıb

Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş sülh danışıqlarında bölgənin gələcək statusu əsas müzakirə mövzusudur. Azərbaycan hakimiyyəti dünyada mövcud olan modelləri əsas götürərək Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verməyə hazır olduğunu bildirir.
 
Bəs bu bölgənin əvvəlki statusu necə idi?
 
1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. 1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib. Beləliklə, muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib. Belə ki, 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qüvvədən salınıb.
 
Maide.az Dağlıq Qarabağ muxtariyyətinin sonuncu rəsmi statusunu müəyyənləşdirən, 1981-ci il iyunun 16-da qəbul olunmuş “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanundan seçmələri təqdim edir.
 
4 fəsildən, 68 maddədən ibarət “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanunun “Ümumi qaydalar” adlı I fəslində belə müddəalar yer alır:
 
Maddə 1. Muxtar vilayət
 
Muxtar vilayət sovet muxtariyyəti formasıdır.
 
SSRİ Konstitusiyasına və Azərbaycan SSR Konstitusiyasına müvafiq surətdə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR tərkibindədir.
 
Maddə 2. Dağlıq Qarabağ Muxtar Vİlayəti haqqında SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi
 
SSRİ Konstitusiyasına və Azərbaycan SSR Konstitusiyasına müvafiq surətdə Dağlıq Qarabağ Muxtar Vilayətinin hüquqi vəziyyəti bu Qanunla, SSR İttifaqının və Azərbaycan SSR-nin digər qanunvericilik aktları ilə müəyyən edilir. 
 
Maddə 3. Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi quruluşu məsələləri
 
Dağlıq Qarabağ Muxtar Vilayətində Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və vilayət tabeli Stepanakert şəhəri vardır.
 
Muxtar vilayətin ərazisi Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin razılığı olmadan dəyişdirilə bilməz.
 
Muxtar vilayətin sərhədlərinin dəyişdirilməsi, rayonlarının, şəhərlərinin, qəsəbələrinin və digər yaşayış məntəqələrinin təşkil və ləğv edilməsi, adlandırılması və adlarının dəyişdirilməsi, habelə muxtar vilayətin rayonlarının inzibati mərkəzlərinin müəyyən olunması və başqa yerə keçirilməsi SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilən qaydada təmin olunur.
 
Muxtar vilayətin inzibati ərazi quruluşu məsələləri muxtar vilayətin müvafiq dövlət orqanlarının rəyi nəzərə alınmaqla həll edilir.
 
Maddə 6. Dağlıq Qarabağ Muxtar Vilayətindən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədri müavininin seçilməsi
 
Azərbaycan SSR Konstitusiyasının 113-cü maddəsinə müvafiq surətdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavinlərindən biri Dağlıq Qarabağ Muxtar Vilayətindən seçilir.
 
Maddə 7. Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan vətəndaşların hüquq bərabərliyi
 
Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan sovet vətəndaşlarına mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinindən, dinə münasibətindən, məşğuliyyət növündən, xarakterindən və digər hallardan asılı olmayaraq SSRİ Konstitusiyasına və Azərbaycan SSR Konstitusiyasına müvafiq surətdə iqtisadi, siyasi, sosial və mədəni həyatın bütün sahələrində hüquq bərabərliyi, habelə ana dilindən və SSRİ-nin bütün xalqlarının dillərindən istifadə etmək imkanı təmin edilir.
 
Maddə 9. Dağlıq Qarabağ Muxtar Vilayətinin büdcəsi
 
Dağlıq Qarabağ Muxtar Vilayətinin büdcəsi Azərbaycan SSR dövlət büdcəsinin tərkib hissəsidir.
 
Muxtar vilayətin büdcəsi Azərbaycan SSR dövlət büdcəsində ayrıca göstərilir.
 
Vilayət Soveti ərazisində yerləşən respublika tabeli müəssisələrin və təsərrüfat təşkilatlarının mənfəətinin bir hissəsi muxtar vilayətin büdcəsinə verilir. Göstərilən ayırmaların miqdarı və onların büdcəyə daxil edilməsi qaydası Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur.
 
Muxtar vilayət büdcəsi mədaxilinin yaranmasında ittifaq tabeli müəssisələr və təsərrüfat təşkilatları da iştirak edirlər. Bu iştirakın forma və metodları SSRİ qanunvericiliyi ilə müəyyən olunur.
 
Qanunun II fəsli “Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti” adlanır. Həmin fəsildə belə müddəalar yer alır:
 
Maddə 10. Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti dövlət hakimiyyəti orqanıdır
 
SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyasına müvafiq surətdə Dağlıq Qarabağ Muxtar Vilayətində dövlət hakimiyyəti orqanı Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetidir.
 
Maddə 11. Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin seçilməsi qaydası
 
Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında iki il yarım müddətinə seçilir...
 
Qanunla Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinə 22 səlahiyyət verilib. Onların içində bu səlahiyyətlər də var:
 
- Planlaşdırma, maddi-texniki təchizat, uçot və hesabat sahəsində səlahiyyət
 
- Büdcə-maliyyə işi sahəsində səlahiyyət
 
- Qiymətlər sahəsində səlahiyyət
 
- Müdafiə işi sahəsində səlahiyyət
 
- Seçkilərin təşkili sahəsində səlahiyyət
 
- Dövlət mükafatları ilə təltif sahəsində səlahiyyət
 
Qanunun “Daglıq Qarabağ Muxtar Vilayətinin digər dövlət orqanaları” adlı III fəslində belə müddəalar yer alır:
 
Maddə 63. Dağlıq Qarabağ Muxtar Vilayəti vilayət məhkəməsi
 
Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti beş il müddətinə Dağlıq Qarabağ Muxtar Vilayətinin vilayət məhkəməsini seçir.
 
Dağlıq Qarabağ Muxtar Vilayəti vilayət məhkəməsinin sədri vəzifəyə görə Azərbaycan SSR Ali Məhkəməsinin tərkibinə daxildir.
 
Maddə 64. Dağlıq Qarabağ Muxtar Vilayətində mühakimə icraatı
 
Dağlıq Qarabağ Muxtar Vilayətində mühakimə icraatı Azərbaycan SSR Konstitusiyasının 171-ci maddəsinə uyğun olaraq muxtar vilayətin dilində və ya Azərbaycan dilində, yaxud da müəyyən ərazidəki əhalinin əksəriyyətinin dilində aparılır. İşdə iştirak edən, mühakimə icraatının aparıldığı dili bilməyən şəxslərin tərcüməçi vasitəsilə işdəki materiallarla bütünlüklə tanış olmaq hüququ, məhkəmə işində iştirakı və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir.
 
Maddə 65. Dağlıq Qarabağ Muxtar Vilayəti prokuroru
 
SSRİ Konstitusiyasına və Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti prokuroru SSRİ baş prokuroru tərəfindən təyin edilir.
 
Qanunun “Son qaydalar” adlı IV fəslində belə müddəalar yer alır:
 
Maddə 66. Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Qanunun qəbul edilməsi
 
SSRİ Konstitusiyasına və Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Qanun Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin təqdimatına əsasən Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilir.
 
Maddə 67. Hüquqi şəxs hüquqlarından istifadə
 
Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti hüquqi şəxs hüquqlarından istifadə edir.
 
Vilayət Soveti İcraiyyə Komitəsinin Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindın təsdiq edilən nümunə üzrə gerbli möhürü vardır.
 
Maddə 68. Dövlət bayrağının qaldırılması
 
Azərbaycan SSR Dövlət bayrağı haqqında Əsasnaməyə müvafiq surətdə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti sessiyasının keçirildiyi bina üzərində sessiyanın keçirildiyi bütün müddət üçün, Vilayət Soveti İcraiyyə Komitəsinin binası üzərində isə daimi olaraq Azərbaycan SSR Dövlət bayrağı qaldırılır.
 
Vilayət Soveti İcraiyyə Komitəsinin binası üzərində SSRİ Dövlət bayrağı SSRİ Dövlət bayrağı haqqında Əsasnamə ilə müəyyən edilmiş qaydada qaldırılır.
 
1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qüvvədən salınıb və onun ərazisini qonşu Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürüb.
 
Bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətində Əsgəran, Hadrut (1923-cü ilədək adı Ağoğlan olub), Mardakert (Ağdərə), Martuni (Xocavənd), Şuşa rayonları və vilayət tabeli Stepanakert (Xankəndi) şəhəri daxil idi. Hazırda keçmiş Dağlıq Qarabağ muxtar vilayəti və onun ətrafında daha 7 rayon tam və ya qismən erməni işğalındadır.

Google+ WhatsApp ok.ru